Azərbaycanda hansı nazirliklər ləğv olunacaq?

Son günlər bəzi media orqanları və sosial şəbəkələrdə Azərbaycanda idarəetmə sahəsində ciddi struktur islahatlarının aparılacağı ilə bağlı təxminlər yayılır. Bildirilir ki, ölkədə mövcud olan nazirliklərin və dövlət xidmətlərin sayı endiriləcək.

Hazırda ölkədə 17 nazirlik və 7 dövlət xidməti fəaliyyət göstərir. Müqayisə üçün Almaniyada 11, Gürcüstanda isə 12 nazirlik olduğunu xatırladan bəzi ekspertlər hesab edir ki, Azərbaycanda dövlət idarəetmə aparatı çox böyükdür.

Əslində, son illərdə Azərbaycanda dövlət idarəetmə orqanlarının strukturunda müəyyən dəyişikliklər aparılıb. 2017-ci ildə Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdirildi. Onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı. 2019-cu ildə isə Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, habelə Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirildi.

“Padşahlar, xanlar olub”

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Turan”a bildirib ki, Azərbaycan böyük dövlətçilik ənənələrinə malikdir, amma bu dövlətçilik tarixinin böyük bir hissəsi monarxiya üsulu ilə idarəçilik olub: “Padşahlar, xanlar olub. Bunlar da – baxmayaraq ki, çox güclü hüquq və məhkəmə sistemi olub, – daha çox təkhakimiyyətliliklə, hakimiyyəti atadan oğula ötürməklə idarə edib. O vaxt nazirliklərə ehtiyac olmurdu, vəzir, vəkil kimi vəzifələr var idi”.

Deputatın sözlərinə görə, dövlət idarəçiliyi çətin bir sistemdir və hər xalq öz ənənələrinə uyğun olaraq onu yaradır: “Ona görə də burada bir doqma yoxdur ki, konkret qəlib olsun, ona uyğun da bütün dövlətlər aparatını qursun”.

“Azərbaycanda sistem sovet dövründən qalıb”

S.Rüstəmxanlı vurğulayıb ki, Azərbaycanda sistem sovet dövründən qalıb. Onun xatırlamasına görə, Azərbaycanda hətta o vaxt bəzi sahələr məhdud olub: “Məsələn, respublikalarda Xarici İşlər Nazirliyi var idi, amma onlar çox az iş görürdü, çünki xarici siyasət Moskvada həll olunurdu. Buna baxmayaraq, nazirlik bizdə də var idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra Rusiyadan ayrıldıq, amma nazirliklər qaldı. Dövlətin inkişaf prosesində lazım olmayan nazirliklər sıradan çıxdı”.

“Azərbaycanda son illərdə bu sahədə xeyli iş görülüb”

Deputatın fikrincə, ona görə də nazirliklərin sayı problem deyil: “Bu gün 17-dir, sabah 15 ola bilər. Yəni, hansı nazirliklər artıq lazım deyilsə və ya hansılar birləşə bilərsə, onlarla bağlı proses gedəcək. Hər halda Azərbaycanda son illərdə bu sahədə xeyli iş görülüb. Güman edirəm ki, bir neçə ilə bu məsələ özü tənzimlənəcək”.

Bütöv yazını göstər
Back to top button
Close