VHP sədrinin bayram təbriki

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, Dünya Azərbayccanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının təbriki:
“Əziz soydaşlarım! Bacılar və qardaşlar!
Sizləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, xalqımıza rifah, firavanlıq, əmin-amanlıq arzulayıram.
1989-cu il dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin sökülməsi və tikanlı məftillərin parçalanaraq onillərlə Güney həsrətilə yaşayan soydaşlarımıza hədiyyə olaraq göndərilməsi, Arazın o tayından bu tayına, bu tayından o tayına axan insan seli böyük bir ruhun, idealına doğru yürüyən xalqın birlik düşüncələrini gerçəkləşdirmək arzusunun ən yüksək məqamıydı. Bu bütövləşmiş, böyük ruhun qarşısında dünyanın heç bir gücü davam gətirə bilməzdi. Azərbaycanı müstəqilliyinə qovuşduran da bu böyük birliyin, həmrəyliyin, bir ideal uğrunda yumruğa dönməyin bəhrəsidir.
Biz dünyanın yeganə xalqıyıq ki, hər ilimiz Milli Həmrəylik ruhu ilə başa çatır. Hər ilin son günü bütün azərbaycanlıar bir nöqtədə birləşib, bir nota köklənərək, Həmrəylik Gününü ümummilli səviyyədə qeyd etməklə bir daha öz milli identikliyini, milli mənsubiyyətini təsdiqləmiş olurlar. Həmrəylik Günü bir dəyərdir. Həmrəylik bayramı ildə bir dəfə bizi toplum olaraq format edən, yeniləyən bir prosesdir, sosial hadisədir. 31 dekabrda dünyanın harasında olmağımızdan asılı olmayaraq hamımızın nəzərlərimiz bir-birimizə və bütün azərbaycanlıların vahid dövlətinə – müstəqil Azərbaycan Respublikasına yönəlir. Başqa sözlə desək, 31 dekabrda biz hamımız saatlarımızı Bakı vaxtı ilə qururuq. Hər ilin sonunda köhnə illə vidalaşdığımız gündə dünyada yaşayan azərbaycanlıların milli birlik və həmrəylik bayramı keçirmələri rəmzi məna daşıyır, yəni biz hər yeni ilə 50 milyonluq Azərbaycan türkünün və bütün Azərbaycan vətəndaşlarının yüksək vətən sevgisi ilə, birlik və bərabərlik uğrunda mübarizə əzmi ilə başlayırıq.
Əziz soydaşlar! Azərbaycanlıların həmrəyliyi özəlliklə qürurla yaşadığımız indiki günlərdə- torpaqlarımız işğaldan tam azad edildikdən, ərazi bütünlüyümüz bərpa olunduqdan sonra ermənipərəst qüvvələrin antiazərbaycan təbliğatının gücləndiyi bir dövrdə son dərəcə ciddi zərurətə çevrilib. Uzun illərdir dünyaya səpələnmiş soydaşlarımızın təşkilatlanması, vətənlə əlaqələrinin möhkəmlənməsi, yaşadıqları ölkələrdə Azərbaycanı daha yaxşı təmsil eləmələri yolunda çalışırıq və bunun sayəsində təşkilatımızın bütün qitələri əhatə edən geniş bir şəbəkəsi qurulmuşdur və bu iş ildən-ilə genişlənir.
Dünyada yaşayan bütün soydaşlarımızı Milli Həmrəylik və Yeni il bayramları münasibətilə ürəkdən təbrik edir, sizə bütün xeyirli işlərinizdə uğurlar, can sağlığı və ailə xoşbəxtliyi arzulayıram!
Yaşasın Bütöv Azərbaycan!
Yaşasın Türk birliyi!”
Bütöv yazını göstər
Back to top button
Close