Vətəndaş Həmrəyliyi Partiyasının

N İ Z A M N A M Ə Sİ

1. Ümumi müddəalar

Maddə 1.1. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Azərbaycan Respublikasının Konstitusiyası, «Siyasi partiyalar haqqında» qanunu, qüvvədə olan digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərən siyasi partiyadır.

1.2. Assosiasiyalar azadlığı, könüllülük, partiya üzvlərinin hüquq bərabərliyi, özünüidarə, qanunçuluq və aşkarlıq VHP-nin fəaliyyətinin prinsipləridir.

1.3. Partiyanın qısaldılmış adı –VHP.

1.4. Partiyanın xüsusi işarəsi (gerbi) yay və üç ox üzərində yerləşdirilmiş qalxandan ibarətdir; qalxanın kənarında dairəvi «Vətəndaş Həmrəyliyi Partiyası» sözləri yazılmış, dairənin mərkəzində üçrəngli milli bayrağın fonunda üstündə aypara və əbədi od rəsmi olan səkkizguşəli ulduz təsvir edilmişdir.

1.5. Partiyanın Mərkəzi Qərargahı Bakı şəhərində yerləşir.

2. Partiyanın məqsədi

2.1. Vətəndaş Həmrəyliyi Partiyasının əsas məqsədi Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq bütün təbəqələrdən olan Azərbaycan Respublikasının vətəndaşlarını birləşdirməkdən ibarətdir.

2.2. VHP zorakılığı, terrorizmi məqsədəçatma üsulu kimi pisləyir və öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq demokratik mübarizənin bütün formalarından istifadə edir.

2.3. VHP seçkili dövlət orqanlarına seçilmiş nümayəndələri vasitəsilə öz məqsədlərini həyata keçirməyə çalışır.

2.4. Vətəndaş Həmrəyliyi Partiyası:

• ölkədə milli birlik və həmrəylik prinsipini əsas tutan;

• qanunun aliliyini və ictimai ədaləti qoruyan; hüriyyəti, özgürlüyü, rifahı, firavanlığı, cəmiyyətdə sərbəst fəaliyyət imkanını hər bir insanın təməl haqqı hesab edən;

• hər cür bölücülüyə, qarşı olan, Azərbaycanın bütün vətəndaşlarını bir gözlə görən;

• haqq və həqiqət anlayışlarını ən üstün mənəvi dəyərlər sayan;

• İnsanı yer üzünün ən böyük neməti olaraq yüksək dəyərləndirən, onun yaradıcılıq, mənəviyyat və əxlaq gücünə inanan, bu gücün artmasına çalışan;

• hər bir vətəndaşın ölkənin imkanlarından bərabər hüquqla istifadəsini istəyən;

• milli mədəniyyəti və dünyanın mütərəqqi dəyərlərini uca tutan, bu mədəniyyəti inkişafın təməli sayan və öz fəaliyyətini də yüksək siyasi mədəniyyət tələblərinə uyğunlaşdıran;

• müasirliklə, çağdaş dünya tələblərinə uyğun inkişafla pozitiv mühafizəkarlığı – milli adət-ənənələrin, dil və mədəniyyətin, tarixi gələnəklərin qorunmasını vəhətdə görən;

• yurd və millət sevgisini ölkənin müasir dövrdə özünüqoruma və inkişafının, dünya dövlətləri arasında rəqabətə duruş gətirmə qabiliyyətinin artırılması, milli ləyaqət və şüurun yüksəldilməsi yolunda ən təsirli təşkilatlandırma və yönəltmə gücü sayan;

• milli dövləti xalqın varlığı və inkişafı yolunda ən zəruri milli iradə forması və təşkilatı sayaraq dəyərləndirən;

• xalq seçimini, demokratiyanı, fikir və söz azadlığını, etibarlı sosial siyasəti milli dövlət idarəçiliyinin ən başlıca vəzifəsi hesab edən;

