Demokratiyanın iflası?

İbrahim Quliyev

Bizdə məsəl var, hər kəs közü öz qabağına çəkər. Buna böyük siyasətdə dövlətlərin marağı deyilir. Məsələn, “İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları  var” qanadlı ifadəsi Çörçilə məxsusdur. Tetçer isə deyirdi ki, “Siyasətdə dostluq anlayışı mənafe kimi qəbul edilməlidir”. Bütün bunlar böyük evolyusiyanın sonunda bəşəriyyətin gəldiyi yekun qənaətdirmi? 

Bunun son və yaxud yekun qənaət olub-olmadığını bilməsək  də, amma bir həqiqət var ki, bu gün dünyanın super gücləri dünya idarəetməsində bu prinsipdən çıxış edirlər.  Balaca dövlətlərin hakimiyyət orqanları isə əksinə, közü xalqlarının əlindən alıb, öz qabaqlarına çəkməklə məşğuldurlar. Bu da əslində qlobal idarəetməni həyata keçirənlərə əlavə dəstəvuz verməkdir. “Dünya süfrəsindən kənrda qalan” və  hədsiz var-dövlət hərisi olan ikinci-üçüncü dərəcəli ölkələrin başçılarının yürütdüyü daxili siyasət onları öz xalqlarından ayırmaqla istər-istəməz vassala çevirir, asılı edir. Amerika və digər nəhəng dövlətlər isə məhz bu ikinci – üçüncü dərəcəli ölkələrin maliyyələri hesabına daxili qarşıdurmalardan, təbəqələrarası konfliktlərdən  yan keçə bilir. Bu ölkələri idarə edən şəxslərin hesabına dünya iqtisadiyyatının 60 faizini, maliyyəsinin isə 85 faizini əlində cəmləşdirib. Bu, rəsmi  statistikadır, qeyri-rəsmi statistika isə daha acınacaqlı faktları ortalığa qoyur. 
Bütün bunlar isə “demokratiya” frazasının bir gizli “məqsəd”, “fərdi mənafe”, “individual  maraq”  kimi başa düşülməsini bir daha təsbit edir. Təbii ki, dünyanın ikinci-üçüncü dərəcəli ölkələrində də həqiqi demokratik seçkilər keçirmək,  məhz vətəndaşların istədiyi  hakimiyyəti  formalaşdırmaq mümkündür. Amma gəlin görək bunu dünya siyasətini yönləndirən ölkələr istəyirmi? Öz xalqlar tərəfindən dəstəklənən  ölkə başçıları onlara lazımdırmı? 
 Suala cavab vermək üçün dünyanın siyasi xəritəsinə baxmaq kifayətdir. Yaxın Şərqdə gedən demokratikləşmə prosesi bu regionda ən despotik quruluşa malik olan Səudiyyə Ərəbistanından yan keçir. Orta əsrlər prinsipləri ilə idarə olunan bu ölkə heç bir insan hüququ tanımır, xalqının üzərinə səlib yürüşləri həyata keçirir, dini dözümsüzlük son həddədir, ölkənin var-dövləti bir neçə vəhhabi şeyxinin əlində cəmləşib. Bütün nazirlər, rəsmi strukturların başçıları kral və onun ailə üzvlərindən ibarətdir. Onda niyə bu ölkənin demokratikləşməsi heç kimin yadına düşmür?  Niyə heç bir rəsmi dövlət statusu olmayan Liviya prezidenti Qəddafi anti-demokratik “ünsür” kimi küçədə döyülə-döyülə öldürülür, amma Səudiyyə kralına toxunulmur? Yenədəmi lənətə gəlmiş “maraqlar” hər şeyi həll edir? 
 Demokratiya bəşəriyyətin ən son və ən müsbət qənaətidir. Demokratiya bütün cəmiyyət üzvlərinə özünü insan , bəşəriyyətin hüquqlu nümayəndəsi kimi hiss etməyə imkan verir. Demokratiya şərti izah və kommentariyaları sevmir. Ya o, ya ümumdünya prosesi kimi getməli, ya da yer üzündən silinməlidir. Bir ölkədən,  xalqdan onu tələb etmək, digər despota isə xalqı ilə istədiyi kimi rəftar etməyə şərait yaratmaq, onun despotizminə bəarət vermək demokratiyanın iflasıdır, onun bir dəyər kimi öz əhəmiyyətini  itirməsidir. 
