VHP Tarixi

VHP tarixi: Həmrəylik ideyası ilə keçən 30 il

Vətəndaş Həmrəyliyi Partiyasının tarixi Azərbaycanın müstəqillik tarixi ilə üst-üstə düşür. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də bu məqama gətirib çıxaran yol 1988-ci ilin Meydan hərəkatından başlamışdı. Bu mənada VHP-nin yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Vətəndaş Həmrəyliyi ideyası: tarixi zərurət

 Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. AXC hakimiyyətinin qısa ömürlü olması klassik liberal dəyərlərin cəmiyyəti heç də vaxtında və tam səfərbər edə bilməməsi kimi izah edilə bilər. Liberalizmin hədləri, onun klassik və yaxud müasir formasının seçilməsi, millətçiliklə liberalizmin sintezinin mümkün olub-olmaması və s. məsələlər tarixi və müasir təcrübə üzərində araşdırıldıqda cəmiyyətin birmənalı olaraq hansısa bir ideologiyanı qəbul etməsinin mümkün olub-olmaması ətrafında diskussiyalar yaradır. Məsələn, klassik liberalizmin əleyhinə olanlar liberalizmin bu qanadının iqtisadi nəticələrdə sosial ədalət prinsipini nəzərə almadığına görə cəmiyyətdə konfliktlərin dərinləşdiyini, kəskin təbəqələşmədən doğan qarşıdurmaların gücləndiyini, liberal azadlıqların hətta sinfi ziddiyyətlərə apardığını iddia edirlər. Üstəlik, klassik liberalizmin dövlət idarəçiliyi üçün problemlər yaratdığı bildirilir. Bu mənada müasir liberalizm daha optimal hesab edilir, onun “ədalətli dövlət” prinsipi müasir liberal azadlıqları qorumaqla yanaşı, iqtisadi faydaları yenidən bölüşdürərək zənginlərdən kasıblara siyasətini həyata keçirir. Hətta müasir liberalizm özəl təhsili və özəl tibbi belə imkan bərabərliyi prinsipinə uyğun saymır. Ümumiyyətlə, heç bir ideologiya mütləq ideallıq xüsusiyyətinə malik deyil. Bu mənada Vətəndaş Həmrəyliyinin bu ideologiyaların hər birinin müsbət xüsusiyyətlərini özündə əks etdirməyə çalışması tam təbii sayılmalıdır. Tarix sübut etmişdir ki, vətəndaşların həmrəyliyinə bütün zamanlarda ehtiyac var – amma o dövrdə bu ideya mütləq zərurətə çevrilmişdi.