• iqtisadi siyasəti müstəqil və firavan yaşamanın əsas vasitəsinə çevirmək istəyən; çağdaş texnologiya əsasında qurulan milli iqtisadiyyatın hər cür haqsız rəqabətdən, monopoliya, korrupsiya və gizli iqtisadiyyatdan qorunmasını güclü dövlətin əsas təməllərindən biri kimi önə çəkən; «millət dövlət üçün deyil, dövlət millət üçündür» prinsipinə söykənən;

• milli və ümumbəşəri dəyərlərin qorunmasını cəmiyyətin təkamülü üçün vacib hesab edən;

• milli ideallara xidməti müqəddəs vəzifə sayan və bu məqsədlə ölkənin Konstitusiyası çərçivəsində mübarizə aparan bir partiyadır.

3. Partiyanın fəaliyyət formaları

3.1. VHP-nin fəaliyyət formaları aşağıdakılardır:

• nizamnaməyə uyğun olaraq ictimai rəyin formalaşmasına təsir göstərmək;

• öz üzvlərinin siyasi fəallığına rəvac vermək;

• vətəndaşları öz sıralarından seçkili dövlət orqanlarına irəli sürmək;

• nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının fəaliyyətinə təsir göstərmək;

• siyasi və sosial proqramlar hazırlamaq yolu ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərmək.

• VHP Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış digər funksiyaları həyata keçirir.

4. Partiyanın hüquq və vəzifələri.

4.1. VHP-nin aşağıdakı hüquqları vardır:

• məqsəd və vəzifələri barədə məlumatları sərbəst yayır;

• könüllülük əsasında birləşib siyasi bloklar, ittifaqlar, birliklər, federasiyalar, birliklər yaradır;

• Azərbaycan Respublikası Prezidenti, parlament və digər seçkili dövlət orqanları seçkilərində, Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının formalaşdırılmasında demokratik yolla (müstəqil surətdə, başqa partiyalar, təşkilatlarla blok və ya ittifaqda) iştirak edir;

• dövlət orqanları qərarlarının hazırlanmasına demokratik yolla təsir göstərir;

• dövlət orqanlarında və ictimai orqanlarda öz üzvlərinin mənafelərini təmsil edir və hüquqlarını qoruyur;

• mətbu nəşrlər təsis edir və nəşr edir;

• qanunla müəyyən edilmiş qaydada mitinqlər, nümayişlər, yığınqcaqlar, piketlər və başqa kütləvi tədbirlər keçirir;

• nizamnamədən irəli gələn vəzifələri yerinə yetirmək üçün öz adından müqavilələr və sazişlər bağlayır, məhkəmədə cavabdeh və iddiaçı qismində çıxış edir;

• beynəlxalq qeyri-hökumət təşkilatlarıyla əməkdaşlıq edir, beynəlxalq təşkilatlarla birbaşa əlaqələr yaradır;

• elmi konfranslar, seminarlar, diskussiyalar və digər tədbirlər keçirir.

4.2. VHP-nin vəzifələri:

• partiya dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətinə qarışa bilməz;

• partiya hesabat verməli olduğu mədaxili və məxarici, habelə əmlak vəziyyətini əks etdirən mühasibat sənədlərini tərtib etməli, özünün mühasibat uçotunu aparmalı və müvafiq dövlət orqanlarına hesabat verməlidir.

5. VHP-nin üzvlüyünə qəbul, üzvlərin hüquq və vəzifələri.

5.1. VHP-yə siyasi partiyaya üzvlüyü qanunla qadağan olunmayan Nizamnamə və Məramnaməsini qəbul edən, on səkkiz yaşına çatmış tam fəaliyyət qabiliyyətli və başqa siyasi partiyanın üzvü olmayan, hər bir Azərbaycan vətəndaşı  üzv ola bilər. 

5.2. VHP üzvlüyünə qəbul fərdi qaydada, üzv olmaq istəyənin yazılı ərizəsinə əsasən onun yaşadığı rayon (şəhər) təşkilatı tərəfindən həyata keçirilir. Qəbul haqqında müraciət İnternet və ya məktub vasitəsilə də göndərilə bilər. Rayon (şəhər) təşkilatı müraciətin Nizamnamənin 5-ci maddəsinə uyğun olub-olmadığını araşdırır və iki həftə ərzində qərar verir.

