VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ
MƏRAMNAMƏSİ
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Azərbaycan Respublikası Konstitusiyası, “Siyasi Partiyalar haqqında” Qanun və digər müvafiq qanunlar çərçivəsində qurulmuş və fəaliyyət göstərən siyasi partiyadır. VHP-nin ali məqsədi müstəqil, bütöv, demokratik, qüdrətli Azərbaycan dövləti qurulmasına nail olmaqdır.
İnsan haqqını, bəşəri dəyərləri və milli mənafeni hər şeydən üstün tutan Vətəndaş Həmrəyliyi Partiyası:
– Xalqların azad və müstəqil yaşamaq, dövlət qurmaq haqqını, beynəlxalq normalarla müəyyənləşdirilmiş insan hüquqlarını və azadlıqlarını;
– Bəşər tarixinin ilkin insan məskənlərindən sayılan, çoxəsrlik dövlətçilik ənənələrinə, zəngin təbii sərvətlərə, böyük əmək ehtiyatlarına, qədim mədəniyyətə, güclü, mənəvi potensiala malik olan Azərbaycanın XX yüzilin başlanğıcından ardıcıl olaraq torpaq itkisinə məruz qaldığını, xalqımızın parçalanmış vəziyyətində olduğunu;
– Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının, demokratiyanın inkişafı, Azərbaycan Respublikası vətəndaşlarının və ölkədə yaşayan hər kəsin xoşbəxt gələcəyi uğrunda mübarizədə xalqımızın qarşısına çıxan və irticaçı qüvvələrin əli ilə hazırlanan hər cür fitnəkarlığın zərərsizləşdirilməsi, müharibələrin, ictimai, iqtisadi və ekoloji fəlakətlərin qarşısının alınması üçün vahid milli ideya ətrafında birləşmənin zəruriliyini;
– Müstəqil Azərbaycan Respublikasında dövlət quruculuğuna yardım göstərə biləcək, heç bir pozucu məqsəd güdməyən, Tanrının və xalqın iradəsinə, Azərbaycan əhalisinin bütövlük və xoşbəxtlik ideyalarına sadiq olan, cinsindən, etnik və dini mənsubiyyətindən, ictimai-siyasi dünyagörüşündən, sosial mənşəyindən asılı olmayaraq, Azərbaycan Respublikasında yaşayan hər kəsin firavan həyatı, rahat işi və yaşayış şəraiti uğrunda mübarizədə müxtəlif qüvvələri, niyyətləri, mənafeləri əlaqələndirən, demokratik ruhlu, humanist təbiətli, geniş perspektivli, əməli fəaliyyət imkanına malik siyasi partiyaya olan ehtiyacı nəzərə alaraq fəaliyyətə başlayan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) milli birliyi və vətəndaş sülhünü, Azərbaycanın Respublikasının ərazi, mənəvi və geosiyasi bütövlüyünü qorumağın, AZAD, DEMOKRATİK, BÜTÖV və GÜCLÜ AZƏRBAYCAN dövlətinin qurulmasını başlıca və ən zəruri hədəf hesab edir.
VHP ümumbəşəri siyasi dəyərlər olan azadlıq, bərabərlik, həmrəylik ideyalarını öz siyasi fəlsəfəsinin əsası sayır. Bu dəyərlərin biri digərini tamamladığı üçün, birinin tətbiqi o birinin inkarına səbəb ola bilməz.
“Azadlıq” – millət üçün istiqlaliyyət, Dövlət üçün demokratiya, İnsan üçün söz, düşüncə özgürlüyü, Vətəndaş üçün hərtərəfli özünüifadə imkanı, siyasi-iqtisadi-mədəni sahələrdə fəaliyyət sərbəstliyidir. Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarı “Azadlıq” prinsipinin əsasını təşkil edir.