Vətəndaş Həmrəyliyi Partiyasının yarandığı siyasi reallıq

 Milli Azadlıq Hərəkatı Azərbaycanın müstəqilliyinə nail olduqdan sonra yeni dövlətin iqtisadi inkişafı və azad, demokratik cəmiyyətin yaradılması zərurəti yarandı ki, bu da özlüyündə ölkənin rifahını müxtəlif ideyalarda görən şəxslərin başqa-başqa siyasi qurumlarda mübarizəsini şərtləndirdi. Həmin dövrdə – 1992-ci ildə müxtəlif partiyalar yarandı. Hüquqi münasibətlər və siyasi etika çərçivəsində fəaliyyət göstərən belə partiyaların yaranması və hakimiyyət mübarizəsinə qatılması ölkənin inkişafı, fikir azadlığının təmini baxımından bəlkə də uğurlu hal kimi qiymətləndirilə bilər. Ancaq nəzərə almaq lazımdır ki, siyasi partiyaların çoxluğu və bu çoxluğun yarada biləcəyi xaos ərazisinin bir hissəsi işğal olunmuş, müharibə şəraitində olan, şimaldan və cənubdan xarici təhdidlərə məruz qalan Azərbaycan üçün çox təhlükəliydi. Çünki ordunun tam qurulmadığı, könüllü özünümüdafiə batalyonlarının bir mərkəzə tabe olmadığı və mərkəzləşmiş hakimiyyətin formalaşmadığı dövrdə xalqın lokomotivi sayılan insanların siyasi mübarizə yollarının ayrılması fəsadsız ötüşə bilməzdi. Təəssüf ki, həmin fəsadlardan qaçmaq mümkün olmadı. Millət vəkili Sabir Rüstəmxanlı da məhz bu ərəfədə gözlənilən təhlükəni hiss edib, eyni zamanda bu günə kimi Azərbaycanı həm mənəvi, həm də coğrafi baxımdan parça-tikə edən tarixi səhvlərimizdən nəticə çıxararaq həmrəylik ideyasının tərəfdarlarını bir araya gətirdi: 1992-ci il sentyabrın 26-da Gənc Tamaşaçılar Teatrında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) I təsis qurultayını keçirdi. Bu qurultayda  Azərbaycanın taleyini düşünən insanlar ölkənin siyasi həyatına yeni ideologiya gətirəcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Meydan hərakatının lideri, ədəbi və siyasi mübarizəsi ilə bütün ölkə boyu böyük sevgi və nüfuza sahib olan Sabir Rüstəmxanlını Vətəndaş Həmrəyliyi Partiyasının sədri seçərək onun ətrafında birləşdilər. VHP 3 noyabr 1992-ci ildə 7-ci siyasi partiya olaraq dövlət qeydiyyatına alınıb.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. VHP Azərbaycanın müstəqilliyinin bir illiyi ərəfəsində, xalq hərəkatının yetirməsi olan AXC-nin hakimiyyət dövründə, müharibədəki qüvvələr nisbətinin hələ bizim xeyrimizə olan günlərdə yaranmışdı.  Amma hərakat daxilində 1988-ci ildən başlanan fikir ayrılıqları, münaqişələr neçə illik mübarizədən sonra da davam edirdi.  Üfüqi və şaquli çatlar Azərbaycanı parçalanma təhlükəsi qarşısında qoydu. VHP-nin yaranmasına səbəb bu cür çiy siyasətlər nəticəsində meydana çıxan real vətəndaş qarşıdurması təhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyət duyğusu idi.  VHP-nin ilk addımından nicat yolumuzun Vətəndaş Həmrəyliyində olduğunu bəyan etdi.

 VHP qurucuları: Meydan hərəkatında möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini təmsil edən ziyalılar.

Beləliklə hələ müstəqilliyinin bir ili tamam olmamış Azərbaycan Respublikasının siyasi həyatına yeni bir qurum qatıldı: Vətəndaş Həmrəyliyi Partiyası. Dünyanın ictimai-siyası mübarizələr tarixində yaranmış və dəbdə olan müəyyən ideoloji ənənələrə bağlı olan partiyalardan sonra Vətəndaş Həmrəyliyi siyasi ədəbiyyatda rastlanılmayan bir ad idi və qulaqlara yad gəlirdi. Lakin partiyanın qurucuları adı, zahiri effektləri yox ölkənin və xalqın ehtiyaclarını nəzərə almışdılar, yeni dövlətin maraqları, gələcəyi baxımından ən doğru siyasi yolu seçmişdilər. Yeni dövlət müharibə şəraitində idi, üstəlik erməni işğalçılarına dəstək verən qüvvələr ölkəni zəiflətmək üçün hakimiyyət uğrunda mübarizə aparan digər iddiaçıları və etnik qrupları da qızışdırmaqla yeni münaqişə ocaqları yaratmağa çalışır, qarşıdurmalar, bölücülük meyilləri bir-birini əvəz edirdi. Belə bir vaxtda yeni partiya ölkənin milli varlığının və gələcəyinin təminatı olan əsas prinsipləri, siyasi ideoloji hədəfi düzgün müəyyənləşdirmişdi.
Partiyanı təsis edənlərin çoxu zəngin iş təcrübəsi olan, addımlarının məsuliyyətini dərk edən, meydan hərəkatında sınanıb möhkəmlənmiş və Azərbaycanın bütün bölgələrini əhatə edən ziyalılar idi: Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, dos. Ənvər Əliyev, prof. Fəzail İbrahimli, prof. Elxan Mirzəyev, Qəmbər Əsgərov, Nurəddin Mehdixanlı, Cəbrayıl Əlinağıyev, Eyvaz Borçalı, Valeh Əliyev, Malik Mehdiyev, İbrahim Əliyev, Almas Qəhramanlı, Əjdər Qasımov, dos. İdris Dadaşov, dos. Aydın Səlimzadə, Məsiağa Məhəmmədi, prof. Telman Vəlixanlı, prof. Səfər Kəlbixanlı, prof. Həsənbala Məmmədov, prof. Vəli Əsmətov, prof. Zeydulla Ağayev, prof. Sabir Həsənov, prof. Bəhmən Sultanlı, prof. İslam Qəribli, prof. Cümşüd Nuriyev, Çingiz Əlioğlu, Telman Qardaşov,  İmamverdi İsmayılov, Şaban Şahbazov, Mədət Rüstəmxanlı,  Rafiq Vəlizadə, Aslan Quliyev, Arkadi Şuyski, Sevinc Rüstəmova, Nadir İbadov, Bakir ƏsədliMəmməd Kazım, Şəfi Daniyalov, Nailə Əsgərova,  İbrahim Yusifzadə,  Hilal Əliyev, Məhəmməd Qadaşlı, Həşim Nəsirov, Səfərəli Teymurzadə, Ədalət Məmmədov, İnqilab Qasımov, Nəbi Sultanov, Zeynal Fətullayev, Faiq Əliyev,  Ağəddin Mansurzadə, Sabir Kərimov,  Həşim Sadiqov və başqaları. Haqq dünyasına qovuşanlara Tanrıdan rəhmət diləyir, digərlərinə indi harda çalışmalarından və hansı siyasi cəbhədə dayanmalarından asılı olmayaraq uğurlar arzulayırıq.

