“Minsk qrupunun canlanmasında maraqlı olan tərəf rəsmi İrəvandır” – Samir Əsədli

“Otuz il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəticə verməyib. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi qələbə, Ermənistanın işğalının sona çatması bu qrupun mövcudluğunu faktiki olaraq puç etdi. İndi bu, ölü strukturdur”.

Bu fikirləri VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Minsk Qrupunun Qarabağ münaqişəsinin həlli çərçivəsində 30 illik fəaliyyətsizliyi və bu gün yenidən aktivləşməsinə münasibət bildirərkən deyib.

S.Əsədli bildirib ki, Minsk Qrupunun fəaliyyətsizliyi yaxın tarixin işidir və bu unudulmayıb: “Münaqişəni həll etmək üçün Minsk Qrupu 30 il ərzində müvafiq mandata sahib idi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk Qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistana işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib.

Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etməyiblər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, müəyyən ideyalarla çıxış etməkdən, bir birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görməyiblər. Ona görə də, Azərbaycan xalqı haqlı olaraq Minsk Qrupunun fəaliyyətindən həmişə narazı olub. Artıq bu məsələlər geridə qalıb. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib və öz ərazisi daxilində problemləri özü həll etmək iqtidarındadır”.

VHP funksioneri ATƏT Minsk Qrupunun fəaliyyətsizliyinin digər məqamları da üzə çıxartdığını bildirib: “ATƏT Minsk Qrupunun həmsədri olan ölkələrin mövqelərini də görmüşük. Prezident Emmanuel Makron Fransanı Minsk Qrupunun həmsədri kimi geri dönüşü olmadan diskreditasiya etdi, nüfuzdan saldı. Çünki açıq bəyanatlarla Ermənistanın tərəfini tutdu və bununla da diplomatik bitərəfliyi pozdu.

Makron hətta “Mən Ermənistana və ermənilərə səslənirəm: Fransa öz rolunu oynayacaq” deməkdən də çəkinmədi. İyulun 9-10-da Şuşada səfərdə olan onlarla səfir və diplomatın arasında ABŞ, Rusiya və Fransanın diplomatik missiyalarının rəhbərlərinin olmaması da yaddan çıxmayıb.

O zaman bu neytrallıq adı altında pərdələndi. Amma bütün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə Qarabağa səfər ediblər və erməni separatçıların liderlərilə danışıqlar aparıblar. Nədənsə, o zaman neytrallıq məsələsi ortaya çıxmırdı və Bakı buna razılıq verirdi, eynilə Qırmızı Xaçın bölgədəki işi kimi”.

S.Əsədli indiki situasiyada ATƏT Minsk Qrupunun dövriyyəyə salınmasının Ermənistan üçün “saman çöpündən” yapışmaq olduğunu qeyd edib: “Öncə Minsk Qrupunun canlanmasında maraqlı olan tərəfə baxaq – bu, rəsmi İrəvandır. ATƏT-in Minsk Qrupunun vasitəçiliyini Ermənistana cazibədar göstərən onun hazırladığı, amma icra edə bilmədiyi “Madrid prinsipləri”dir. Ermənistan tərəfi 2007-ci ilin noyabrında ATƏT-in Madrid konfransında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə təqdim olunan “Madrid prinsipləri”ndən imtina etmişdi.

2020-ci ildə Ermənistan baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ respublikası”nın işğal olunmuş ərazilərdən qovulmuş Azərbaycan vətəndaşlarının iştirakı olmadan Azərbaycanla aparılan danışıqlarda tərəf kimi çıxış etməli olduğunu söyləməklə, “Madrid prinsipləri”ndən birbaşa imtina etmiş oldu. Bu bəyanat açıq şəkildə yalnız Madrid təkliflərindən yox, həm də Minsk Qrupunun fəaliyyətindən imtina edilməsi demək idi. İndi isə başına dəyən “Dəmir Yumruq”dan gicəllənən Ermənistan yeni sayıqlamalar edir. Münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsidir, diplomatik təcrübədə müharibələr belə sona çatır. Bu gün Ermənistan üçün tək çıxış yolu 10 noyabr anlaşmasının şərtlərinə əməl etmək və rus sülhməramlılarının nəzarətində olan ərazilərdəki hərbçiləri geri çəkməkdir.”

AzPolitika

Bütöv yazını göstər
Back to top button
Close