Zəngəzur dəhlizi yaşam qazanacaq
Kalininqrad modeli yaxşı ideyadır
Bu varianta əsasən yol boyu heç bir qapı, pəncərə açılmayacaq, sərnişin və yüklər yoxlanılmayacaq
Zəngəzur dəhlizi Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib. Nazirin sözlərinə görə, İraqla birgə tikiləcək İnkişaf Yolu layihələri və Zəngəzur dəhlizi Türkiyə üçün həm maliyyə, həm də strateji baxımdan əhəmiyyətlidir. Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan da deyib ki, Azərbaycana Naxçıvana çıxış üçün “Kalininqrad variantı”ndan istifadə etmək imkanı vermək lazımdır. Babayan bildirib ki, əsas problem demarkasiya yox, yol məsələsidir: “4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır”. Jurnalistin “Azərbaycan Zəngəzur dəhlizi istəyir” sözlərinə Babayan “Yalan deyirsiniz” deyə cavab verib: “Azərbaycan prezidentinin noyabr ayında verdiyi bəyanata baxın. Orada deyilir ki, Kalininqarad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil”. Qeyd edək ki, Kalininqrad variantı Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməyə imkan verir. Bu variantda Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışına məruz qalmır, lakin bu yoldan istifadə edən üçüncü ölkələrin sərnişin və yüklərinə gömrük və sərhəd yoxlanışı tətbiq edilir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az“a açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 2020-ci il 10 noyabr anlaşmasına əsasən, ölkəmizin qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılması bu dəhlizin əsas hissəsini təşkil edir. Ekspertin sözlərinə görə, ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi, təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil:
“Zəngəzur dəhlizi region, həmçinin Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit–nəqliyyat xəttinə bağlayır. Azərbaycanın Ermənistanın imtina etdiyi Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyi bəllidir. Rəsmi Bakı malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini, mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhədləri nəzarətinin Ermənistan tərəfindən aparılmasını istəyir. Niyə Azərbaycanın bir hissəsindən digər hissəsinə gedərkən bizi hansısa ölkənin sərhədçisi, gömrükçüsü yoxlamalıdır?!”.
S.Əsədli hesab edir ki, irəli sürülən Kalininqrad modeli yaxşı ideyadır: “Bu modelə görə Rusiyadan gələn sərnişin, yük qatarları Litva sərhədinə qədər adi şəkildə gəlir. Litva sərhədinə çatanda isə qalan yolu qatar heç bir yerdə dayanmadan bütün qapı və pəncərələri bağlanılmaqla Kalininqrada doğru hərəkət edir. Həmin qatarlar yalnız Kalininqrad sərhədini keçəndən sonra yenidən adi qaydada hərəkət edir. Azərbaycanın əsas hissəsilə Naxçıvan arasında 44 km məsafə var. Kalininqrad variantına əsasən bu yol boyu heç bir qapı, pəncərə açılmayacaq, sərnişin və yüklər yoxlanılmayacaq. Azərbaycan bu zaman Ermənistan ərazisindən yalnız tranzit yolu olaraq istifadə edəcək. Eyni rejimlə Ermənistandan gələn qatarlar da Azərbaycandan 500 km məsafə qət etməklə Rusiyaya yan ala bilərlər”.