Ölkədə yetərincə tanınan, sevilən, meydan hərəkatının əsas təşkilatçı və liderlərindən biri kimi şöhrət qazanmış Sabir Rüstəmxanlı partiyanın təsis qurultayındakı çıxışında demişdi: “Azərbaycan müharibə fəlakətindən nə vaxt qurtaracaq, torpaqlarımızı və xalqımızı nə vaxt bütöv, tam müstəqil, siyasi və iqtisadi tələlərdən uzaq görəcəyik – demək çətindir… Xalqların azadlıq mübarizəsinin tarixi göstərir ki, bütün siyasət adamları – ən liberal və ən radikal yol tutanlar da müəyyən məsafə keçib, beynəlxalq siyasətin və milləti idarəetmənin çətinliyi ilə üz-üzə gələn kimi bir həqiqəti dərk ediblər: məmləkətin qurtuluşu yalnız həmrəylikdədir! Başqa dillə desək vətəndaş həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil: nə istiqlal, nə qurtuluş, nə sosial demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə doğru yoldan; nə ana vətən qoruna bilər, nə ana torpaq…

Mən mövcud partiyaların adını mətnə daxil etməklə hələ ilk addımlarını atan təşkilatımızın onlara qarşı qoymaq istəmirəm. Sadəcə ümumi məqsədimizə doğru yolda gələcəkdə hansı ideyanın aparıcı rol oynayacağını nəzərə çadırmaq istəyirəm və arzu edirəm ki, bu ideya bizim siyasi partiyalar arasında münasibətlərin təməl daşı olsun”.

Müsavat partiyasının ikinci proqramında böyük Məmməd Əmin Rəsulzadənin irəli sürdüyü milli təsanüd (milli həmrəylik) nəzəriyyəsini davam və inkişaf etdirərək Vətəndaş Həmrəyliyinə çevirməklə VHP çağdaş dünyamızda vətəndaşlıq amilinin və vətəndaş cəmiyyəti quruculuğunun ölkənin var oluşu və gəlişməsi baxımından önəmini irəli çəkmişdir.”

VHP-nin ilk yönətiçiləri

VHP-nin ilk Ali Məclisinin üzvləri Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli,  Fəzail İbrahimli,  Çingiz Əlioğlu, Ənvər Əliyev, Elxan Mirzəyev,  Qəmbər Əsgərov,  Nurəddin Mehdixanlı, Cəbrayıl Əlinağıyev, Eyvaz Borçalı, Valeh Əliyev, Malik Mehdiyev, İbrahim Əliyev, Əjdər Qasımov, İdris Dadaşov, Aydın Səlimzadə, Məsiağa Məhəmmədi,  Telman Vəlixanlı, Səfər Kəlbixanlı, Həsənbala Məmmədov,  Zeydulla Ağayev, Sabir Həsənov, Bəhmən Sultanlı,  İslam Qəribli, Telman Qardaşov, İmamverdi İsmayılov, Şaban Şahbazov, Rafiq Vəlizadə, Aslan Quliyev, Arkadi Şuyski, Sevinc Rüstəmova, Nadir İbadov,  Həşim Sadıqov, Məmməd Kazım, Şəfi Daniyalov, Nailə Əsgərova, Həşim Nəsirov, Səfərəli Teymurzadə, Ədalət Məmmədov və  Zeynal Fətullayev olublar.