5.3. VHP Siyasi Şurası lazım bildiyi hallarda görkəmli ziyalıları, ölkənin ictimai-siyasi və mədəni həyatında özəl xidmətləri olan şəxsləri,  eləcə də partiyaya kollektiv şəkildə daxil olmaq və ya ona birləşmək istəyən vətəndaşların yazılı müraciətlərinə əsasən VHP sıralarına qəbul edə bilər. Qəbuldan sonra onların ərizələri yaşadıqları rayon təşkilatına göndərilir və fərdi qəbul qaydalarına uyğun qeydə alınır.

5.4. Hər bir partiya üzvünə üzvlük vəsiqəsi verilir.

5.5. Partiya üzvü yalnız yaşadığı ərazidəki rayon təşkilatında qeydə alına bilər.

5.6. Partiyadan çıxmış şəxslərin yenidən üzvlüyə qəbulu rayon təşkilatının rəyi öyrənilməklə Siyasi Şura tərəfindən aparılır.

5.7. Partiyada üzvlüyün sona çatması partiya üzvünün şəxsi iradəsi (bu iradə ərizə və ya bəyanat formasında ifadə oluna bilər), yaxud ona tətbiq edilmiş intizam tədbiri (partiyadan xaric etmə) əsasında baş verir.

5.8. Partiyanın siyasi və idjeoloji xəttinə əməl etməyən və Nizamnaməni pozan üzvlərə xəbərdarlıq, töhmət, seçkili orqanın tərkibindən çıxarma və partiyadan xaric etmə kimi intizam tədbirləri tətbiq oluna bilər.

 Partiya üzvünün ona tətbiq olunmuş intizam tədbirindən bir ay ərzində MNTK-ya şikayət etmək hüququ var. MNTK iki həftə ərzində şikayətə baxıb qəti qərar verməlidir. Partiya üzvünün VHP-nin hər hansı orqanın qərarından məhkəməyə şikayət etmək hüququ vardır.

6. Partiya üzvlərinin hüquqları

6.1. VHP üzvü:

6.2. Partiyanın fəaliyyətində yaxından iştirak etmək;

6.3. Partiyanın seçkili orqanlarına seçmək və seçilmək;

6.4. Partiyanın seçkili orqanlarının verdiyi səlahiyyət daxilində həmin qurumu təmsil etmək;

6.5. Partiyanın işi ilə bağlı təkliflər vermək, təşəbbüs qaldırmaq və bu məsələləri müzakirə etmək;

6.6. Vəzifəsindən asılı olmayaraq, partiyanın istənilən üzvünün fəaliyyətini tənqid etmək;

6.7.  Partiya sıralarından sərbəst surətdə çıxmaq hüququna malikdir.

 6.8. Partiyanın hər bir üzvü və ya üzvlər qrupu öz iradəsini sərbəst ifadə etmək hüququna malikdir.

7. Partiya üzvlərinin vəzifələri

7.1 VHP üzvünün vəzifələri aşağıdakılardır:

7.2. Partiyanın Nizamnaməsinin tələblərinə əməl etmək;

7.3. Partiyanın birliyini, yekdilliyini pozacaq hərəkətlərə, eyni məqsəd, fikir və əqidəni paylaşan adamlar arasında ayrı-seçkiliyə yol verməmək;

7.4. Partiyanın seçkili orqanlarının qəbul etdiyi qərarları yerinə yetirmək;

7.5. Partiyanın şərəfini yüksək tutmaq, onun ideyalarını xalq arasında yaymaq;

7.6. Üzvlük haqqını vaxtında ödəmək;

7.7. Partiyanın Məramnamə və Nizamnaməsində nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək.

8. Partiyanın strukturu.

VHP-nin strukturuna – özək, rayon (şəhər) təşkilatları, Mərkəzi Nəzarət-Təftiş Komissiyası, Siyasi Şura, Ali Məclis, VHP-nin Sədri və Qurultay daxildir.

