VHP sədri Fransada

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Avropada fəaliyyət göstərən İran müxalifət təşkilatlarının dəvəti ilə avqustun 12-də Fransaya səfər edib.

 Sabir Rüstəmxanlı avqustun 13-də Parisin ən gözəl tarixi salonlarından birində 2 min nəfərdən artıq müsəlman üçün verilən iftar mərasimində çıxış edib. Yerli nümayəndələrdən əlavə Əfqanıstan, İran, İraq, Suriya, Livan, İordaniya, Fələstin, Küveyt, Misir, Tunis, Liviya, Mərakeş və başqa İslam ölkələri parlament deputatları, səfir və diplomatlarının, eləcə də bir sıra tanınmış mətbuat orqanı təmsilçilərinin qatıldığı bu mərasimdə millət vəkili Sabir Rüstəmxanlı iştirakçıları Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan müsəlmanları adından Ramazan ayı münasibətilə təbrik edib, bu müqəddəs günlərin onlara xeyir-bərəkət və bütün insanlara əmin-amanlıq gətirməsini arzuladığını bildirib.

 Bölgədəki və İslam aləmindəki durumdan bəhs edən Sabir Rüstəmxanlı «islam» və «terror» anlayışlarının qarşılaşdırılmasından, İslamın siyasiləşməsindən və bu yolla müsəlman aləmində böyük insan tələfatına yol açan aqressiyalardan, İslamı bir din olaraq gözdənsalma cəhdlərindən narahatlığını dilə gətirib. Bu baxımdan əlaqələrin gücləndirilməsi, İslam dəyərlərinin qorunması, tanıdılması və təbliğində vahid mövqenin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın 20 faiz ərazisini işğal edən Ermənistana münasibətdə və Dağlıq Qarabağ probleminin ədalətli həllində beynəlxalq hüququn işə düşməməsini, bir milyondan artıq qaçqın-köçkünün dərdini qeyd edən S.Rüstəmxanlı bu işğalın aradan qaldırılmasında müsəlman ölkələrinin və təşkilatlarının fəallıq göstərməsinin vacibliyini söyləyib: «Təəssüf ki, bir sıra İslam ölkələri problemin mahiyyətini bilmir və ya özlərini seyrçi kimi aparırlar. Azərbaycan İslam ölkələrinə göstərdiyi diqqət və qayğıya adekvat cavab gözləsə də, çox zaman biz bu qarşılığı almırıq» – deyən natiq eyni zamanda bəzi İslam ölkələrinin hətta işğalçıya yardım etdiyini diqqətə çatdırıb: «Beynəlxalq hüquq normalarını pozan, Azərbaycan ərazisini işğal edən, bir milyondan artıq müsəlmanı qaçqın salan, onminlərlə azərbaycanlı müsəlmana qarşı soyqırım həyata keçirən Ermənistana İran İslam Respublikasının yardım göstərməsi, İran rəsmilərinin Azərbaycana münasibətdə məsuliyyətsiz və heç bir ölçüyə sığmayan, dövlətçiliyi təhdid edən açıqlamaları İslam vəhdətinə zərbə və ümumilikdə İslam dünyasına xəyanətdir».

 Parisdə yaşayan, iftar məclisində iştirak edən Asiya, Avropa və Afrika əsilli müsəlmanlar Sabir Rüstəmxanlının çıxışını maraqla qarşılayıb və dəstək fikirlərini bildiriblər.

 Daha sonra Sabir Rüstəmxanlının Əfqanıstan, İraq, İordaniya, Mərakeş və digər ölkələrdən gələn deputat və diplomatlarla geniştərkibli görüşü keçirilib.

Bütöv yazını göstər
Back to top button
Close