Sabir Rüstəmxanlı qadınları təbrik etdi

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət vəkili Sabir Rüstəmxanlı 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib.

Təbrikdə deyilir: “

Hörmətli xanımlar!

Əziz analar və bacılar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

Bu bayram günündə torpaqlarımızın  müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, bütün şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.

Əziz analar və bacılar! Dünyanın heç bir qadını gözəllikdə, sədaqətdə, dürüstlükdə, zəhmətdə sizi əvəz edə bilməz!

Dünyanın heç bir qadını ailəsini sizin qədər fədakarlıqla qoruya bilməz!

Dünyanın ən gözəl sözləri sizin qarşınızda təsirini itirir.

Siz dünyanın ən xoşbəxt qadını olmağa layiqsiniz.  Bir daha sizləri təbrik edir, sizə sayğımı və sevgimi bildirirəm!

Bütöv yazını göstər
Back to top button
Close