“Bərabərlik” cinsindən, millətindən, dinindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün insanların öz azadlıqlarını gerçəkləşdirməkdə bərabər imkanlara malik olması, bərabər hüquqları ehtiva edir. Vətəndaş Həmrəyliyi Partiyası insan haqqını qorumağı hədəf seçərkən böyük Mustafa Kamal Atatatürkün “Yurdda sülh, cahanda sülh” prinsipini əsas tutur.
“Həmrəylik” ideyası Vətəndaş Həmrəyliyi Partiyası proqramının əsas ideyasıdır. Bu gün dünyada mövcud olan siyasi, iqtisadi, mənəvi və ekoloji böhranlar, humanitar problemlər xalqların birgə mübarizəsini tələb edir. Azərbaycan dövlətini yalnız VƏTƏNDAŞ HƏMRƏYLİYİnə nail olmaqla inkişaf etdirmək mümkündür, bu yolla biz dövlətimizi azad, bütöv və güclü hala gətirə bilərik.
Həmrəylik – azadlıq, bərabərlik məqsədlərinə çatmaq, bu dəyərləri gerçək məzmunla doldurmaq üçün insanların birgə, ortaq fəaliyyətidir.
Həmrəylik – cinsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq və bütün sosial-siyasi təbəqə mənsublarının ümummilli məqsədlər uğrunda birləşməsidir.
Həmrəylik – haqqın yanında olub, zülmə etiraz etməkdir.
Sabir Rüstəmxanlının “Nicatımız vətəndaş həmrəyliyindədir” devizini əsas fəaliyyət istiqaməti olaraq götürür.
VHP öz Məramnaməsini həyata keçirmək üçün demokratik prinsipləri rəhbər tutan siyasi partiyadır.
VHP-nin ali məqsədi Azərbaycanda müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət və azad vətəndaş cəmiyyəti qurulmasına, onun beynəlxalq birliklərin bərabərhüquqlu üzvünə çevrilməsi prosesinin tamamlanmasına, Azərbaycanı dünyanın inkişaf etmiş, vətəndaşları firavanlığa qovuşmuş ölkələrin sırasına çıxarmağa nail olmaqdır.
VHP-nin əsas prinsip və məqsədləri
Vətəndaş Həmrəyliyi Partiyası vətənpərvər, demokratik düşüncəli Azərbaycan vətəndaşlarının birləşdiyi siyasi partiya olaraq fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında formalaşdırır.
Vətəndaş Həmrəyliyi Partiyası:
– ictimai həyatın bütün sahələrində dövlətə, millətə, vətənə sevgi və inam mühitinin yaradılmasını cəmiyyətin normal və ahəngdar fəaliyyətinin zəruri şərti sayır;
– dünyadakı bütün ölkələrə, xalqlara, onların tarixinə, mədəniyyətinə, seçdikləri inkişaf yoluna, həmçinin milliyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, dünyagörüşündən, sosial mənşəyindən asılı olmayaraq hər bir fərdə hörmətlə yanaşır, təbii, ekoloji, iqtisadi, ictimai, mənəvi fəlakətləri dəf etmək uğrunda onlar həmrəyliyini bildirir;
– dünyanın hazırki siyasi xəritəsinə obyektiv reallıq kimi baxır, heç bir ölkəyə və dövlətə təcavüzkar iddialar irəli sürmür;
– ictimai inkişafı təkamül və islahatlarda görür, dövlət mexanizmini isə bu təkamülə şərait yaradan və maneələrdən qoruyan vasitə sayır, hər hansı şəkildə zorakı inqilabın, siyasi avantüranın, düşünülməmiş ictimai eksperimentlərin, subyektiv özbaşınalığın əleyhinədir;
– fəaliyyətində insan amilini, maarifçiliyi, quruculuğu, yaradıcılığı əsas götürür, ümumbəşəri xoşbəxtliyin yolunu inqilablarda, müharibələrdə yox, insan azadlığını əsas tutaraq elmi tərəqqidə görür;
– dünya ölkələrinin dövlətçilik təcrübəsinin mexaniki və təhrif olunmuş şəkildə Azərbaycana tətbiqini yolverilməz sayır; hakimiyyət formasını cəmiyyətin inkişaf məntiqindən doğan, tarixi ənənələrə, ictimai şüurun səviyyəsinə və milli psixologiyaya uyğun olmasını vacib sayır;
