Sabir Rüstəmxanlı: “Laçın yolunun bağlanması müharibənin taleyini dəyişəcək” – Müsahibə

Teleqraf.com Milli Məclisin deputatı, xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir:

– Sabir bəy, Azərbaycan Ordusu Şuşa daxil olmaqla bir sıra rayon və şəhərlərimizi işğaldan azad edib. Hazırda cəbhədə durumu və Ordumuzun mövqelərini necə qiymətləndirirsiniz?

– Azərbaycan Ordusunun müharibə apardığı ərazinin coğrafi mövqeyi və relyefini nəzərə alsaq, çox qısa müddətdə Ermənistan ordusunun müqavimətini qırıb, nizami ordunu pərən-pərən salıb. Erməni ordusunun heç bir müqavimət gücü qalmayıb. Bunun əvəzində Ermənistanın müxtəlif yerlərindən, eləcə də Abxaziyadan, Krımdan və dünyanın müxtəlif ərazilərindən könüllülər yığır, onları savaş bölgəsinə göndərir. Nizami ordunun duruş gətirmədiyi halda bu şəxslər nə edə bilər ki? Bu hal Azərbaycan Ordusunun hərəkətini getdikcə sürətləndirəcək. Müharibə başlayanda bir qədər çətinliklərimiz, itkilərimiz oldu.

Çünki savaş düzəngahda getsə də, yüksəkliklər düşmən əlində idi, xarici dəstək sayəsində illər uzunu müdafiə istehkamları tikmişdilər. Burada müqaviməti qırmaq çətin idi, bəzən texnikanın işləməsi çətin olur, məsələni insan gücü həll edirdi. Odur ki, Azərbaycan Ordusu bəzən tələsmədən, haqlı olaraq qarşısındakı maneələri səbirlə təmizlədikdən sonra irəliləyir. Bundan artığını da istəmək olmaz. Bu savaş Azərbaycan Ordusunun bütün parametrlər üzrə erməni ordusundan güclü olduğunu göstərir.

İkincisi, bu savaş Azərbaycan cəmiyyətinin bütün göstəricilər üzrə erməni cəmiyyəti ilə müqayisədə daha bütöv, həmrəy və vətən torpağına daha bağlı olduğunu göstərdi. Biz öz ərazimizdə, ermənilər işğal etdikləri ərazilərdə vuruşur. Biz ədalətli müharibə aparırıq, haqq da bizim tərəfimizdədir. Savaşın başqa özəlliyi odur ki, Azərbaycan bu illər ərzində sakitcə apardığı işlərin nəticəsində dünya ölkələri arasında diplomatik uğurlar əldə edə bilib. Bu diplomatik uğurların nəticəsi odur ki, Azərbaycan öz ərazisində apardığı müharibəyə ciddi etiraz edən ölkə qalmayıb. Dünya erməni lobbisinin təsiri ilə mətbuatda, ayrı-ayrı siyasətçilərin çıxışı zamanı Azərbaycana qarşı qınamalar olsa da, hər kəs bilir ki, Azərbaycan haqlıdır, öz ərazisini işğaldan azad edir və buna kimsə etiraz edə bilməz. Hətta bizim ehtiyat etdiyimiz ölkələr bəzən gizli yollarla etmənilərə silah ötürsələr belə, açıq şəkildə Ermənistana dəstək vermirlər. Bu ölkəmizin apardığı diplomatiyanın uğurudur.

– Belə fikirlər var ki, Şuşanın alınması Ermənistanın və bu müharibənin belini qırmış olacaq. Siz, bu haqda nə düşünürsünüz?

– Laçın yolunun bağlanması və Şuşanın alınması şübhəsiz ki, savaşın taleyinə ciddi təsir göstərəcək. Amma orada vuruşan, bəzən 20-25 min deyirlər, bəzən Xankəndi istiqamətində 7 min döyüşçünün olduğu söylənilir, bu adamlar dağlara çəkilirlər, yeraltı tunellər qazırlar və s. Ehtimal budur ki, belə silahlı qruplar bir müddət müqavimət göstərməyə çalışacaq.

Məncə, bu, həm də erməni cəmiyyətində qarşıdurmanı gücləndirəcək. Əslində Nikol Paşinyanın yerinə bir qədər ağıllı adam olsaydı, savaşda Azərbaycanın ilk uğurlarını görən kimi müharibəni dayandırardı. Ən azı əhalinin qırılmaması, Qarabağın bəzi məntəqələrində ermənilərin yaşamasını təmin etmək üçün… Amma Paşinyan atdığı addımlarla əslində Ermənistanın Qarabağla əlaqələrini daha da zəiflədir, ermənilərin qırılmasına və dinc əhalinin də Xankəndindən köçüb getməsinə səbəb olub. Sözsüz ki, savaşdan sonra dinc əhali Qarabağa qayıtmayacaq.

– Qarabağda erməni muxtariyyəti məsələsi gündəmə gələ bilərmi?

– Yox! Artıq bu məsələ bitdi. Ali Baş Komandanın bəyan etdiyi kimi status-kvo dəyişib, yeni reallıqlar ortaya çıxıb və hər kəs bununla razılaşmağa borcludur. Cənab prezident humanist mövqe sərgiləyərək bildirdi ki, ermənilərdən kim istəsə gəlib dinc yaşaya bilərlər. Amma muxtariyyət söhbəti ola bilməz. Baxmayaraq ki, bizim dədə-baba torpaqlarımız zamanında Ermənistana qaldı, orada bir nəfər də olsun azərbaycanlı saxlanılmadı, hamısı qovuldu. Elə Qarabağda da bu 30 ildə bir azərbaycanlının yaşamasına imkan vermədilər. Əksinə, etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirildi. Bu gün Azərbaycanın gücü və imkanları olsa da, biz belə addımlara getmirik.