9. Özək təşkilatı.

9.1. Partiyanın təşkilat quruluşunun təməlini ərazi prinsipi əsasında yaradılmış, üzvlərinin sayı 3 nəfərdən az olmayan özəklər təşkil edir.

 

9.2. Yerli şəraiti, üzvlərinin sayını, ictimai-siyasi proseslərdəki mövqeyini nəzər alıb, hər hansı özək təşkilatına VHP Ali Məclisinin qərarı ilə rayon statusu verilə bilər;

9.3. Özək təşkilatının ali orqanı ən azı altı aydan bir çağrılan ümumi yığıncağıdır:

9.4. Ümumi yığıncağad özək təşkilatının sədri, müavini və katibi seçilir.

9.5. Yığıncaqlararası dövrdə özək təşkilatının fəaliyyətinə hesabat-seçki yığıncaqlarında seçilmiş özək sədri başçılıq edir.

9.6. Özək təşkilatlarının fəaliyyəti «VHP-nin özək təşkilatları haqqında Əsasnamə» ilə tənzimlənir;

9.7 Özək təşkilatı VHP Nizamnaməsini pozduqda MNTK-nın rəyi ilə rayon (şəhər) məclisi tərəfindən buraxıla bilər.

10. Rayon (şəhər) təşkilatı.

10.1. VHP rayon (şəhər) təşkilatı ərazi prinsipinə uyğun olaraq bütün bölgələrdə yaradıla bilər.

10.2. VHP rayon (şəhər) təşkilatı özəklərdən seçilmiş nümayəndələrin iştirak etdiyi konfranslarda təsis edilir və VHP Siyasi Şurasında qeydə alınır.

10.3. Partiyanın ali orqanlarının qərarları rayon təşkilatları üçün məcburidir.

10.4. Rayon (şəhər) təşkilatının ali orqanı iki ildə bir dəfədən gec olmayaraq keçirilən konfransdır. Növbədənəkənar konfrans partiya sədrinin, MNTK-nın, rayon təşkilatı məclisinin, şurasının və ya özək təşkilatlarının üçdə birinin təşəbbüsü ilə çağrıla bilər.

10.5. Konrfansa nümayəndəlik norması rayon (şəhər) təşkilatının məclisi və ya şurası tərəfindən müəyyənləşdirilir.

10.6. Konfrans:

10.7. Nümayəndələrinin ümumi sayının yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir;

10.8. Rayon (şəhər) təşkilatının sədrini, nəzarət-təftiş komissiyasını, məclisini və partiya qurultayına nümayəndələri seçir.

10.9. Rayon (şəhər) təşkilatının sədri təşkilatın işinə ümumi rəhbərlik edir və VHP Ali Məclisinin təbii üzvü sayılır. Təşkilatın başqa nüfuzlu nümayəndələri də partiya qurultayı tərəfindən Ali Məclisə seçilə bilər.

10.9.1. Konfranslararası dövrdə rayon (şəhər) təşkilatının ali orqanı konfrans tərəfindən seçilmiş məclisdir. Məclis rayon təşkilatının şurasını seçir və konfransın müstəsna səlahiyyətinə aid olan məsələlərdən başqa rayon təşkilatının fəaliyyətinə dair bütün məsələləri həll edir. 

10.9.2. Rayon (şəhər) təşkilatının məclisi özək təşkilatı sədrlərindən və digər üzvlərdən formalaşır və rotasiya yolu ilə öz tərkibini dəyişə bilər;

10.9.3. Rayon təşkilatının Məclisinə və şurasına təşkilatın sədri rəhbərlik edir.

10.9.4. Məclisin iclasları üç ayda bir dəfədən gec olmamaqla keçirilir.

10.9.5. Rayon (şəhər) təşkilatı rayonun (şəhərin) icitmai-siyasi həyatında partiyanı rəsmən təmsil etmək hüqunua malikdir.

