Türk dünyasının Dədə Qorqudu vəfat etdi

Sabir Rüstəmxanlı:  “Turan Yazqan türk dövlətləri arasında uçulmaz bir körpü yaratı”

Türk Dünyası Araştırmaları Vakfının başqanı, prof. Turan Yazgan vəfat edib. Onun ölümü təkcə Türkiyə üçün deyil, bütün türk dünyası üçün böyük itkidir. Turan Yazqan Azərbaycanda da daim sevilən, arzu edilən bir insan olub. O, bütün həyatını, fəaliyyətini, yaradıcılığını türk dünyaısının yaxınlaşmasına, inteqrasiyasına sərf edib. Təsadüfi deyil ki, Türkiyədə, İstanbul Universitetində onun haqqında yazılmış son bioqrafiya bu sözlərlə başlayır: “türk dünyası anlayışını ilk dəfə işlədən, Türk Dünyası Araşdırmaları Vaqfını quran, həyatını türk dünyasına həsr edən, türk dünyası üçün yaşayan, çalışan, düşünən, ürəyi türk dünyası – türk dünyası deyə çarpan, türk dünyasının bilicisi, türk dünyasının boy boylayıcısı, söy söyləyicisi, türk dünyasının ad qoyucusu, yaşayan son Qorqud atası, türk dünyasının ağsaqqalı, hamımızın xocası, Turanın yol göstəricisi Turan Yazqan haqq dünyasına qovuşmuşdur”.    

Bütün bu göstərilənlər Turan Yazqanın necə böyük həyat yolu keçdiyini, daha doğrusu, özünü türk dünyası üçün şəhid edən bir şəxs olduğunu bir daha təsdiqləyir.

Turan Yazqanın Azərbaycanda ən yaxın dostlarından olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri,  millət vəkili Sabir Rüstəmxanli bu itkininin yerinin heç vaxt dolmayacağını dedi: “TuranYazqan böyük alim, fəal ictimai xadim, gözəl insan, sədaqətli dost idi. O, 1980-ci ildə Türk Dünyası Araşdımaları Vakfını yaratmaqla türk dövlətləri və xalqları arasında bir körpü qoydu, doğmalıq yaratdı.Turan Yazqan dəfələrlə Bakıda olub, görüşlərimizdə söhbət demək olar ki, yalnız türklərin birliyindən, aradakı maneələrin aradan qaldırılması yollarından, ortaq türk dili məsələlərindən gedərdi. O, iqtisadçı olmasına baxmayaraq, bütün türk dövlətlərinin mədəniyyətini, ədəbiyyatını dərindən öyrənmişdi. Türk dünyasına xidmətlərinə görə 200-də artıq mükafatla təltif olunmuşdu. Həm Türkiyədə, həm də Türkiyədən xaricdə onlarla universitetin fəxri professoru idi. Belə bir insanı itirməyimiz hər birimiz üçün kədərlidir. Mən ona Allahdan rəhmət diləyirəm”.

 

Qeyd edək ki, Turan Yazqan 1938-ci ildə İspartada doğulmuşdu. 1959-cu ildə İstanbul Universitetinin İqtisad fakültəsini bitirdikdən sonra həm ölkə içində, həm də xaricdə müxtəlif vəzifələrdə çalışmışdı. 2000-ci ildə çalışdığı universitetdən təqaüdə çıxmışdı. Üç oğul, iki nəvə sahibi idi. Böyük türk oğlu dünən gözlərini əbədi olaraq yumub.

 

Allah rəhmət eləsin!

 

Bütöv yazını göstər
Back to top button
Close