Əksinə, deyirik ki, mülki erməni gəlib Qarabağda Azərbaycan qanunları çərçivəsində yaşaya bilər. Əslində bu, bizimlə ermənilərin fərqidir. Dünya bunu görür və görməlidir. Bir sözlə, savaşa hansı tərəfdən baxırsan-bax, Azərbaycanın üstünlüyü göz önündədir. Bu da müharibənin taleyini həll edir. Ola bilsin ki, erməni ordusunun müəyyən hissəsi Xankəndinə, Ağdərəyə və Kəlbəcər dərəsinə sığınaraq müqavimət göstərəcək. Lakin bunun perspektivi yoxdur. Onların qarşısında ciddi islahatlardan keçmiş, dünyanın son model texnologiyası ilə silahlanan, bunu yüksək səviyyədə tətbiq etməyi bacaran şanlı Azərbaycan Ordusudur.

– Ermənistanın imkanlarını necə qiymətləndirirsiniz? Onlar ağ bayraq qaldıracaq, ya sona qədər müqavimət göstərəcək?

– Ehtimalım budur ki, ermənilər müqavimət göstərəcək və bu, belləri qırılana qədər davam edəcək. Hər halda Paşinyanın iddiası böyükdür və nəyəsə ümid edir. Yəqin ehtimal edir ki, hansısa dövlətin mövqeyi dəyişə bilər. Amma onlara dəstək verən dövlətlər olduğu kimi, bizim də çevrəmizdə Azərbaycana dəstək verən dövlətlərin sayı getdikcə artır. Biz də silah alırıq, elə Rusiyadan da, digər dövlətlərdən də alırıq. Bütün hallarda bu müharibə ermənilərin illüzyalarını dağıtdı, qurduqları xam xəyallar puç oldu. Onların niyyəti Dağlıq Qarabağı Ermənistana birləşdirmək, daha çox torpaq naminə müharibə iddiaları var idi.

Bu ideya birdən-birə külə çevrildi. Əvvəl Azərbaycan torpaqları hesabına Ermənistan quruldu, indi Qarabağın hesabına bu torpaqları böyüdəcək, sonra Gürcüstandan Cavaxetiyanı qoparacaqlar, sonra Türkiyədə Şərqi Anadolunun altı vilayətinə sahib çıxacaqlar və s. Əslində “Böyük Ermənistan” ideyası bunların başını xarab edib. Yalan üstə qurulan xülyalar erməni cəmiyyətini iflic vəziyyətə salıb. Onların dövlət ideologiyası da bunun üzərində qurulub. Bu dağıldıqca bütövlükdə dövlət dərənin dibinə yuvarlanacaq.

– Sizcə, “Dənizdən-dənizə böyük Ermənistan” ideologiyası bu müharibə ilə sıradan çıxmış olur, ya necə?

– Hər halda bu ideologiyanın gələcəkdə reallaşa biləcəyinə olan ümidlər qırıldı. Bəlkə SSRİ dövründə bu həyata keçirdi, “vahid vətən” adı altında bizim bəzi torpaqlarımızı alıb onlara verirdilər. Amma bundan sonra Azərbaycan müstəqil dövlətdir və bir qarış torpağını da heç kimə güzəştə getməyəcək.

Bu mənada illüziyalar dağılır. Ermənistanın bir dövlət olaraq gələcəyi sual altındadır. Əslində yazıq bir ölkədir. Heç bir iqtisadi perspektivi olmayan, daha çox diasporun puluna bel bağlayan ölkədir. Quyuya su tökməklə problem həll edilə bilməz. Nə qədər kənardan bunların başına su tökəcəklər? Odur ki, ora tarixi bir yer kimi, Eçmədzin kimi qalacaq. Gəlib ziyarət edib gedəcəklər. Amma perspektivli və güclü bir dövlətdən söhbət gedə bilməz. Onun bircə yolu var – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, gələcəkdə şərqlə-qərbi birləşdirəcək böyuk iqtisadi layihələrə qoşulmaq… Bu, onların xilası olar, gücləndirər. Necə ki qonşu Gürcüstanı gücləndirdi. Onların başqa yolla böyük gələcəyi ola bilməz.

Özləri də torpağa bağlı deyillər. Bizim 1950-ci illərdəki deportasiya zamanı Ermənistanda boşaldıb gəldiyimiz kəndlər var ki, hələ də boş qalıb. Bunlar ağac göbələyi kimi kiminsə böyrünə yapışıb yaşayırlar. Vaxtilə qədim Romanın, Sasanilərin, sonra Osmanlının, Səfəvinin, Çar Rusiyanın. İndi bunlar yoxdur. Üstəlik Rusiya ilə bütün ipləri qırmaqda davam edirlər. Hiyləgərlik, maskalar altında yaşayırlar, maskanın birini çıxarıb digərini taxırlar. Amma günün birində maska qutarır və əsl siması görünür. Bu da xəyanətkar simadır. İndi Rusiyaya əl açıb, sonra NATO-nun qapısını döyür, ABŞ-dan dəstək istəyirlər. Yəni bir-birinə zidd olan cinahlara atılırlar. Dünya bunu görür. Nə qədər xristian təəssübkeşliyi olsa da, bunun da bir əndazəsi var. Dünya ancaq dini mənsubiyyətlərdən doğan münasibətlər üzərində inkişaf etmir. Bu gün dünyanı daha çox iqtisadi maraqlar idarə edir.

Bütöv yazını göstər
Back to top button
Close