– Azərbaycan vətəndaşlarının iradəsini, real tələblərini ifadə edən müstəqil, demokratik, hüquqi dövlət hər hansı zümrənin, qrupun və ya partiyanın mənafeyinə xidmət etməməli, əksinə, cəmiyyətdəki sağlam mənafelərin uzlaşdırılmasına, millətin inkişafına çalışmalıdır;
– dövlət öz fəaliyyətində yalnız bir ideyanı – ümummilli mənafeyi əsas götürməlidir;
– vətəndaş cəmiyyəti və konstitusiyalı demokratiya siyasi münasibətlər məcmusunu ən ədalətli və sabit təməl hesab edir: Azad insanların elə bir vətəndaş cəmiyyətini qurmaq istəyirik ki, burada hər bir kəs hüquqlarına təminat verən qanunlar çərçivəsində yaşasın;
– yalnız liberal bazar iqtisadiyyatını ictimai sərvətlərin dinamik toplanmasını və ədalətli bölgüsünü təmin edə bilən forma hesab edir;
– siyasi məqsəd olaraq parlament, prezident və bələdiyyə seçkilərində qələbə çalaraq dövlətin idarə olunmasında iştirak etməyi qarşısına məqsəd qoyur;
– partiyalar arasında siyasi mübarizəni sivil, demokratik metodlarla və yalnız qanun çərçivəsində siyasi metodlarla, milli mənafeyə uyğun həyata keçirilməsini, millətin mənafeyinin bütün siyasi iddialardan üstün tutulmasını vacib sayır; elm, təhsil, mədəniyyət və səhiyyənin xüsusi diqqət tələb edən sahələr kimi dövlət himayəsində olmasını, mətbuat azadlığının və dövlətin qanunları çərçivəsində dini fəaliyyətin təmin olunmasını və həmin sahələrdə fərdi təşəbbüsə geniş yer verilməsini, ümumi inkişaf üçün düzgün rəqabət sistemi yaradılmasını əsas götürür;
– ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahəsində regional və lokal proqramların hazırlanması və həyata keçirilməsi ideyasını müdafiə edir;
– respublikada yaşayan etnik azlıqların özünəməxsusluğunun qorunması və milli mədəni inkişafı üçün şərait yaradılmasını vətəndaş həmrəyliyinin möhkəmlənməsində əsas amillərdən biri sayır.
Qeyd olunan ideya-nəzəri prinsiplər Vətəndaş Həmrəyliyi Partiyasının ideoloji-siyasi fəaliyyətinin əsasını təşkil edir. VHP yuxarıda göstərilən başlıca prinsiplər əsasında öz ali məqsədinə nail olmaqdan ötrü yaxın müddət üçün qarşısına bu vəzifələri qoyur.
Dövlət quruculuğu sahəsində
VHP Azərbaycan Xalq Cumhuriyyətinin varisi olan Azərbaycan Respublikasının idarəçilik sistemini parlamentli respublika idarəçilik sistemi kimi görür. Dövlət insanların hüquq və azadlıqlarını qorumaq üçün yaradılmışdır. Onun orqanlarının bütün istiqamətləri – QANUNVERİCİLİK, İCRA və MƏHKƏMƏ hakimiyyəti vətəndaşların iradəsi ilə formalaşmalıdır. Azərbaycanın hər bir vətəndaşının azad, firavan yaşaması, qanunların və onun icrasının hamı üçün bərabər, ali və ədalətli olması uğrunda mübarizə VHP-nin fəaliyyət Məramnaməsinin əsas istiqamətidir. Dövlət orqanlarının bütün strukturlarında avtoritarizmə, monopoliyaya, tayfabazlığa, korrupsiyaya, rüşvətxorluğa, haqsızlığa qarşı barışmaz mübarizə bizim mövqeyimizdir. Haqqı mənimsənilənlə haqqı mənimsəyən birləşə bilməz. Yalnız ədalətli qanunlar, onların hər bir insan üçün aliliyi baxımından tətbiqi xalqı birləşdirir, cəmiyyəti inkişaf etdirir, dövləti möhkəmləndirir. Ədalət dövlətin ləyaqəti, cəmiyyətin tərəqqisi, vətəndaşların həmrəyliyidir. Ədalətsizlik dövlətin qüsuru, cəmiyyətin tənəzzülü, vətəndaşların ixtilafıdır.
