VHP sədri 8 mart münasibəti ilə qadınları təbrik etdi

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan xanımlarını təbrik edib. Təbrikdə deyilir:

“Əziz xanımlar, analar və bacılar!

Hər birinizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, sizlərə can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram.

Əslində, sizləri ildə bir dəfə yox, hər gün, hər an təbrik etmək bizim insan kimi, qardaş, ata, oğul kimi borcumuzdur. Çünki biz həyatda qazandığımız hər şeyə görə sizlərə minnətdarıq: bu millətin adı, dili yasaq olanda, onu analarımızın laylasından, bayatılarından, ağılarından öyrəndik; əsarət altında, milli kimliyimiz unutdurulanda adət-ənənəmizi, varlığımızı öz isməti, əxlaqı ilə analarımız, bacılarımız yaşatdı.

Sizlər bu millətin azadlıq mübarizəsində həmişə sıralarımızda olmusunuz və hədəflərimizə çatmağımızda əvəzsiz xidmətləriniz sayılmaqla bitməz; bu gün də vətəndaş cəmiyyəti quruculuğunda, sosial-siyasi sorunların həllində dayanmadan çalışırsınız.

Cəmiyyətin elə problemləri var ki, onu duymaq yalnız ana ürəyinə nəsib olur, ona yanmaq da, onun həlli də sizlərin əlindədir. Sizlərin fəallığı, mövqeyi, ürəyi olmadan biz bir çox sorunların öhdəsindən gələ bilməzdik.

Hər bir kişinin arxasında bir qadın dayanır. Biz ona görə vüqarlı, qürurluyuq ki, sizlər varsınız; ocağımızın odu, qəlbimizin fərəhi, evimizin, ailəmizin təməli sizsiniz! Yalnız o ev doğmadır ki, orda ana ətri, ana nəvazişi, ana hərarəti var; yalnız o iş hədəfə varır ki, orda ana xeyir-duası, ana istəyi var.

Əliniz Allah dərgahında, gecə-gündüz etdiyiniz alqışlardır bu milləti qoruyan, sizin dularınızdır bizi yaşadan…

Əziz xanımlar!

Dünyanın bütün çiçəkləri sizin yanınızda solğundur; dünyanın bütün gözəllikləri sizdən aşağıdır; bütün qəhrəmanlıq, igidlik sizin üçündür, bütün məsumluq, paklıq mənbəyini sizdən alır.

Dünyann heç bir gözəlliyi sizin bir damla göz yaşınıza dəyməz… Təəssüf ki, 20 ildir bəziləriniz öz yurdunuzda qəribsiniz, için-içn ağlayır, yurd həsrəti çəkirsiniz.

Torpaqlarımızın işğaldan azad olması, Qüzeyli-Güneyli ana-bacılarımızın xoşbəxt həyatı bizim hər birimizin arzusudur. Tanrı bu xoşbəxtliyi sizə yaşatmağı bizə nəsib etsin.

Bir daha hər birinizi təbrik edir, sizlərə ən səmimi arzularımı çatdırıram.

Bütöv yazını göstər
Back to top button
Close