Samir Əsədli: “Sülhməramlıların bir vəzifəsi də hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etməkdir”

Ermənistanın sabiq prezidentləri Koçaryan və Sarkisyan müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər. Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyev deyib ki, hər iki keçmiş prezident 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçiriblər. Qeyd olunub ki, onlar Qarabağın ermənilərə “məxsus olduğunu” və orada yalnız ermənilərin yaşamalı olduğunu, azərbaycanlıları qovmağı, şəhərdən və Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ ediblər. Xatırladaq ki, ötən həftə Qarabağdakı separatçıların başı Araik Arutyunyanın da həbs olunması, Azərbaycanda məhkəmə qarşısına çıxarılmasının mümkünlüyü açıqlanıb. Rəsmilər bununla bağlı istintaqın davam etdiyini deyiblər. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, adları çəkilən şəxslərin cinayətləri ortadadır. Partiya təmsilçisi qeyd edib ki, Ermənistanın qatil eks-prezidentləri – Robert Koçaryan, Serj Sarkisyan 1988-ci ildən bəri xarici güclərin və xüsusən Kremlin “fətvası” ilə erməni toplumunu Azərbaycanın üzərinə qaldıraraq münaqişəni və müharibəni qızışdıran əsas fiqurlar olublar: 
“Təəssüf ki, bu gün də onlar İrəvanda və Xankəndidə öz bədnam, məkrli  işlərini görməkdədirlər. Azərbaycanın Qarabağ torpaqlarının bir hissəsində də eyni funksiyasını, çox güman ki, yenə də Moskvanın dediyi ilə oturub-duran Araik Arutyunyan davam etdirir.
44 günlük savaş zamanı Gəncəyə raket atılmasına birbaşa göstəriş verdiyini etiraf etməsindən sonra Azərbaycan Baş Prokurorluğu tərəfindən barəsində 8 maddə ilə cinayət işi qaldırılaraq interpolla axtarışa verilmiş Arutyunyan 1 il 4 aydır ki, Azərbaycan torpaqlarında sərbəst gəzir.
 
 İstədiyi vaxt Xankəndi-Şuşa-Laçın-Gorus yolu ilə sərbəst şəkildə İrəvana, eləcə də xarici ölkələrə, həmçinin bizim üçün daha əlçatan olan Rusiyaya gedib-gəlir. 
Eyni zamanda barələrində cinayət işi açılmış Koçaryan və Sarkisyan da rahat gəzib-dolaşırlar.
Hesab edirəm ki, rəsmi Bakı bu istiqamətdə müvafiq strukturlarla birgə hərəkətə keçməli, məlum şəxslərin həbs edilməsi ilə bağlı zəruri addımlar atmalıdır. Araikin qanunsuz fəaliyyətini davam etdirməsinin qarşısı alınmalıdır. Sülhməramlılar və onların rəhbərləri də diqqətli olmalıdırlar.
 
Sülhməramlıların bir vəzifəsi də hərbi cinayətə yol verən şəxsləri məsuliyyətə cəlb etməkdir. Sülhməramlılar Arutyunyanın həbs edilməsinə yardımçı olmalıdır. Əks halda Azərbaycan tərəfi cinayət işi açdığı quldurları öz gücü hesabına zərərsizləşdirməlidir”. 
Bütöv yazını göstər
Back to top button
Close