İndiki yönətiçilər

VHP-nin sədri Milli Azadlıq Hərəkatının liderlərindən biri, millət vəkili,  xalq şairi Sabir Rüstəmxanlıdır. Sabir Rüstəmxanlı 1991-ci ilin 18 oktyabrında qəbul edilən Dövlət Müstəqilliyinin Bərpası haqqında Dövlət Aktın müəlliflərindən, Azərbaycanın 43 İstiqlalçı Deputatından biridir.

VHP Siyasi Şurasının üzvləriSabir Rüstəmxanlı,  Felmar Ələkbərli,  Fəzail İbrahimli, Samir Əsədli, Elxan MirzəyevArif İsmayılbəyli, Yusif Salmansoy, Nəsimi Şərəfxanlı, Rafiq Manaflı, İbrahim Quliyev, Faiq Balabəyli, Şəfəq Quliyeva, Asif Şəkərli, Səlahəddin Əsgər və Yusif Xantemirov.

VHP-nin Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri: Zeynal Fətullayev (sədr), Ülkər Məmmədli (katib), Sabir Kərimov, Saleh Salayev, Azər Hüseynov, Mətləb Xantəmirov və Xantural Şərəfxanlı.

VHP Ali Məclisinin üzvləri – Sabir Rüstəmxanlı, Felmar Ələkbərli, Fəzail İbrahimli, Samir Əsədli, Elxan Mirzəyev, Arif İsmayılbəyli, Yusif Salmansoy, Nəsimi Şərəfxanlı, Rafiq Manaflı, Şəfəq Qulusoy, Asif Şəkərli, Faiq Balabəyli, İbrahim Quliyev, Səlahəddin Əsgər, Yusif Xantemirov, Sabir Həsənov, Aygün Fuadqızı, Abdulla Abdullayev, Kəmalə Səfərli, Əbülfət Yusubov, Şəmsəddin Mirzəxanlı, Dəniz Həsənli, Məhəmməd Qadaşlı, Vasif Həsənli, Elşad Məmmədov, Rüstəm Fətullayev, Mehman Sevindikov, Zakir Kərimov, Telman Sadıqlı, İlqar Salmanlı, Elmar Sadıqlı, Elşəfa Məmmədov, Sənan İmanquliyev, Cavanşir Qasımov, Rahib Camalov, Samir Abbasov, Ədalət Məmmədov, Eminağa Niftalıyev, Ramiz Baloğlanov, Tahir Əzimli, Vüqar Cəfərli, Mübariz Camıyev, Rövşən Cabbarov, Nazim İsmayılov, Kamran Musayev, Badam Məmmədova, Ədalət Quliyev, Əliqulu Cəfərli, Vaqif Kazımov, Aqil Vəliyev, Vüqar Manaflı, Fərman Hüseynov, Elman Əliyev, Surxay Cahangirov, Sərvaz Əsgərov, Məharət Ağayev, Rahib İsmayılov, Faiq Ağayev, Səfərəli Teymurzadə, Həşim Nəsirov, Azad Rzazadə, Əliqismət Əlibəyli, Ofelya Rəşidqızı, Həsən Xəlilov, Xasay Vəliyev, Etibar Məmmədov, Şəhriyar Abdullayev, Tural Namazəliyev, Kamil Əli, Həmzalı Məmmədov, Mikayıl Nurməmmədov, Pünhan Bağırov, Saleh Adıgözəlov, Qafar Qulusoy, Yasin Şirinzadə, Zöhrab Rəsulov, Nazlı Ağayeva, Famil Zakirov, Fikrət Daşdəmirov, Zaza Poladaşvili, Ziyadxan İbrahimov, Məhəməli Şaşqayev, Nəsimi Tovuzlu, Qoca Qocayev, Dürdanə Həsənova, Xəlil Hüseynov, Ülfət Zeynalov, Zemfira Qafarova, Orxan İslamzadə, Əli Həmidov, Samil Bağırlı, Zaur Məmmədli, Nizaməddin Şirinov, Nurəddin Mehdixanlı, Mədət Rüstəmxanlı, Səlcuq Elçin, Real Cəfərli, Səidə Dadaşova, Kəmalə Hüseynova. Anar Niftəliyev, Əlövsət Əliyev, Fikrət Nəsrəddinzadə, Azər Caniyev, Elçin Dadaşov, Rafiq Məmmədov, Şahin Əliyev, Faiq Əliyev, Etibar Məmmədoğlu, Tatyana Petrovna, Teymur Kəsəmənli, Çingiz Əliyev, Taleh Əliyarov, Pünhan İmamlı, Kamran Habiloğlu, Vüsal Namiqoğlu, Peyman Nəsirli, Həbib Həbiboğlu və Aysel Səfərli.