10.9.6. Rayon (şəhər) təşkilatının təşkilat quruluşu mərkəzi aparata uyğun olaraq formalaşdırılır.

10.9.7. Rayon (şəhər) təşkilatının fəaliyyəti «VHP rayon (şəhər) təşkilatları haqqında Əsasnamə» ilə tənzimlənir.

11. Siyasi Şura.

11.1. VHP Siyasi Şurasının tərkibi partiya sədrinin təqdimatı əsasında Ali Məclis tərəfindən dörd il müddətinə təsdiq olunur. VHP Sədri və Ali Məclisin Sədri Siyasi Şuranın təbii üzvləri sayılırlar.

11.2. VHP Siyasi Şurası:

•             Partiyanın cari fəaliyyətinə rəhbərlik edir;

•             Qurultayın və Ali Məclisin qərarlarını reallaşdırmaq istiqamətində partiya təşkilatlarına tövsiyələr verir və onların fəaliyyətini əlaqələndirir;

•             Partiya adından bəyanat və müraciətlər qəbul edir;

•             Seçkilərdə və dövlət orqanlarının işində iştirakla bağlı bütün məsələləri həll edir;

•             Ali Məclisin verdiyi səlahiyyətlər çərçivəsində Partiyanın maliyyə vəsaitindən istifadə haqqında sərəncam verir, partiya sədrinin təqdimatı ilə icra aparatının quruluşunu müəyyənləşdirir və ştat cədvəlini təsdiq edir.

11.2. Siyasi Şuranın iclasları ayda iki dəfədən az olmayaraq keçirilir.

11.3. Siyasi Şuranın işinə VHP sədri rəhbərlik edir, sədr müxtəlif səbəblər üzündən öz vəzifəsini icra edə bilmədikdə, onu sədrin sərəncamı ilə I müavin və ya müavinlərdən biri əvəz edir.

12. Ali Məclis.

12.1. VHP-nin Ali Məclisi:

12.2. Ali Məclis rayon (şəhər) təşkilatları sədrlərindən və onların ümumi sayının yarısından çox olmamaq şərti ilə qurultayda seçilən üzvlərdən dörd il müddətinə təşkil olunur və Qurultaylararası dövürdə VHP-nin ali orqanıdır.

12.3. Ali Məclis rotasiya yolu ilə öz tərkibini dəyişə bilər.

12.4. Ali Məclisin iclasları altı ayda bir dəfədən gec olmayaraq keçirilir.

12.5. Ali Məclis Qurultaydan sonrakı ilk iclasında özünün sədrini və katibini seçir.

12.6. Partiya sədrinin təqdimatı ilə VHP Siyasi Şurasını təsdiq edir.

12.7. Növbədənkənar iclasları VHP sədrinin, Ali Məclis üzvlərinin üçdə birinin tələbi və Siyasi Şuranın qərarı ilə 15 gün müddətində çağrılır.

12.8. Partiya Qurultayının müəyyən etdiyi vəzifələri həyata keçirmək istiqamətində Ali Məclis qərar, əsasnamə və təlimatlar qəbul edir.

12.9.9. VHP-nin əmlak və maliyyə məsələlərini həll edir.

12.9.1. Ali Məclis VHP Qurultayının səlahiyyətlərinə aid məsələlər istisna olmaqla, bütün digər məsələləri müzakirəyə çıxarır və qərar qəbul edir;

12.9.2. Öz tərkibində müxtəlif sahələrə dair komissiyalar («ideoloji siyasət», «sosial-iqtisadi siyasət», «təhsil», «səhiyyə», «idman və gənclər», «mədəniyyət və turizm», «ekoloji siyasət», «seçki siyasəti», «beynəlxalq və ictimai əlaqələr» və s.) yaradır. Komissiyalar ölkə həyatına dair VHP-nin platformalarını, proqram və layihələrini hazırlayıb Ali Məclisin təsdiqinə verir. Komissiyaların işinə VHP üzvü olmayan mütəxəssis alimlər də cəlb edilə bilər.

