VHP bəyanat yaydı: “Biz sülh niyyətimizi açıq bəyan etmişik, amma müharibə yolu seçənlərə də ordumuz layiqli cavab vermək gücündədir”

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan-Ermənistan sərhəddində, Laçın sərhəd buraxılış məntəqəsində baş verən gərginliklə bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Zəfər Savaşında işğalçı dövlətin hərbi təxribatlarına layiqincə cavab verən Azərbaycan ordusu bütün dünyaya öz gücünü göstərdi. Bu gün işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlanılıb və regional layihələr yüksək səviyyədə icra olunur. Azərbaycan sülh sazişinin imzalanması və bölgədə daimi stabilliyin yaranması üçün üzərinə götürdüyü öhdəlikləri tam mənada yerinə yetirdiyi halda erməni tərəfi dəfələrlə cəbhənin müxtəlif istiqamətlərində təxribatlar törədib. Ordusunun böyük bir hissəsini müharibədə itirən və rəzil vəziyyətə düşən Ermənistanın bu cür hərəkətləri yekun nəticədə sülh prosesini əngəlləyir. İyunun 15-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş Ermənistan silahlı qüvvələrinin Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribatı da eyni məqsədə xidmət edir. Laçın sərhəd-buraxılış məntəqəsində ermənilərin maneəsiz-gediş gəlişinin intesivləşməsi, qəhrəman Azərbaycan sərhədçilərinin peşəkar, mədəni, obyektiv davranışı, artıq bu prosesin adiləşməyə başlaması da bəzi qüvvələrin illərdir yaratdıqları yalançı anti-Azərbaycan mifini alt-üst edirdi. Ermənistanın müxtəlif strukturlarında, o cümlədən hərbi sahədə mövqeləri güclü olan revanşist qrup hər vəchlə sülhün bərqərar edilməsinə, ermənilərin inteqrasiyasına, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına zərbə vurmağa çalışır. Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın ölkəmizə son səfəri zamanı verilən mesajlar, Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar erməni şovinizmini və onların xarici havadarlarını xüsusilə narahat edib.
Vətəndaş Həmrəyliyi Partiyası bəyan edir ki, bütün bu kimi təxribatlar onsuz da böhran vəziyyətində olan Ermənistanı tam uçuruma aparır. Problemin tez həlli Ermənistanın həyatda qalması üçün vacibdir. Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımın qarşısıni alacağını dəfələrlə bəyan edib. Biz sülh niyyətimizi açıq bəyan etmişik, amma müharibə yolu seçənlərə də ordumuz layiqli cavab vermək gücündədir. Bu və bundan sonra baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun xarici havadarlarının üzərinə düşür.Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın Vətən uğrunda savaşda birlik və həmrəyliyindən yaranan gücünün hər zaman qorunacağına, dövlətimizin bu güclə yüksəlişinə inamını bildirərək, ordumuzun yanında olduğunu bəyan edir.

Bütöv yazını göstər
Back to top button
Close