“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun dəyişdirilməlidir

Əlövət Əliyev
VHP Ali Məclisinin üzvü, “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri
İki gün əvvəl “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsinin qəbul olunmasına dəstək verməyim haqqında bir müraciət aldım və münasibət bildirəcəyimə söz verdim. Məsələ ilə maraqlanan zaman məlum oldu ki, son iki ildə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsini əldə edə bilmədim. Layihə müəlliflərinin mətbuatdan əldə etdiyim fikirlərinə ğörə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsində həm də, xaricdə yaşayan soydaşlarımıza “soydaş vəsiqəsi”nin verilməsini və soydaş anlayışının verilməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Rafael Hüseynovda bildirib ki,2020-cu ildə parlamentdə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” yeni qanun qəbul ediləcəyi gözlənilir. https://report.az/…/xaricde-yasayan-soydaslar-ve-diaspora-…/
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Respublika” qəzetinə müsahibəsində bu il (2020-ci il) həmvətənlərimizin səbrsizliklə gözlədiyi “Soydaşlar haqqında Qanun” layihəsinin parlamentdə qəbul olunacağına ümid etdiyini bildirib. Komitə sədri qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz, diaspor təmsilçiləri belə qanunu çoxdan gözləyir: “Yeni qanun layihəsi bir sıra məsələlərlə yanaşı, soydaş anlayışının statusunu da müəyyənləşdirəcək. Onlara vəsiqə verilməsi də nəzərdə tutulur. Bu da onların bir çox mövcud problemlərinin həllinə müsbət təsir göstərəcək”.
Mətbuat Şurasının sədri Əflatun Amaşov da çıxışlarının birində xaricdə yaşayan soydaşlarımızın problemlərinin operativ və daha münasib formada həll etmək üçün ayrıca qanuna – «Soydaş haqqında» Qanunun qəbuluna ehtiyyac olduğunu bildirib (https://m.cebhe.info/guumlrcuumlstan-azerbaycanlilarina-guu…).
Mətbuatda Dövlət Miqrasiya Xidmətinin sədri Vüsal Hüseynov da bununla bağlı müraciət olunduğu və onunla görüş keçirildiyini bildirib.
Bəzi deputatların, komitə və xidmət rəhbrlərinin mövcud qanunlara belə qeyri-peşəkar münasibətinə təəssüf edirəm.
Bildirirəm ki, lazihədə göstərilən məsələləri – yəni, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının dövlət siyasətini, siyasətin məqsəd və prinsiplərini, bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını, “xaricdə yaşayan azərbaycanlılar”, yəni soydaş anlayışını müəyyən edən qanun mövcuddur. Bu, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında haqqında qanun” adlanır və 27 dekabr 2002-ci ildə qüvvəyə minib.
Həmin qanuna görə, Azərbaycan xaricdə müvəqqəti və ya daimi yaşayan azərbaycanlıların hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı vətəndaşlıq məsələlərini, onlarla bağlı Azərbaycan Respublikasının iqtisadi və sosial siyasətini, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının mədəniyyət, dil və təhsil siyasətini, informasiya sahəsində xaricdə yaşayan azərbaycanlılara kömək göstərilməsi qaydalarını, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan Respublikası dövlət orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi qaydalarını, xaricdə yaşayan azərbaycanlılarla bağlı monitorinqin aparılması qaydalarını, onlarla bağlı dövlət siyasətinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası dövlət orqanlarının vəzifələrini müəyyən edir.
Lakin, dəfələrlə qeyd etməyimizə baxmayaraq, bu qanunun tətbiqində ciddi problemlər mövcuddur və müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına münasibətdə qanunun tətbiqində maraqlı deyillər.
Təbii ki, həmin qanun ideal deyil və qanunda çox ciddi dəyişikliyə və əlavələrə ehtiyac var. İlk növbədə soydaş statusunun müəyyənləşdirilməsi qaydası və soydaşlarımız üçün Azərbaycan Respublikasının müəyyən etdiyi güzəştlər, diaspor təşkilarlarının müstəqilliyini müəyyən edən normalar və s. hallar qanunda yer almalıdır.
Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun qəbul olunmasına deyil, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında qanun”a əlavə və dəyişikliklərin edilməsinə, o cümlədən qanunun adının dəyişdirilməsinə çox ciddi ehtiyac var. Dəstək üçün bəzi deputatlara da müraciət edəcəyəm. Yeni hazırlanan qanun layihəsi mənə təqdim olunarsa, əlavə və təkliflərimi daha detallı qeyd edə bilərəm.
Bütöv yazını göstər
Back to top button
Close