VHP seçkilərdə

VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir. VHP müstəqillik dönəminin bütün parlament və bələdiyyə seçkilərində iştirak edən və nəticə əldə edən müxalifət partiyalarından biridir.

Vətəndaş Həmrəyliyi Partiyası 2003-cü ildə prezident seçkilərinə qatılmışdır. VHP sədri Sabir Rüstəmxanlının prezidenliyə namizədliyi irəli sürülmüşdür. Prezident seçkiləri zamanı ölkənin bütün böyük şəhərlərində, rayon mərkəzlərində kütləvi görüşlər keçirilmişdir. Seçki zamanı Bakıda möhtəşəm yürüş-mitinq keçirmişdir.

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan müstəqillik tarixində hər zaman parlamentdə təmsil olunub. 1995-ci ildə ilk parlament seçkilərində partiyanın sədri Sabir Rüstəmxanlı  millət vəkili seçilib. 2000-ci ildə Vətəndaş Həmrəyliyi Partiyası proporsional qaydada respublika üzrə səs toplayaraq parlamentdə üç millət vəkili ilə təmsil olunub. VHP-nin vahid siyahısı ilə Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və Rəfael Hüseynov Milli Məclisə mandat qazanıblar. 2005 və 2010-cu ildə keçirilən parlament seçkilərində də partiya Milli Məclisdə eyni şəxslərlə təmsil olunub.
2015-ci ildə keçirilən parlament seçkilərində VHP parlamentdə iki deputatla təmsil olunub. 2020-ci ildə VHP 75 seçki dairəsindən namizəd irəli sürüb və onlardan 3 nəfəri parlamentə seçilib və hazırda ana müxalifət partiyası olaraq Milli Məclisdə vitse-spiker postunu VHP sədrinin müavini Fəzail İbrahimli tutur.

Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanda keçirilən bütün bələdiyyə seçkilərində iştirak edib. VHP-dən bələdiyyələrə 1999-cu ildə 500, 2004-cü ildə 103, 2009-cu ildə isə 115, 2019-cu ildə isə 8 nəfər üzv seçilib. Hazırda partiya üzvləri Sumqayıt, Bərdə, Göyçay, Neftçala, Qızıldaş, Saray və Orta Əlinəzərli bələdiyyələrində təmsil olunmaq hüququ qazanıblar. Parlament və bələdiyyə seçkiləri zamanı VHP öz namizədlərinin təşviqat kompaniyası çərçivəsində bütün ölkə boyu görüşlər keçirmiş bu zaman partiyanın məram və məqsədləri ictimaiyyətə təbliğ olunmuşdur.

VHP siyasi birliklərdə

 VHP bu günə kimi müxalifət partiyalarının təşkil etdiyi əksər birlik, blok və digər qurumlarda təmsil olunub, Milli Müqavimət Hərəkatı, Demokratik Konqres, SİDSUH, DUH, Dəyirmi Masa, Müxalifətin Koordinasiya Mərkəzi, İctimai Palata, Milli Şura, Qarabağ Komitəsinin formalaşmasında iştirak edib.

