VHP-dən Qarabağın tam azadlığına çağırış:”Dövlətin və ordunun yanındayıq”

Son günlər Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgəsində erməni separatçılarının təxribatları ciddi narahatçılıq doğurur. Zəfər Savaşından sonra darmadağın olan erməni hərbçiləri hərbi əməliyyatlarının dayanmasında istifadə edərək dəfələrlə təxribatlar törətmişdir. Bu müddət ərzində dəfələrlə sülhməramlıların nəzarəti altında olan Azərbaycan torpaqlarından mülki əhaliyə və Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş açılmışdır. Düzdür, hərbçilərimiz hər dəfə bu təxribatların layiqincə cavabını vermişdir, amma belə separatçı əməllərə sülhməramlı adlandırılan rus hərbçilərinin susqunluğu təəssüf və etiraz doğirur. Halbuki, 10 noyabr razılaşmasının 4-cü bəndinə görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Təəssüf ki, Rusiya mütəmadi olaraq 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan addımlar atır. Rusiyanın bölgə ilə bağlı yeni xəritə təqdim etməsi, “Dağlıq Qarabağ” adlı hüquqi qurumdan danışması, terorçu erməni yaraqlılıarını açıq himayə etməsi, qondarma icmalar yaratması və digər addımları Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurur. Bu, ilk növbədə, zəmanətçi kimi çıxış edən Rusiya Prezidentinin imzasına hörmətsizlik kimi dəyərləndirilməlidir.
Azərbaycan ordusunun bölmələrinin keçmiş Əsgəran inzibati rayonuna aid olan, hazırda isə Xocalı inzibati rayonunun tərkibindəki  Fərrux kəndini nəzarətə götürüb, ardınca həmin kəndin üzərindəki Daşbaşı strateji yüksəkliyində möhkəmlənməsinə Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən reaksiya isə bütün beynəlxalq hüquq normalarına, dinc qonşuluq münasibətlərinə daban dabana ziddir. Fərrux kəndi ətrafında baş verənlər Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə baş verənlərə münasibətdə səbrinin tükənməkdə olduğunu göstərir. Əslində 10 noyabr bəyanatına görə Rusiya sülhməramlılarının görməli olduğu işi Azərbaycan tərəfi həyata keçirib. Azərbaycanın öz ərazisində suveren hüquqlarını həyata keçirməsinə bu gün dünya çapında düşmən mövqedə duran Rusiya və ABŞ-ın eyni qərəzlə yanaşması böyük təəssüf doğurur.
30 il müddətində dünyanın supergüclərinin təmsil olunduğu ATƏT-in Minsk qrupunun, dünyada sülhün və dövlət suverenliyinin qarantı sayılan BMT-nin bacarmadığını Azərbaycan ordusu 44 günə gerçəkləşdirərək beynəlxalq hüququ yerinə yetirdi.
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan ərazi bütövlüyünün, suverenliyinin hər şeydən üstün olduğunu əsas götürərək bütün ərazilərdə separatçı hərbi birləşmələrin ləğv edilərək ölkə ərazisində dövlət hüquqlarımızın tam bərpasını zəruri sayır.
VHP hesab edir ki, qanunlarımıza tabe olan hər bir erməninin təhlükəsizliyinə təminat verərək öz hakimiyyətini bütün ərazilərimizdə bərqərar etməlidir. Vətən savaşı dönəmində olduğu kimi bu gün də siyasi mövqeyindən, sosial durumundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Xankəndindində bayrağımızın ucalması yolunda dövlətin və ordunun yanındadır!

Bütöv yazını göstər
Back to top button
Close