VHP sədri inanclı insanları Ramazan bayramı münasibəti ilə təbrik etdi

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

Əziz soydaşlar!
Müqəddəs Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Ramazan fəlsəfəsinin əsasını mənəvi zənginlik, nəfsinə hakim olmaq, yardımlaşmaq təşkil edir və orucluq insanın sosial məsuliyyət hissini bir daha xatırladır. İslam dininin humanist dəyərlərini özündə yaşadan və insanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan dünyamızın indiki çağında xüsusi dəyər kəsb edir. Bütün dünyanı cənginə alan, ənənəvi ünsiyyət və həyat tərzini dəyişən bu pandemiya dönəmində dinindən, millətindən asılı olmayaraq hər kəs bir daha insani dəyərlərin əvəzolunmazlığını, barış içində yaşamanın qiymətini anlamış oldu. Ramazan ayının mahiyyətini əks etdirən xeyirxahlıq, mərhəmət, birlik və bərabərlik bəşəriyyətin bu sınaqdan da insana layiq bir şəkildə çıxacağına inam yaradır. Tanrı insanların bütün xoş dua və diləklərimiz qəbul edəcək və öz mərhəmətini dünyamızdan əsirgəməyəcəkdir.
Bir daha sizin hər birinizi Ramazan bayramı münasibəti ilə təbriz edir, sizə xoşbəxtlik, evlərinizə rüzi və bərəkət arzu edirəm!

Bütöv yazını göstər
Back to top button
Close