Müxtəlif siyasi bloklarda təmsil olunmaqla bərabər VHP 30 il ərzində heç bir siyasi avantüraya uymadan ölkədə milli dövlətçiliyin qorunub saxlanılması, sivil mübarizə ənənələrinin formalaşması, torpaqlarımızın işğaldan azad edilməsi niyyəti ilə vətəndaşların birgə mübarizə cəbhəsinin yaradılması yolunu davam etdirmişdir. Bölgədə gedən mürəkkəb ictimai-siyasi proseslər vətəndaş həmrəyliyinin Azərbaycan cəmiyyəti üçün ən düzgün və gələcəyimizə yönəli ideologiya olduğunu sübut etmişdir.

 Xarici əlaqələr

 Vətəndaş Həmrəyliyi Partiyası bir sıra beynəlxalq təşkilatlar, siyasi qurumlar və xarici ölkələrin siyasi partiyaları ilə əməkdaşlıq edir. Almaniya,  ABŞ, İsveç, Polşa, Gürcüstan, Qazaxıstan, Ukrayna, Moldovada fəaliyyət göstərən siyasi təşkilatlar və Türkiyənin CHP, MHP, İYİ Parti, BBP, AKP və digər partiyalarla VHP-nin sıx əlaqələri var. VHP-çi deputatlar Avropa Şurasının, Avropa Birliyinin və İslam Konfransı Təşkilatının  parlament komitələrinin üzvləridirlər, həmçinin VHP-nin  Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP), ABŞ-ın Respublikaçılar və Demokratlar İnstitutları ilə qarşılıqlı əməkdaşlıq münasibətləri var. VHP sədri Sabir Rüstəmxanlı ABŞ konqresi, İsveç, Almaniya, Belçika, Ukrayna və Avstraliya patrlamentlərində keçirilən beynəlxalq konfranslara qatılıb, çıxış edib. VHP üzvləri ATƏT, Avropa Şurası, ABŞ-ın və Avropanın bir sıra ölkələrindəki siyasi partiyalarının təşkil etdiyi konfranslarında iştirak ediblər.

VHP-nin qadın qolu

 Partiyanın idarəçiliyində, seçkili qurum və təyinatlı orqanlarında təmsilçiliyi əsas şərtlərdən biri olub və qadınların da fəal iştirakına zəmin yaradılıb. Vətəndaş Həmrəyliyi Partiyasının qatıldığı seçkilərdə bariz üstünlük qadın namizədlərdə olmuşdur. Parlament və bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının namizədlərinin arasında qadınlar 35-40%-lə təmsil olunublar. Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin 46%-i qadınlar təşkil edir. Vətəndaş Həmrəyliyi Partiyasının ali orqanı olan qurultayın seçki hüququna malik seçilmiş nümayəndələrinin 30-35%-i qadınlar təşkil ediblər. VHP-nin Ali Məclis, Siyasi Şura, Mərkəzi Nəzarət Təftiş Komissiyasında və Mərkəzi İcra Aparatında da qadınlar təmsil olunurlar.

VHP-nin 82 rayon təşkilat sədrindən 9 nəfəri qadındır, digər rayon təşkilatlarında müavinlərdən 45 nəfəri qadındır. Bölgə təşkilatlarının Məclislərində və NTK-da qadınların təmsilçiliyi 48% təşkil edir.

VHP-nin Mərkəzi Seçki Komissiyasında təmsilçisi qadındır. Dairə Seçki Komissiyalarında VHP-nin təmsilçiləri arasında qadınlar da üstünlük təşkil edirlər, həmçinin Məntəqə Seçki Komissiyalarında qadınların təmsilçiliyi 43%-dir.

Partiyanın əsas təşkilatlarından biri Qadınlar Şurasıdır. VHP Qadın Qoluna müxtəlif vaxtlarda Sevinc Rüstəmova, Rəsmiyyə Sabir, Ofelya Rəşidqızı, Ülkər Məmmədli, Şəfəq Qulusoy, Aygün Qurbanlı başçılıq ediblər. Hazırda VHP Qadınlar Şurasına Aysel Səfərli rəhbərlik edir.

VHP Ağsaqallar Şurası

VHP-nin Ağsaqallar Şurası Siyasi Şura və Ali Məclisə tövsiyyələrini təqdim edir, ölkənin ictimai-siyasi həyatında baş verən proseslərlə və partiyanın siyasi addımları ilə bağlı məsləhətlər verir.

