Sabir Rüstəmxanlı: “Türk dünyası getdikcə Qərbin təsirindən qurtulacaq”

Gələn ay Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək. Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türk Şurasının adı dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” olacaq. Bu barədə AKP sədrinin müavini Binəli Yıldırım məlumat verib. O, həmçinin bildirib ki, Türkmənistan Türk Şurasına tamhüquqlu üzv olacaq. Bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək. Hazırda Türkmənistan Türk Şurasına müşahidəçi üzvdür.

Ad dəyişmə keyfiyyət dəyişikliyinə də gətirəcəkmi? Türk birliyi bununla yeni impuls qazanacaqmı və əsasən hansı sahələrdə bu, özünü göstərəcək?

VHP sədri, deputat Sabir Rüstəmxanlı görülən işləri çox mühüm hesab edir:“Növbəti görüşdə hansı məsələlər müzakirə ediləcək, bu barədə geniş məlumatım yoxdur. Son 30 ildə ləng getsə də, Türk Birliyinin möhkəmləndirilməsi istiqamətində işlər getdi. İldən-ilə bu birlik möhkəmlənir. Bu quruma üzv olmaqda tərəddüd keçirənlərin də inamı artır. Onlar da qoşulmağa başlayıblar. Türk dünyasının bir-birinə yaxınlaşması, inanması, bir-birinin taleyi, bu günü və gələcəyi ilə maraqlanması, bundan narahatlığını ifadə etməsi və digər yönlərdə baş verənlər çox mühümdür. Bu işləri inkar etmək mümkün deyil. Bir sıra ümumi təşkilatlar, qurumlar yaranıb, akademiya, mədəniyyət mərkəzləri, parlament, türk konseyi yaradılıb ki, bunlar da ciddi işlərdir.

Türk dünyasının gələcəkdə təxminən Avropa Birliyi kimi bir qurum yaradıb bir-birinə dayaq durması və siyasi, iqtisadi, mədəni yöndə qarışıqlı əlaqələrin qurulması çox sevindirici olardı. Artıq bu istiqamətdə də ümidverici addımlar atılır. Türkmənistanın da proseslərə qatılması ilə birliyin gücü daha da artacaq, qarışıqlı etibar, inam güclənəcək. Türk dünyası getdikcə Qərbin, Avropa dövlətlərinin təsirindən qurtulacaq. Onların vahiməsi, xofu dağıldıqca bu birlik də güclənəcək. Birliyə sədrliyin Türkiyəyə keçməsi simvolik xarakter daşıyır. Amma birliyin fəaliyyətində, tərkibində qardaş ölkə daim əsas rol oynayır. Bundan sonra da bu belə olacaq”.

 

 

Bütöv yazını göstər
Back to top button
Close