Siyasi partiyalar Xocalı soyqırımını anacaqlar
Ötən əsrin ən dəhşətli hadisələrindən birinin – ermənilərin törətdiyi Xocalı soyqırımından 29 il ötür. Soyqırım 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı birləşmələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilib.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb.
Hər il Xocalı qurbanları onların xatirəsinə ucaldılan “Ana harayı” abidəsi ziyarət edilməklə anılır. Amma bu il fərqli durum yaranıb. İlk dəfə olaraq, soyqırım koronavirus səbəbindən insanların bir yerə kütləvi şəkildə toplanmasını qadağan edən ilə təsadüf edir.
Amma bununla belə, siyasi təşkilatlar tərəfindən pandemiya qaydalarına uyğun şəkildə kiçik heyətlərlə ziyarətlər gözlənilir.
VHP İcra Aparatının rəhbəri Samir Əsədli: “XX əsr tariximizdə ən qanlı iz buraxan Xocalı soyqırımının 28 ildönümü ilə bağlı bütün ölkəboyu olduğu kimi VHP tərəfindən də tədbirlər planlaşdırılır. Pandemiya şərtlərinə uyğun olaraq geniş toplantı və Xocalı abidəsinin kütləvi ziyarəti mümkün olmayacaq. Partiya üzvləri fərdi qaydada ”Ana fəryadı” abidəsini ziyarət edəcəklər, eyni zamanda VHP Xocalı rayon təşkilatının üzvləri Gəncədə Xocalı abidəsini ziyarət edəcək. Bundan başqa VHP beynəlxalq aləmdə Xocalı soyqırımının tanınması, erməni faşizminin ifşası üçün diaspora imkanlarından da hər zaman istifadə edib”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev istənilən şəraitdə faciə qurbanlarını ziyarət edəcəklərini söylədi: “Pandemiya şəraitindəyik. Amma Xocalı soyqırımı abidəsini ziyarət etməyə də heç bir qadağan yoxdur. Az adamla ziyarət etməyi düşünürük”.
Yeni Müsavat qəzeti