Əsasən, VHP-nin veteranlarından ibarət olan Ağsaqallar Şurasına texniki elmləri doktoru, professor Sabir Həsənov rəhbərlik edir.

 

VHP Gənclər təşkilatı

 VHP-nin fəal və aparıcı üzvləri sırasında gənclər xüsusilə fərqlənirlər.  Partiya Ali Məclisi üzvlərinin əksəriyyəti gənclərdən ibarətdir. Həmçinin rayon təşkilatlarında da rəhbər strukturlarda gənclər təmsil olunurlar.
Bu gün VHP Gənclər Təşkilatı ölkənin aparıcı gənclər təşkilatından biridir. Təşkilatın üzvləri öz fəallıq və aktivliyi ilə seçilirlər. Həm ölkədə, həm də xaricdə təşkil olunan tədbirlərdə fəal iştirak edirlər.

Gənclərimiz Azərbaycanın müxalif və müstəqil təşkilatlarının təsis etdiyi Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin fəal üzvlərindən biri olub. 17 mart 2012-ci ildə ölkədə gənclərin keçirdiyi ilk mitinqin təşkilatçılarından biri də VHP Gənclər Təşkilatı olub.

VHP Gənclər Təşkilatı üzvlərinin yaratdığı “VHP” futbol komandası Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibəti ilə siyasi partiyalar arasında keçirilən mini futbol turnirində iştirak etmiş və turnirin kubokun qazanmışdır.

VHP gəncləri Almaniya, Fransa, Gürcüstan, Türkiyə, Ukrayna, Moldova, Belçika, ABŞ və bir çox ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda iştirak ediblər. Avropa Birliyinin,  ATƏT-in, Avropa Şurasının, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP), ABŞ-ın Respublikaçılar İnstitutunun, Almaniyanın Fridrix Naumann Fondunun, Niderlandın Çox Partiyalı Demokratiya İnstitutunun təşkil etdiyi təlim və konfranslara qatılıblar. VHP Gənclər Təşkilatı Türkiyə, Ukrayna, Gürcüstan və Avropa ölkələrinin bir sıra partiyalarının gənclər təşkilatları ilə əməkdaşlıq edirlər.

VHP Gənclər Təşkilatına müxtəlif vaxtlarda Müşfiq Talıblı, Talıb Əhədli, Samir Əsədli, Vasif Həsənli, Elçin İmanov, Pərviz Həsənov, Ceyhun Nəbi, Emil Bağırlı, Baba Qamətli, Gülnar Tağıyeva, Pünhan İmamlı, Tural Hüseynli, Nəzrin Yusifova,  Amal Ata, Kamran Habiloğlu və Səlahəddin Əsgər başçılıq ediblər.

Hazırda Gənclər Təşkilatının sədri Yusif Xantemirovdur.

VHP hədəfə doğru

Vətəndaş Həmrəyliyi Partiyasının bu günə kimi 8 qurultayı keçirilib. Hazırda partiyanın  respublikanın 81 bölgə (şəhər/rayon) və 1 muxtar respublika təşkilatı fəaliyyət göstərir. Bu gün ölkədə gedən proseslər və siyasi partiyaların bəyan etdiyi ideoloji sistem VHP-nin 30 il öncə irəli sürdüyü ideologiyanın nə qədər doğru və müasir olduğunu nümayiş etdirir. Siyasi leksikonumuza Vətəndaş Həmrəyliyi ifadəsini məhz VHP gətirmişdir. Bu gün 82 bölgə təşkilatında VHP-nin iyirmi minə yaxın üzvü vardır. Partiya təşkilatlarında və rəhbərliyində ölkə vətəndaşı olan bütün etnik və azsaylı xalqların nümayəndələri təmsil olunurlar. Partiyanın əsas nüvəsini gənclər təşkil edir. Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP hazırda demokratik qüvvələr düşərgəsində ön sırada dayanan partiyalardan biridir. Azərbaycanın iqtisadi yüksəlişi, ölkəmizdə insan haqlarına, söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması VHP-nin əsas hədəfi olaraq qalır.

Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

 

 

 

Back to top button
Close