13. VHP-nin Sədri.

13.1. VHP-nin Sədri Qurultay tərəfindən dörd il müddətinə seçilir, partiyanın fəaliyyətinə ümumi rəhbərlik edir və VHP Qurultayına hesabat verir.

13.2. VHP-nin Sədri:

•             Dövlət orqanları və ictimai-siyasi təşkilatlarla münasibətlərdə, beynəlxalq əlaqələrdə partiyanı təmsil edir, ictimai-siyasi həyatın aktual məsələləri ilə bağlı müraciət və bəyanatlarla çıxış edir, Qurultayın müəyyən etdiyi səlahiyyətlər çərçivəsində VHP adından müqavilə və sazişlər imzalayır, müvafiq əmr, sərəncam və göstərişlər verir.

•             Siyasi Şuranın və Ali Məclisin qərarlarını partiya Nizamnamə və Məramnaməsinə zidd hesab etdikdə, həmin qərarın icrasını növbəti iclasadək dayandırır və fikrini əsaslandıraraq yenidən müzakirəyə verir. Ali Məclisin qərarı həlledicidir.

•             Partiyanın fəaliyyət istiqamətlərinə uyğun olaraq öz müavin və müşavirlərini təyin edir;

•             «VHP-nin İcra Aparatı haqqında» Əsasnaməyə uyğun fəaliyyət göstərən İcra aparatı yaradır.

14. Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK).

14.1. VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) Partiyanın Qurultayında yeddi nəfər tərkibdə dörd il müddətinə seçilir.

14.2. VHP  Mərkəzi Nəzarət-Təftiş Komissiyası:

•             Qurultaydan sonrakı ilk iclasında özünün Sədrini və katibini seçir;

•             iclasları üç ayda bir dəfədən gec olmayaraq keçirilir;

•             Partiyanın bütün orqanlarının, təşkilatlarının və üzvlərinin fəaliyyətinin VHP Nizamnaməsinə uyğun olmasına birbaşa nəzarət edir;

•             VHP üzvlərinə tətbiq edilən intizam tədbirləri ilə əlaqədar şikayətlərə iki həftə müddətində baxıb müvafiq qərar çıxarır;

•             Partiyanın maliyyə işlərinə nəzarət edir;

•             Rayon (şəhər) təşkilatlarının NTK-nın işini istiqamətləndirir;

•             Partiyanın Qurultayına hesabat verir.

15. VHP-nin Qurultayı.

15.1. VHP-nin ali orqanı dörd ildən bir çağrılan Qurultaydır. Növbədənkənar Qurultay VHP sədrinin, MNTK-nın, Ali Məclis üzvlərinin üçdə birinin, rayon (şəhər) təşkilatlarının yarısının təklifi ilə 30 gün ərzində çağrılır.

15.2. VHP-nin rayon (şəhər) təşkilatlarında konfransların keçirilməsi qurultayın vaxtı müəyyənləşəndən sonra başlanır və qurultayın iş gününə 7 gün qalmış başa çatır.

15.3. Qurultaya nümayəndəlik norması VHP Siyasi Şurası tərəfindən müəyyən olunur.

15.4. VHP-nin Sədri, Azərbaycan Respublikası Milli Məclisində VHP-ni təmsil edən millət vəkilləri, Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvləri Qurultayın təbii nümayəndələri sayılırlar.

15.5. Qurultayın təxmini gündəliyi və reqlamenti Siyasi Şura tərəfindən hazırlanır;

15.6. Qurultay VHP Sədri tərəfindən açılır.

15.7. Qurultay nümayəndələrin ümumi sayının yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

15.8. Qurultayı açıq səsvermə yolu ilə seçilmiş sədarət və katiblik idarə edir.

15.9. Qurultay:

•             VHP Sədrinin, Ali Məclisin və MNTK-nın Qurultaylararası dövrdəki fəaliyyətinə dair hesabatlarını dinləyir, müzakirə edir və qiymətləndirir;

•             VHP-nin Nizamnamə və Məramnaməsini, onlara əlavə və dəyişiklikləri təsdiq edir;

•             partiyanın fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edir.