Ölkənin inkişafının ilkin şərti dövlət quruculuğunun bütün istiqamətlərində qanunların tətbiqinə nail olmaqdır. Azərbaycanın suverenliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi, dünyəvi, demokratik dövlətin bərqərar olması, ölkədə VƏTƏNDAŞ HƏMRƏYLİYİ və SOSİAL ƏDALƏTin təmini üçün bütün dövlət orqanlarının fəaliyyəti xalqın mənafeyinə xidmətə tabe etdirməlidir. Çünki Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!
Dövlət və idarəçilik strukturları
– AZƏRBAYCAN RESPUBLİKASI əxlaq və hüquq sütunları üzərində yüksələn, demokratik, milli dəyərlərə söykənən dünyəvi, unitar və mədəni dövlət kimi Dünya düzənində öz layiqli yerini tutmalıdır;
– KONSTİTUSİYAda dəyişiklik zəruridir: bir şəxsin 2 dəfədən artıq prezident seçilməsini əngəlləyən maddə bərpa edilməli, prezidentlik institutunun səlahiyyətləri azaldılmalı, Qanunvericilik və Məhkəmə hakimiyyətinin statusları artırılmalıdır;
– PREZİDENT milli təhlükəsizlik, daxili işlər, müdafiə və xarici işlər sferalarına rəhbərlik etməklə yanaşı ölkənin iqtisadi siyasətini həyata keçirmək üçün bir çox məsələlər Nazirlər Kabinetinin səlahiyyətinə verilməlidir;
– MİLLİ MƏCLİS icraedici hakimiyyətə nəzarəti gücləndirilməli və hökümətin xalqın seçkili nümayəndələri qarşısında mütəmadi hesabat verməsi qaydası möhkəmlənməlidir;
– NAZİRLƏR KABİNETİ hər il parlament qarşısında hesabat verməli, islahatlar proqramı üçün siyasi məsuliyyət daşımalı və o, etimad qazanmadığı təqdirdə tam heyətlə istefaya göndərilməlidir;
– BAŞ NAZİR aktiv fəaliyyət göstərməli, ölkənin siyasi-iqtisadi həyatına rəhbərlik etməli və onun ardıcıl iqtisadi yüksəlişini təmin etməli, yeni iş yerləri yaratmalıdır;
– İNZİBATİ-ƏRAZİ QURULUŞU və ərazi idarəetmə qaydaları dəyişdirilməlidir. İcra hakimiyyətləri ləğv edilməli, bölgələrdəki hakimiyyət yerli özünüidarəetmə orqanlarına verilməlidir. İcra hakimləri haqqında Əsasnamə dəyişdirilməli və onların yerini vəzifəsi Konstitusiya və qanunların icrasını təmin etməkdən ibarət olan prezidentin regionlardakı səlahiyyətli nümayəndələri – valilər əvəzləməlidir.
