VHP-nin bəyanatı

16:47 Uncategorized
VHP-nin bəyanatı

Məktəblərdə vahid geyim qaydaları və dünyəvi təhsil prinsipləri ilə bağlı

Azərbaycan məktəblərində vahid geyim qaydalarının tətbiqi ilə bağlı partiyamızın mövqeyi hər zaman aydın və birmənalı olub. Biz bu məsələyə münasibətimizi dəfələrlə Azərbaycan mətbuatında, o cümlədən “Azərbaycan müəllimi” qəzetində və digər kütləvi informasiya vasitələrində ifadə etmişik. Bir daha bəyan edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli, 96 nömrəli Qərarını və həmin qərara dəyişiklik edilməsi barədə 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli Qərarını partiya olaraq dəsdəkləyirik.
Biz hesab edirik ki, məktəblərdə vahid geyim qaydaları yalnız zahiri görünüş və nizam-intizam məsələsi deyil. Bu, eyni zamanda, dünyəvi təhsil sisteminin təşkili, şagirdlər arasında bərabərliyin qorunması və məktəb mühitinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Azərbaycan dünyəvi dövlətdir. Bu dövlətin konstitusion quruluşu, qanunları və təhsil prinsipləri var. Dini etiqad azadlığına hörmətlə yanaşılması dövlətin dünyəvi xarakterindən imtina edilməsi demək deyil. Partiyamız dini inanclardan siyasi və ideoloji məqsədlərlə istifadə edilməsinə, xüsusilə azyaşlı uşaqların bu cür qarşıdurmalara cəlb olunmasına qarşıdır.

Azərbaycanın mürəkkəb geosiyasi mühitdə yerləşdiyini, regionda müxtəlif xarici təsir və təhlükəsizlik risklərinin mövcudluğunu nəzərə alaraq, dini radikalizm və ekstremizmlə mübarizənin əhəmiyyətini xüsusi vurğulayırıq.

Bizim mövqeyimiz dəyişməzdir: heç bir xarici qüvvənin din pərdəsi altında Azərbaycanın daxili işlərinə müdaxilə etməsinə, cəmiyyətimizdə qarşıdurma yaratmasına və ya qanunsuz radikal təşkilatlanmaya şərait yaradılmamalıdır. Belə hallarla bağlı hər bir iddia konkret faktlar əsasında, hüquqi qaydada araşdırılmalıdır.

Eyni zamanda, dini etiqadına sadiq vətəndaşlarla dini radikalizmi eyniləşdirmək olmaz. Dindarlıq hər bir insanın şəxsi seçimidir. Dünyəvilik isə dövlətin konstitusion prinsipidir. Bu iki anlayışın süni şəkildə qarşı-qarşıya qoyulması cəmiyyətdə anlaşılmazlıqlar yarada bilər.

Məktəblərimiz ideoloji qarşıdurma meydanına çevrilməməlidir. Məktəb uşağın bilik qazandığı, dünyagörüşünün formalaşdığı, vətəndaşlıq məsuliyyətini öyrəndiyi müqəddəs təhsil ocağıdır.

Altı-yeddi yaşlı uşaqların gələcəyi siyasi və dini mübahisələrin predmetinə çevrilməməlidir. Onların əsas hüququ təhsil almaq, təhlükəsiz və sağlam mühitdə böyüməkdir.

Biz dövlətimizin qanunlarının aliliyini, dünyəvi təhsil sisteminin qorunmasını və uşaqlarımızın müasir, savadlı, milli-mənəvi dəyərlərinə bağlı vətəndaşlar kimi yetişdirilməsini vacib hesab edirik.

Bir daha bildiririk ki, partiyamız Azərbaycan Respublikasının konstitusion quruluşunu, dünyəvi dövlətçilik prinsiplərini, təhsil sisteminin vahid qaydalar əsasında fəaliyyətini və milli təhlükəsizliyini müdafiə edir.

Azərbaycanın gələcəyi məktəblərimizdə yetişir. Bu gələcəyin təməlində elm, təhsil, milli-mənəvi dəyərlər, qanunun aliliyi və dünyəvi dövlətçilik prinsipləri dayanmalıdır.

Heç bir ideoloji qarşıdurma uşaqlarımızın təhsil hüququndan və Azərbaycanın konstitusion prinsiplərindən üstün tutula bilməz.