Vətəndaş Həmrəyliyi Partiyasının Gəncə şəhər təşkilatının sədri Asəf Məmmədəliyev dünyasını dəyişib.
Bununla əlaqədar partiyanın yaydığı başsağlığında deyilir: “VHP-nin gənc və əqidəli üzvlərindən olan Asəf Məmmədəliyevin vaxtsız vəfatı bizi dərindən kədərləndirir. Asəf Akif oğlu Məmmədəliyev 28 yanvar 1975-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində təhsil alan Asəf tələbəlik illərindən aktivliyi ilə seçilib, Tələbə Həmkarlar Təşkilatına rəhbərlik edib. Əmək fəaliyyətinə 1991-ci ildə usta kimi başlayıb, Gəncə Tara İstehsalat LTD müəssisəsində briqadir və sex rəisi işləyib. 2003-cü ildən Azərsu ASC-nin Gəncə Su Kanal TSC-də aparıcı iqtisadçı kimi çalışırdı. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatının fəallarından və Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvlərindən olub. 2002-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Gəncə şəhər təşkilatının üzvü, 2004-cü ildən isə Gəncə şəhər təşkilatının sədri idi. İki yadigarə qalan Asəf səmimi dost, millətini, dövlətini sevən vətəndaş idi.
VHP mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.


