VHP: “Zəfər tariximizin yeni səhifəsi”

Qazaxın kəndlərinin Azərbaycana təhvil verilməsi ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyası bəyanatı verib. Bəyanatda deyilir:

“Azərbaycan və Ermənistan arasında Qazaxın anklav olmayan 4 kəndinin qaytarılması ölkəmizin növbəti zəfəridir. Qazaxın işğal altında olan 7 kəndi və Sədərək rayonunun Kərki kəndinin qaytarılması məsələsi hələ 2020-ci ilin 10 noyabrında Ermənistanın imza atdığı kapitulyasiya sənədində öz əksini tapmışdı. O dövrün siyasi şərtlərinə görə kəndlərin qaytarılması ilə bağlı Ermənistan şifahi öhdəlik götürsə də sonrakı dövrdə rəsmi İrəvan bəzi havadarlarına güvənərək zaman-zaman öhdəliyindən yayınmağa çalışsa da, Azərbaycanın qətiyyəti və gücü 19 aprel razılaşmasını ortaya çıxardı. Bu 44 günlük Zəfər Savaşı, bir günlük antiterror tədbirləri və nəhayət bütün diplomatik müstəvilərdə rəsmi Bakının haqq davasının məntiqi sonluğu idi. 30 ildən artıq işğalda qalan kəndlərin sülh yolu ilə qaytarılması və bu arada rus silahlı qüvvələrinin Qarabağdan çıxarılması bölgədə Azərbaycanın söz sahibi olmasının təsdiqidir. Bu məhz ölkəmizin liderliyi ilə bütövlükdə Cənubi Qafqazda davamlı sülhün tezliklə bərqərar olmasını göstərir.
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın ərazi bütövlüyü, suverenliyi ilə bağlı bütün məsələlərdə dövlətin yanında olduğunu bir daha bəyan edərək Vətən və Millət məsələsində həmrəyliyin vacibliyini bildirir. Vətəndaş Həmrəyliyi Partiyası bu tarixi qələbə münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla milli həmrəylik örnəyi ilə dəmir yumruğa çevrilən xalqımızı təbrik edir. Qələbə hər zaman bizimlə olsun!
Tanrı Azərbaycanı qorusun!”

Bütöv yazını göstər
Back to top button
Close