VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ

MANİFESTİ

Həmrəylik ideyası Vətəndaş Həmrəyliyi Partiyasının əsas ideyası olaraq universal xarakter daşıyır. Bu gün dünya qarşısında duran iqtisadi və ekoloji böhranlar, humanitar problemlər xalqların həmrəy mübarizəsini tələb edir. Azərbaycan dövlətini ağır vəziyyətdən yalnız vətəndaşların həmrəy mübarizəsi çıxara bilər. Yalnız bu yolla biz torpaqlarımızı azad edər, ölkəmizdə demokratik üsul-idarə qura bilərik.

Həmrəylik – azadlıq, bərabərlik məqsədlərinə çatmaq, bu dəyərləri gerçək məzmunla doldurmaq üçün insanların birgə fəaliyyətidir.

Həmrəylik – bütün bölgə və təbəqələrin milli məqsədlər uğrunda birləşməsidir.

Həmrəylik – zəiflərə himayə, qarşılıqlı yardım deməkdir.

Vətəndaş Həmrəyliyi Partiyasının əsas ideoloji prinsipləri:

  • etnik kimliyindən asılı olmayaraq, bütün vətəndaşların həmrəyliyinə nail olmaq;
  • onların maddi və mənəvi birliyini, rifahını və səadətini yaratmaq;
  • sosial ədaləti təmin etmək;
  • hər kəsin hüquq, haqq və azadlıqlarına müdaxilənin qarşısını almaq;
  • plüralizm və qanunun aliliyini saxlamaq;
  • söz, ifadə və fikir azadlıqlarını təmin etmək.

VHP-nin əsas məqsədi Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün təbəqələrdən olan Azərbaycan Respublikası vətəndaşlarını birləşdirməkdir.

 VHP:

  • ölkədə milli birlik və həmrəylik prinsipini əsas tutan;
  • qanunun aliliyini və ictimai ədaləti qoruyan;
  • hürriyyəti, özgürlüyü, rifahı, firavanlığı, cəmiyyətdə sərbəst fəaliyyət imkanını hər bir insanın təməl haqqı hesab edən;
  • hər cür bölücülüyə qarşı olan, Azərbaycanın bütün vətəndaşlarının haqqını tanıyan;
  • haqq və həqiqət anlayışlarını ən üstün mənəvi dəyərlər sayan;
  • vətəndaşlarını Azərbaycanın ən böyük neməti olaraq yüksək dəyərləndirən, onun yaradıcılıq, mənəviyyat və əxlaq gücünə inanan, bu gücün artmasına çalışan;
  • hər bir vətəndaşın ölkənin imkanlarından bərabər hüquqla istifadəsini istəyən;
  • milli mədəniyyəti və dünyanın mütərəqqi dəyərlərini uca tutan, bu mədəniyyəti inkişafın təməli sayan və öz fəaliyyətini də yüksək siyasi mədəniyyət tələblərinə uyğunlaşdıran;
  • müasirliklə, çağdaş dünya tələblərinə uyğun inkişafla pozitiv mühafizəkarlığı – milli adət-ənənələrin, dil və mədəniyyətin, tarixi gələnəklərin qorunmasını vəhdətdə görən;
  • yurd və millət sevgisini ölkənin müasir dövrdə özünüqoruma və inkişafının, dünya dövlətləri arasında rəqabətə duruş gətirmə qabiliyyətinin artırılması, milli ləyaqət və şüurun yüksəldilməsi yolunda ən təsirli təşkilatlandırma və yönəltmə gücü sayan;
  • milli dövləti xalqın varlığı və inkişafı yolunda ən zəruri milli iradə forması və təşkilatı sayaraq dəyərləndirən;
  • xalq seçimini, demokratiyanı, fikir və söz azadlığını, etibarlı sosial siyasəti milli dövlət idarəçiliyinin ən başlıca vəzifəsi hesab edən;
  • iqtisadi siyasəti müstəqil və firavan yaşamanın əsas vasitəsinə çevirmək istəyən;
  • çağdaş texnologiya əsasında qurulan milli iqtisadiyyatın hər cür haqsız rəqabətdən, monopoliya, korrupsiya və gizli iqtisadiyyatdan qorunmasını güclü dövlətin əsas təməllərindən biri kimi önə çəkən;
  • “millət dövlət üçün deyil, dövlət millət üçündür” prinsipinə söykənən;
  • milli və ümumbəşəri dəyərlərin qorunmasını cəmiyyətin təkamülü üçün vacib hesab edən;
  • milli ideallara xidməti müqəddəs vəzifə sayan və bu məqsədlə ölkənin Konstitusiyası çərçivəsində mübarizə aparan bir partiyadır.
Back to top button
Close