Xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti koordinasiya olunmayıb

Bu sözləri Diaspora.TV-yə Vətəndaş Həmrəyliyi Partiyasının Diasporla iş şöbəsinin müdiri Real Cəfərli diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərinə münasibət bildirərkən deyib.
R.Cəfərlinin sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının sayı ölkədən-ölkəyə fərqlidir:
“Məsələn, Rusiyada yüzdən artıq Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycanla bağlı hansısa xüsusi günlərdə ayrı-ayrılıqda tədbirlər keçirirlər. Təbii ki, birinin digərinin gördüyü işdən xəbəri də olmur. Üstəlik, bu qədər təşkilatın ayrılıqda və dağınıq şəkildə Xocalı soyqırımı, Qarabağ münaqişəsini gündəmə gətirməsi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışması effekt vermir. Elə buna görə də Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması həm də proseslərə təsiretmə imkanlarını ortaya qoyur”.
Şöbə müdiri təəssüflə bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi 30 ildən çox mövcud olsa da ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti koordinasiya olunmayıb:
“Bu isə ona gətirib ki, xaricdə təşkilatlanan azərbaycanlılar Dövlət Komitəsi ilə paralel şəkildə addımlaya bilməyib. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidirlər. Sadə misal gətirək: xarici ölkədə yaşayan Azərbaycan təşkilatları hansısa günlə bağlı tədbir keçirir. Eyni anda hamısı tədbir keçirərkən effektli olmur və hansına gedəcəyini bilmirsən. Yaxud da etiraz mitinqi keçirmək istəyirlər. Bunu mütləq razılaşdırmalıdırlar”.
R.Cəfərli təklif edib ki, bunun üçün koordinasiya şuraları formal mövcudluqdan real fəaliyyətə keçməlidirlər.
Diaspora.TV
Bütöv yazını göstər
Back to top button
Close