Şabran Rayon Təşkilatı

IMG_0023

Rahib Camalov

Şabran Rayon Təşkilatı sədri

Rahib Şərif oğlu Camalov 2 aprel 1958-ci ildə Şabran rayonunda anadan olub. 1975-ci ildə orta məktəbi bitirib. ADU-nun (indiki BDU) tarix fakültəsinin məzunudur. 1977-79-cu illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1982-ci ildən hal-hazıradək Şabran şəhəri 3 saylı Ümumi Orta Məktəbində tarix müəllimi işləyir.
Azərbaycan dövlət müstəqilliyinin bərpası uğrunda gedən xalq hərəkatının fəal iştirakçısı və təşkilatçısı olmuşdur.
20 yanvar 1990-ci il faciəsi ərəfəsində Şabran rayonunda yaradılmış müdafiə komitəsinin sədri olmuş, dəmir yolu vasitəsi ilə sovet ordu hissələrinin Bakı şəhərinə təcavüzünün qarşısının alınmasına rəhbərlik etmişdir. 17 yanvar 1990-ci il tarixində 189№li Rostov-Bakı sərnişin qatarında mülki formada Bakıya getmək istəyən 25 nəfər əsgər və 1 nəfər polkovnik-leytenantdan ibarət rus ordu hissəsinin Şabran stansiyasında girov götürülməsini təşkil etmiş, onların geri qayıtmasına nail olmuşdur.
20 yanvar 1990-cı il faciəsindən sonra SSRİ prezidenti M.S.Qarbaçovun Beynəlxalq Haaqa insan haqqları məhkəməsinə verilməsindən ötəri əhalidən imza toplanmasını təşkil etdiyinə görə DTK tərəfindən həbs edilərək Xaçmaz şəhərindəki DTK həbsxanasında 10 gün saxlanmış, işgəncələrə məruz qalmışdır. Rayon ictimaiyyətinin inadlı tələbindən sonra azad edilmişdir.
1992-ci ilin 26 fevralında Xocalı faciəsi baş verəndən sonra rayonda Xocalılara yardım kompaniyasının təşkilatçılarından biri olmuşdur.Onun təşəbbüsü ilə 11 mart 1992-ci il tarixində respublika tarixində ilk dəfə olaraq Azərbaycan Dəmir yolu idarəsi tərəfindən “xüsusi təyinatlı qatar” təsis edilmiş, rayon sakinlərindən toplanmış yardımların Ağdam şəhərinə aparılaraq xocalılara çatdırılması təmin edilmişdir.
2001-ci ildə VHP Şabran rayon təşkilatının bərpa olunmasının təşəbbüsçülərindən olmuş, 2001-2004-cü illərdə VHP Şabran rayon təşkilatının sədr müavini, sonra isə hal-hazıradək sədridir. VHP Ali məclisinin üzvüdür.
Ailəlidir, 2 qızı, 1 oğlu vardır.

VHP Şabran rayon təşkilatı partiyanın aparıcı rayon təşkilatlarından biridir. Təşkilat öz sıralarında daha çox ziyalıları birləşdirir. Rayonun 23 kəndində yerli özək təşkilatlarını fəaliyyət göstərir. Ölkənin və rayonun ictimai-siyasi həyatında iştirak edir. Yerli bələdiyyə seçkilərinə öz namizədləri ilə qatılıb. Müxtəlif illərdə kənd və şəhər bələdiyyəsinin tərkibində təmsil olunub.
Rayon Təşkilatına Şabran ziyalılarından olan Rahib Camalov rəhbərlik edir.

Telefon:

050 7636950

Back to top button
Close