– BƏLƏDİYYƏLƏR yerli özünüidarəetmə orqanı kimi tam hakimiyyətə sahib olmalı və bu status konstitusiyada təsdiq olunmalıdır. Şəffaf bələdiyyə seçkiləri keçirilməli və xalqın seçkili nümayəndələrinin idarəçiliyi gücləndirilməlidir. Rayonların mənzil-kommunal təsərrüfatları tam şəkildə yerli özünüidarə orqanlarının sərəncamına verilməlidir;
– SİYASİ PARTİYALAR ölkə idarəçiliyində iştirak hüququnu konstitusiyaya uyğun təsbit etməlidir. Milli Məclisdəki yerlərin 50/50 nisbətində majoritar və proporsional sistemə bölünməlidir. Azad və şəffaf seçkilərdən sonra parlamentdə yer qazanmış aparıcı partiya hökuməti formalaşdırmaq hüququ qazanır;
– KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİnin siyasi və iqtisadi azadlığı möhkəmləndirilməli, azad mətbuatın genişlənməsi üçün dövlət üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
– QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI hakimiyyətə ictimai nəzarət mexanizminin bir hissəsi olmaqla bərabər, hökumətin qəbul etdiyi bir sıra qərarlara tövsiyə vermək statusu qazanmalıdır;
Sosial-iqtisadi siyasət
Vətəndaş Həmrəyliyi Partiyası ölkənin sosial-iqtisadi sektoru ilə bağlı aşağıdakıları təklif edir:
– İqtisadi siyasətin başında insan faktoru durmalıdır;
– insan amilinə qayğı və diqqət milli gəlirin başlıca faktoru olmalıdır;
– sosial yönümlü layihələrin icrası dərinləşdirilməli, burdakı şəffaflığı təmin edilməlidir;
– hərbi qulluqçular, hüquq-mühafizə orqanları, səhiyyə və təhsil əməkdaşlarına xüsusi sosial güzəştlər tətbiq edilməlidir;
– ölkədə maliyyə amnistiyası elan edilməli, amnistiyada “çirkli pullar”ın 75 faizi dövlət büdcəsinə ödənməlidir;
– Bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması, milli sərvətlərin effektiv toplanmasının və ədalətli bölünməsinin ən yaxşı özülünün azad iqtisadiyyat olmasının dərki;
– Azərbaycanın Avropa və dünyanın iqtisadi və siyasi strukturlarına mərhələli inteqrasiyası;
– xüsusi mülkiyyətin toxunulmazlığı;
– dövlətin iqtisadiyyatda rolunun dəyişdirilməsi, dövlətin indiki əsasən qadağanedici funksiyalarının iqtisadi bazarın əyri-əskiklərini nizamlayan institutla əvəzlənməsi;
– nisbi maliyyə sabitliyinin dəstəklənməsi əvəzinə, rəqabətədavamlı yerli müəssisələrin yaranmasının stimullaşdırılması dövlətin pul-kredit siyasətinin əsas vəzifəsinə çevrilməsi;
– inhisarçılığa qarşı mübarizə və sağlam rəqabət üçün şəraitin yaradılması;
– mülkiyyətçinin və sahibkarın müdafiəsi – mülkiyyətin toxunulmazlığı, təşəbbüsün stimullaşdırılması;
– vergi və gömrük siyasətinin dünyanın sivil ölkələrinin təcrübəsinə söykənərək, elmi əsaslarla təşkil olunması;
– büdcənin neftdən asılılığının azaldılması və milli sərvətin məqsədli istifadəsinin tətbiq edilməsi;
– ölkənin ÜTM-yə üzv olması və xırda biznesin inkişafına ayrılan kreditlərin sayını artırmaqla faiz dərəcələrinin aşağı salınması;
– azad rəqabət və bütün sahibkarlar üçün bərabər, start vəziyyətinə hesablanan bazar münasibətlərinin formalaşdırılmalı; İqtisadiyyatın qeyri-neft və aqrar-sənaye sektorunun gücləndirilməli. Ölkədə daha əlverişli investisiya mühiti yaradılmalı, yerli və xarici sərmayədarlar sənaye, aqrar və turizm sektoruna kapital qoyuluşuna həvəsləndirilməlidir. Gəlirlərin şəffaflığı, vergi deklorasiyası, antiinhisarçılıq gerçək olaraq tətbiq edilməli, sahibkarların mülkiyyət toxunulmazlığı və onların siyasi mənsubiyyətə görə bölünməsi praktikasına son qoyulmalı; lisenziyalaşdırılan fəaliyyət növlərinin siyahısı qısaldılmalı, hüquqi şəxslərin qeydiyyat proseduru sadələşdirilməli;
– milli valyutanın kursu liberallaşdırılı, xaricdən borc və kreditalma praktikası ciddi nəzarətə götürülməlidir. Təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sistemlərində Azərbaycanın sosial-iqtisadi inkişafı baxımından təxirəsalınmaz islahatlar keçirilməli; Regionların iqtisadi inkişafını təşkil etmək üçün nazirliklər, dövlət komitələri və digər respublika miqyaslı idarələr paytaxtdan köçürülərək müvafiq olaraq bölgələrdə fəaliyyət göstərməlidir.