•             VHP-nin fəaliyyəti ilə bağlı digər məsələləri müzakirə edib uyğun qərarlar qəbul edir.

•             Partiyanın rəmzlərini – himnini, gerbini və bayrağını təsdiq edir;

•             Partiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir;

•             Qurultayın səlahiyyətinə aid olan istənilən məsələnin həlli üçün Ali Məclisə səlahiyyət verir;

•             VHP-nin Sədrini seçir;

•             VHP-nin Ali Məclisinin tərkibini seçir;

•             VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasını seçir;

•             Ölkə və beynəlxalq həyatın çeşidli problemlərinə dair bəyanatlar və müraciətlər qəbul edir.

15.9.1. Bütün Qərarlar Qurultayda iştirak edənlərin sadə səs çoxluğu ilə, açıq və ya gizli səsvermə  yolu ilə qəbul edilir.

16. VHP-nin əmlak və maliyyə məsələləri

 

16.1. VHP-nin mülkiyyətində Azərbaycan Respublikası qanunvericiliyinə  uyğun olaraq  əldə edilmiş əmlaklar ola bilər.

16.2. VHP-nin mədaxili aşağdakılardan ibarətdir:

•             üzvlük haqqı;

•             əmlakdan götürülən gəlir;

•             tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, gəlirlərlə bağlı olan buna bənzər başqa fəaliyyətdən götürülən gəlir;

•             qanunvericilikdə nəzərdə tutulmuş ianələr;

•             qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait.

16.3. Partiyanın məxarici aşağdakılardan ibarətdir:

•             cari işlərə çəkilən xərclər;

•             siyasi partiyanın idarələrinin işinə və informasiyaya çəkilən xərclər;

•             ictimaiyyətlə əlaqələrə və seçkilərin keçirilməsinə çəkilən xərclər;

•             aşağı təşkilatlara ödənclər;

•             kreditlər üzrə faizlər;

•             fərdi xərclər;

•             qalan xərclər.

16.4. VHP-nin hesabındakı pul vəsaiti Ali Məclis tərəfindən təsdiq edilmiş smetaya müvafiq olaraq xərclənir.

16.5 Hər təqvim ilinin axırında tərtib edilən hesabatda üzvlük haqqı ödəyən partiya üzvlərinin sayı göstərilir.

16.6. Ərazi təşkilatlarının hesabatları da partiyanın maliyyə hesabatına daxil edilir.

16.7. VHP-nin mülkiyyətində binalar, avadanlıq, nəşriyyatlar, mətbəələr, nəqliyyat vasitələri, habelə nizamnamə vəzifələrini yerinə yetirmək üçün lazım olan digər əmlak ola bilər.

16.8. VHP-nin mülkiyyətində torpaq, sənaye müəssisələri, istehsal birlikləri və kooperativlər ola bilməz, VHP təsərrüfat və ya kommersiya fəaliyyəti ilə məşğul ola bilməz.

16.9. VHP-nin maliyyə ili 1 yanvardan 31 dekabradək olan dövrü əhatə edir.

17. VHP-nin fəaliyyətinə xitam verilməsi.

VHP-nin fəaliyyətinə Qurultayda iştirak edən nümayəndələrin üçdə iki hissəsinin səs çoxluğu ilə və ya məhkəmənin qərarı ilə xitam verilə bilər. Bu zaman partiyanın əmlakı zəruri hesablaşmalardan sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Partiyanın əmlakı onun rəhbər orqanları və ya üzvləri arasında bölüşdürülə bilməz.

18. Digər şərtlər.

18.1. VHP-nin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

18.2. Nizamnaməyə edilmiş əlavə və dəyişikliklər dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Nizamnaməyə dəyişikliklər və əlavələr partiya qurultayında iştirak edən nümayəndələrin yarıdan çoxu səs verdikdə qəbul edilir.

18.3. Gələcəkdə bu nizamnamənin hər hansı müddəası qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müvafiq norması tətbiq edilir.

Back to top button
Close