Şuşanın işğalının 28-ci ili

Şəhərin işğalı Azərbaycanın Qarabağ müharibəsində məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu

Bu gün Azərbaycanın qədim ərazisi olan Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 28 il keçir. 1992-ci il mayın 8-də Qarabağ cəbhəsindəki erməni quldur dəstələrinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzalayıb və həmin gün də şəhər işğal edilib.

Şuşanın müdafiəsində iştirak edən hərbçilərin dediyinə görə, əslində ermənilərin Şuşa üzərinə hücumlarının icrasına aprelin 27-dən başlanmışdı. Arkadi Ter-Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər, əməliyyatların daha da intensivləşməsinə zəmin yaratdı.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar.

Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 68 nəfər əsir götürülüb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib. Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim artıq uzun müddətdir Şuşada qanunsuz məskunlaşdırma həyata keçirir.

Şuşanın işğalı Azərbaycanın Qarabağ müharibəsində ard-arda məğlubiyyətlərinin başlanğıcını qoymuş oldu. Şuşa bir simvol idi və onun kimin əlində olması müharibənin sonrakı taleyində xüsusi rolunu oynayacaqdı və rolunu oynadı.

Bütöv yazını göstər
Back to top button
Close