Müxalifət partiyalarının əksəriyyəti bələdiyyə seçkilərinə hazırlaşmır

Azərbaycan cəmiyyətinin Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərinə marağı heyrət doğuracaq səviyyədə yüksək idi. Türkiyədəki seçkilərə marağın ciddiliyi aylar öncədən hiss edilirdi. Amma deyəsən, heç kimin yadına düşmür ki, bu il Azərbaycanda da bələdiyyə seçkisi keçiriləcək. İlin dördüncü ayını da bir qədər sonra başa vuracağıq və dekabrda keçiriləcək bələdiyyə seçkilərinə az vaxt qalıb.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli partiyanın Siyasi Şurasının 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərar verdiyini bildirdi. Artıq partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı seçki qərargahı da formalaşdırılıb. Partiya sədrinin müavini Arif İsmayılbəyli seçki qərargahının sədri təyin edilib.
 Seçki qərargahının üzvləri də təyin olunub və qərargah artıq işə başlayıb: “Hələlik hər bələdiyyəyə bir nəfər namizəd irəli sürməyi düşünürük. Lakin say bir qədər çox da ola bilər. Keçən dəfəki seçkilərdə ümumilikdə 800 nəfərdən artıq namizəd irəli sürmüşdük. Çox təəssüf ki, seçki dairələrinin və icra hakimiyyəti orqanlarının yaratdığı əngəllər üzündən 150-dən bir qədər artıq namizədimiz qeydiyyata alındı, onlardan 115 nəfəri müxtəlif bələdiyyələrə seçildi. Ümid edirik ki, bu il keçən dəfə yaradılan problemlər yaradılmayacaq.
Məqsədimiz bələdiyyə seçkisində partiya olaraq tək iştirak etməkdir. Çünki bələdiyyə seçkiləri elə spesifik seçkidir ki, blok şəklində iştirak etmək problemlər yaradır. Ümumiyyətlə isə seçki dövründə müxalifət partiyaları arasında əməkdaşlığın tərəfdarıyıq”.
S.Əsədli Azərbaycanda bələdiyyə seçkilərinə cəmiyyətin, siyasi qüvvələrin ciddi maraq göstərmədiyinin də problem olduğunu dedi: “Bələdiyyələrə ciddi maraq olmaması seçki kampaniyasına mənfi təsir edir. Azərbaycanda təəssüf ki, bələdiyyələrin statusu, səlahiyyəti son dərəcə cüzidir. Bələdiyyələr faktiki olaraq icra hakimiyyətlərinin qapazaltı orqanına çevrilib. Bələdiyyənin elementar səlahiyyəti yoxdur ki, nəyisə həll eləsin. Belə olduğu üçün də vətəndaşda bələdiyyə seçkisində həm namizəd, həm də seçici kimi iştiraka maraq qalmır”.

Yeni Müsavat qəzeti

Etibar SEYİDAĞA
Bütöv yazını göstər
Back to top button
Close