 İraq və Əfqanıstanda baş verən proseslər də bir vaxt dünya ictimaiyyətinə insan haqları və demokratiyaya cəhd kimi təqdim olundu. Amma “demokratikləşdirmə yolunda” baş verən cinayətlər və bu gün də baş verməkdə olan amansız terror hadisələri xalqları qorxudur, bu qlobal prosesə inamını azaldır. Super dövlətlərin strateji və iqtisadi marağının xalqların taleyindən və dünyanın demokratikləşmə prinsipindən qat-qat yüksəkdə olduğu qənaətinə gətirir. Yerli hakimiyyətlər də məhz bu faktlardan istifadə edərək demokratiya tələb edən insanların üzərinə yeriyir, onları qamçı və dubinka ilə qorxudur. Bir çox ölkələrdə son illər baş alıb gedən anti Amerika təbliğatının, super dövlətin guya dünya müstəmləkəsi yaratması barədəki hay-küylərinin kökündə də məhz “son illərin bu acı təcrübəsi” dayanır. Bu təcrübə despotik rejimlərə rahat işləmək, rahat talançılıq siyasəti yürütmək imkanı verir.   
 Bütün bunlar demokratiyanın vüsət götürməsinə çox böyük əngəllər  yaradır.  Demokratiyanı n qeyri-standart bir nəsnə,  istənilən ölçüyə girən rezin ayaqqabı olduğuna adamları inandırır. 
 Azərbaycan xalqı artıq 20 ildən çoxdur ki, demokratiya şüarı ilə mübarizə meydanına atılır. Amma dünya siyasətinə demokratiya terminini gətirən ölkələr nəinki bu məsələdə xalqı dəstəkləmir, əksinə rejimlərə dəstəvuz olurlar. Bu da Şərqdə demokratiyanın iflası barədə düşüncələrə bəraət qazandırır. Amerika və digər demokratik  hesab etdiyimiz Qərb dövlətləri Azərbaycanda bu gün mövcud olan xaotik hakimiyyətin xalq tərəfindən heç bir dəstəyi olmadığını, onun özü-özünü iflasa uğratdığını görür. Görür ki, bu xalq insan haqları və demokratik seç ki uğrunda dönmədən 20 ildən artıqdır mübarizə aparıb. Amma rəsmi Amerika buna göz yumur. Bu günədək  bir dəfə də olsun bir insanın 2 dəfədən artıq prezident ola bilməsinin konsititusiya ilə yasaqlandığını açıq-açığına üzə vurmayıb. Və nəinki üzə vurmayıb, hətta ABŞ-ın Azərbaycandakı səfiri cənab Moninqstar bu günlərdə  müxalifət nümayəndələrini  bir yerə toplayıb qəti şəkildə hakimiyyət dəyişikliyi olmayacağı barədə xəbərdarlıq edib.  Onda bunun harası ümumdünya demokratik prosesi oldu?  Niyə bizim insanlara Qərb vətəndaşları kimi yaşamağa imkan verilmir? 
 Onsuz da Azərbaycan xalqı öz arzuladığı yola çıxacaq. Qərb istəsə də- istəməsə də.  Amma  biz istəməzdik son illər dünyada gedən antiamerikan əhvali-ruhiyyə Azərbaycanda da möhkəmlənsin.  Rusiya ilə Qərb arasında manevr etməklə hakimiyyəti qorumaq istəyən qüvvələr bu əhvali-ruhiyyədən bəhrələnsinlər. Bizim Qərbə inteqrasiya prinsiplərimizin qarşısına təbliğatı baryer qoysunlar.  Ümid edirik ki, dünya ölkələrində sosialoji rəyi öyrənən institutlar bu münasibətlərdən çıxış edərək demokratiyaya ikili  yanaşmanın  böyük dövlətlərin imicinə vurduğu zərər barədə onların başçılarını gec-tez  xəbərdar edəcək.  
Bütöv yazını göstər
Back to top button
Close