Hər şey xalqa, hər şey insana, ölkədə yaşayan hər bir vətəndaşa xidmət etməlidir!
Ümumi prinsiplər
Vətəndaş Həmrəyliyi Partiyası millətindən, dinindən, irqindən, sosial vəziyyətindən, harada doğulmasından və yaşamasından asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşlarına xidmət edən hakimiyyət strukturları yaratmaq uğrunda mubarizə aparır.
Vətəndaş Həmrəyliyi Partiyası humanist ideyalara, ümumbəşəri prinsiplərə və milli dəyərlərə əsaslanan Məramnaməsini bəyan etməklə, bu prinsipləri qəbul edən hər bir fərdi azad, demokratik vətəndaş cəmiyyəti quruculuğu uğrunda bərabərhüquqlu əməkdaşlığa və birgə fəaliyyətə çağırır.
Azadlıq, məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar – partiyamızın məramları liberalizmin bu əsas dəyərlərindən qaynaqlanır. Bu prinsiplərin həyata keçməsi güclü vətəndaş cəmiyyətinin, demokratik hakimiyyətin, azad bazarın və beynəlxalq əməkdaşlığın əsaslarını yaradır.
İnanırıq ki, qanunun aliliyi, tam və keyfiyyətli təhsilə yiyələnmək üçün ədalətli şərait, söz, toplantı və informasiya almaq azadlığı, qadınlar və kişilər üçün bərabər hüquq və imkanlar, tolerantlıq və dözümlülük, sahibkarlığa və əməyin tətbiqinə azad imkan fərdin azadlığını şərtləndirən amillərdir.
Hesab edirik ki, vətəndaş cəmiyyəti və konstitusiyalı demokratiya siyasi münasibətlər məcmusunun ən ədalətli və sabit əsasıdır. Azad insanların elə bir vətəndaş cəmiyyətini qurmaq istəyirik ki, burada hər bir kəs hüquqlarına təminat verən qanunlar çərçivəsində yaşasın. Elə bir dövlət istəyirik ki, səlahiyyətləri demokratiya qaydalarına tabe olub, demokratiya normaları ilə məhdudlaşsın.
Əminik ki, yalnız liberal bazar iqtisadiyyatı ictimai sərvətlərin dinamik toplanmasını və ədalətli bölgüsünü təmin edə bilər.
İnsan hüquq və azadlıqlarının dövlətin hüquqları qarşısında üstünlüyü partiyanın əsas məramnamə bəndidir.Yalnız azad adam qurub-yaratmaq, yaradıcı olmaq iqtidarındadır. Yalnız azad insanın ölkəsi sözün əsl mənasında zəngin ola bilər; insan amili və potensialı təbii sərvətlər və enerji ehtiyatlarından daha önəmlidir. Azadlığı olmayanların mədəni və mənəvi inkişafı da mümkünsüzdür. Düşüncə və ideyaların azad mübadiləsi və rəqabəti zəminində yetişən insan müstəqil düşünmək, qurub-yaratmaq, elmi və incəsənəti inkişaf etdirmək iqtidarındadır.
Ölkənin mədəni sərvətini və müxtəlifliyini təşkil edən, etnik və dini tolerantlıq kimi tarixi dəyərlərimizi təmsil edən, demək olar ki, bütün etnik və dini qruplar partiyamızda təmsil olunub.