VHP sədri qadınları təbrik etdi

Hörmətli xanımlar, əziz analar və bacılar! 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hamınızı təbrik edir, sizə uzun ömür can sağlığı və xoşbəxtlik arzulayıram.
Azərbaycan qadını tarix boyu gözəllik və ləyaqət simvolu olub, həyatın mühüm dönəmlərində təkcə ailədə yox, cəmiyyətdə də öz fəal mövqeyi ilə seçilib. Tarixin bütün çağlarında Azərbaycanın taleyinin həll olunmasında xanımlarımız söz sahibi olmuşlar. Ötən əsrin əvvəllərində Xalq Cumhuriyyətinin qurulması ilə Şərqdə ilk dəfə geniş siyasi hüqquqlar qazanan Azərbaycan qadını əsrin sonunda milli-azadlıq hərəkatının, müstəqil dövlət quruculuğunun da ön cərgələrində olub. Ən yaxın tariximizdə, 44 günlük Zəfər savaşında da Azərbaycan qadını öz gücünü və Ana qüdrətini bütün dünyaya təsdiqlətdi.
Azərbaycan qadını ən çətin sınaqlarından ləyaqətlə çıxmış, tariximizin sədaqət rəmzinə çevrilmişdir. Azərbaycanın gələcəyi də qadınlarımızın intellektual və mədəni səviyyəsindən, övladlarına verdikləri tərbiyədən, ictimai həyatın bütün sahələrində fəal mövqe nümayiş etdirmələrindən asılıdır. Biz xanımlarımızın bu dönəmi də qürurla başa vuracağına inanırıq.
Əziz qadınlar!
Bir daha bayramınızı təbrik edir, sizlərə uzun ömür, cansağlığı, sevdiklərinizlə birlikdə firavan, xoşbəxt və rahat həyat sürmənizi arzulayıram.