VHP-29

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının təsis edildiyi gündən 29 il keçir. İlk addımlarımızı Nərimanov metrosunun yanında, uşaqlıq dostum Həşim Sadıqlının (Allah ona rəhmət eləsin, tez getdi) başçılıq etdiyi Elektrik Maşınqayırma institutunda atmış, ilk qurultayımızı Gənc Tamaşaçılar Teatrında keçirmişdik. Unudulmaz və möhtəşəm bir gün idi. Hələ siyasi rəqabət güclənməmiş, hiylə, qısqanclıq və böhtan maşınları işə düşməmişdi; bir-birimizin uğuruna sevinə bilirdik. Meydandan gələn bütün dostlarım qurultayda qonaq kimi iştirak etdilər, söz dedilər. Sonra çox çətin yollardan keçdik, lakin Vətəndaş həmrəyliyi, milli təsanüd, birlik xəttindən heç vaxt ayrılmadıq. Enmələrimiz,qalxmalarımız oldu, lakin xalqa xidmət yolumuz qırılmadı. Sıralarımıza ayrı məqsədlərlə gələn, sonra inciyib gedən köhnə silahdaşlarımızla yollarımız ayrılsa da düşmən olmadıq, milli birliyə yeganə xilas yolu baxdıq və bunun uğrunda hər cür çətinliyə dözdük. “And”, “Vətəndaş həmrəyliyi” qəzetlərini, “Bakı-Təbriz” dərgisini (DAK- la birlikdə) nəşr etdik.Maddi çətinlik bu işi davam etdirməyimizə imkan vermədisə də, onların ənənələrini sosial mediada davam etdiririk. Bu ğün demək olar ki, respublıkamızın bütün rayonlarında VHP -nin rayon və özək təşkilatları fəaliyyət göstərir. Yarandığı gündən başlayaraq partiya ölkədə keçirilən bütün seçkilərə qatılmış və həm bələdiyyələrdə, həm Milli Məclisdə təmsil olunmuşdur. Bu günə qədər müxalifət düşərgəsində yaranmış demək olar ki, bütün birlik və qurumların ya üzvü, ya təşəbbüskarlarından biri olmuşuq. Beynəlxalq əlaqələrimiz ildən-ilə genişlənir.Asiya ölkələri Siyasi partiyalar birliyinin üzvüyük. 29 il ərzində torpaqlarımızın işğalı nəticəsində yaranmış faciəli vəziyyət və Azərbaycanın haqlı mövqeyinin çatdırılması və təbliği işinə xidmət edən və dünyanın az qala bütün coğrafiyasını əhatə edən onlarla görüşlər, konfranslar keçirmişik. 44 günlük Vətən Müharibəsi ərəfəsində və müharibə günlərində ölkə daxilində vətəndaş həmrəyliyinin möhkəmlənməsi, partiyalararası dialoqun güclənməsi sahəsində, bu işin böyük milli və dövlətçilik əhəmiyyətini nəzərə alaraq, əməyimizi əsirgəməmişik… Bu gün VHP Milli Məclisdə üç millət vəkili ilə təmsil olunur. Onlardan biri MM sədrinin müavini və komitə sədridir. VHP səmimi bir ailəyə çevrilmişdir və ölkəmizin siyasi həyatında fəaliyyətini inamla davam etdirir. Bütün çətinliklərə dözüb bizimlə bərabər yol gələn bütün partiyadaşlarımı, dostlarımı 30 illik yubileyimiz ərəfəsində ürəkdən təbrik edir, hamısına can sağlığı və uğurlar arzulayıram…
Sabir Rüstəmxanlı
26.09.2021
Bütöv yazını göstər
Back to top button
Close