Sabir Rüstəmxanlı: “Rusiya sülhməramlılarının atdıqları hər bir lazımsız addım qıcıq doğurur və qəbuledilməzdir”

Rusiya sülhməramlı qüvvələri Qarabağda İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünü qeyd etməyə hazırlaşırlar.

Hətta Rusiya Müdafiə Nazirliyi bildirib ki, sülhməramlı qüvvələr artıq Xocalı hava limanında ilk məşqlərini keçiriblər. Məşqlərdə təxminən 400 hərbçinin iştirak etdiyi bildirilir.

Qurumdan qeyd olunub ki, paradda hərbi polis, xüsusi təyinatlı tibb hissəsi, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri iştirak edəcəklər.

Bəs, görəsən, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində parad keçirməyə səlahiyyətləri varmı?

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik heç bir açıqlama verməsə də bəzi ekspertlər paradı Rusiyanın regionda üstün olan mövqeni nümayiş etdirmək niyyətilə keçirdiyini deyirlər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, VHP Sədri Sabir Rüstəmxanlı Turan-a bildirib ki, hər il Azərbaycan faşizm üzərində qələbə gününü qeyd edir: «Biz onu təqvimdən silməmişik və tariximizin bir parçası kimi özümüz burada qeyd edirik. Çünki Azərbaycan faiz hesabıyla II Dünya Müharibəsində Belarusdan sonra ən çox insan itirən respublikalardan biridir. Qafqazdan başlayaraq Avropanın ortasına kimi, Azərbaycana aidiyyatı olmayan torpaqlarda qardaşlıq qəbiristanlıqlarında Azərbaycanın on minlərlə igidinin məzarı var. Ona görə də faşizm üzərində qələbə həm də bizim bayramımızdır».

Deputat qeyd edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa gəliblərsə, onlar orada sülh yaratmaq niyyətilə gəliblər, parad keçirmək niyyətilə yox: «Rusiya sülhməramlıları bilirlər ki, onların atdıqları hər bir lazımsız addım onlara qarşı etimadsızlıq yaradır və Azərbaycanda qıcıq doğurur. Ona görə də onların bu hərəkəti qəbuledilməzdir».

Komitə üzvü vurğulayıb ki, Rusiyada Azərbaycanla Ermənistanın arasında yaranmış bu müvəqqəti anlaşmanı pozmaq istəyən qüvvələr çoxdur: «Vladimir Putinin öz ətrafında Rusiya rəhbərliyində erməniləri müdafiə edən, bəzilərinin isə əsli erməni olan şəxslər var. Onlar Putindən fərqli olaraq münaqişənin taleyini başqa cür görmək istəyirlər və Azərbaycanı qıcıqlandırmaq, müvəqqəti anlaşmanı pozmaq üçün bütün addımları atırlar. Rusiya mətbuatı antiazərbaycan yazılarla, çıxışlarla doludur».

Sabir Rüstəmxanlı bildirib ki, Rusiya ordusu Rusiya dövlətinin qərarı ilə Qarabağa gəlib və dövlət siyasətini nümayiş etdirməlidilər.

 

Turan İA

Bütöv yazını göstər
Back to top button
Close