“Avropa Birliyinin modelinə uyğun Türk Birliyi qurulmalı, ərazi bütövlüyünə, istiqlalına qarşı olan təhdidlərə qarşı birgə hərbi, siyasi cavab verilməlidir”

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibəti ilə tədbir keçirilib. “Bölgədəki siyasi durum və Azərbaycan-Türkiyə münasibətlərinin prespektivləri” mövzusunda keçirilən tədbirdə ölkənin millət vəkilləri, siyasi partiya sədrləri və ictimai xadimlər qatıblar.

Türkiyə və Azərbaycanın istiqlalı yolunda şəhid olanların ruhunu bir dəqiqəliki sükutla yad etdikdən sonra tədbiri açan VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı dünyanın hazırki siyasi gedişatı və Türk Dünyasının qarşısında duran məqsədlər haqda danışıb: “XXI əsr dünyaya yeni qaydalar gətirdi. Bu yalnız pandemiya və onun nəticələri ilə bağlı deyil. Əslində 2001-ci ilin 11 sentyabrında baş verən məlum olaylar dünyada yeni siyasi düzənin qurulmasına başlanğıc oldu. Böyük güclər geopolitik maraqlarını təmin etmək üçün açıq ən müxtəlif bəhanələrlə yeni işğalçılıq siyasətinə başladı. 20 ilə yaxındır davam edən bu gedişat Asiya qitəsini müharibə meydanına çevirib. Dünya yenidən bölüşdürülür, dünyanın siyası xəritəsi yenidən cızılır. 100 il öncə də eyni proses Azərbaycan və bütövlükdə Türk Dünyasının böyük itkiləri ilə başa çatdı. Azərbaycan dövlət müstəqilliyini və tarixi ərazilərinin böyük hissəsini itirdi, Türkiyə Osmanlı imperatorluğunun məğlub durumu ilə barışmağa məcbur oldu, Orta Asiya türkləri bütövlükdə Rusiya əsarəti altına düşdü. Bu ağır nəticələrin bir hissəsini yalnız 100 il sonra aradan qaldırmaq mümkün oldu. İndi keçmişdən dərs götürmək, yeni səhvlərə yol verməmək üçün daha düzgün inkişaf yolu seçmək lazımdır.

Yüz il öncə Nuru paşanın Azərbaycandan başqa Güney Azərbaycanda da savaşı, hətta sovet əsarəti altında belə, sadə Azərbaycan insanının bütün maddi imkanlarını Atatürk Cumhuriyyətinə fəda etməsi o dövrün böyüklərinin siyasi iradəsi idi. Eyni zamanda Şərqin ilk Cumhuriyyəti olan Azərbaycan Xalq Cumhuriyyəti yolunda canından keçən Osmanlı əsgərləri və Atatürk Cumhuriyyətinin qurulması üçün könüllü döyüşən Azərbaycan türkləri “Bir millət , iki dövlət” həqiqətinin real təzahürü idi. O zaman siyasi reallıqlar ideoloji qurtuluş arzusunu gerçəkləşdirməyə imkan vermədi. Bu gün isə dünyanın geopolitik diqtəsi daha sərt, bizim imkanlarımız isə daha genişdir. Artıq dünyaya “ Bir millət, iki dövlət ” yerinə “Türk birliyi!” ideasını həyata keçirmək zamanıdır. Bu Azərbaycanın siyasi qüvvələrinin və bütün Azərbaycan xalqının istəyidir.”

Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa 15 sentyabr olayının tariximizdə müstəsna bir gün olduğunu və bu tarixin Türkiyə Azərbaycan qardaşlıq münasibətlərinin tarixi təsdiqi olduğunu bildirdi. Millət vəkili bu gün hər iki dövlətin tarixi ənənələrini davam etdirir.

Tədbirə telefonla Türkiyədən İYİ partiya başqanı Meral Akşener də qatılaraq iştirakçıları salalamladı. Meral xanım Türkiyə və Azərbaycanın həm dövlət, həm də xalq olaraq hər zaman bir birinə dəstək olduğunu və bu birliyin bundan sonra dahada güclənəcəyinə inandığını bildirdi.

Tədbirə telefonla həmçinin Türkiyədən MHP başqan yardımçısı Atilla Kaya və Türk Dünyası Qazeteçilər Federasiyonunun başqan yardımçısı Türer Yener də qatılaraq Türkiyə-Azərbaycan münasibətlərinin inkişafının zamanın tələbi olduğunu bildirdi.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, filosof  alim Yasəmən Qaraqoyunlu çıxışında  Türk dünyasının birləşməsi ideyasının nəzəri əsaslarının XX əsrin əvvəllərində ortaya çıxdığını, və bunun nəzəri əsaslarının hazırlandığını bidirdi: “Son yüz ildə Türk dünyasında yetişmiş fikir və siyasət adamları Türk birliyini iki model şəklində təsəvvür etmişlər. Bütün Türk xalqlarının vahid dövlət çatısı altında birləşməsi. Vahid Türk milləti və dövləti ideyasını dəstəkləyənlərin lideri Ənvər Paşa, Əli Bəy Hüseynzadə, Ə. Topçubaşov olmuşlar. Müstəqul türk dövlətlərinin konfederativ birliyi ideyasını isə M.Ə.Rəsulzadə, Atatürk dəstəkləmişlər. O zamandan bu zamana türk dünyası böyük yol keçmişdir və indiki reallığa uyğun olaraq Türk dünyasının birliyinin Avropa Birliyi modelinə uyğun qurulması daha çox dəstəklənməkdədir. Türk birliyi qurularsa Türk dünasını təhdid edən bir sıra dövlətlərə qarşı vahid təhlükəsizlik doktrini və politikası izlənə bilər. Hazırda türk dünyasına qarşı dörd təhdid vardır. Amerika və İzrailin Türkiyə ilə Suriya sərhədləri arasında tampon kürdüstan dövləti qurma projesi və bu bölgədə 150 minlik silahlı kürd dəstələrinin Türkiyəyə qarşı vuruşması. Bu bölgədə Kürdüstan yaratmaqda əsas məqsəd Türkiyə ilə Ərəb dünyasının quru əlaqələrini kəsmək və müsəlman dünyasını parçalamaqdır. Türkiyə burada 35 km lik təhlükəsizlik zolağı yaratsa belə ABD-İzrail blokunun Yeni dünya düzəni adl altında Türkiyəni bölmək siyasəti hələ də gündəmdədir. Düşünürəm ki, Türkiyə və Azərbaycan birləşmiş orduları həm də İraq və Suriyada yaşayan toplam beş milyon türk soydaşlarımızı qorumalıdır. İraq və Suriya türkmanlarına sahib durmalıyıq və o coğrafiyalarda siyasi statuslarının olmasına çalışmalıyıq. Suriya və İraq Türkmanları Türk dünyasını Ərəb dünyası ilə bağlayan strateji din və kültür körpüsüdür. Türkiyənin Ərəbistana uzantılarıdır.

Erməni təhdidləri və işğalları. Qarabağın işğaldan azad olunması problemi. Türkiyə ilə Azərbaycan arasındakı tampon erməni dövləti Türkiyənin Azərbaycana, Azərbaycan araçılığı ilə Türküstana yayılmasının qarşısını almaq məqsədilə Rusiyanın yaratdığı bir projedir. Ermənistan Azərbaycan torpaqları üzərində qurulub və Türkiyənin Şərqi Anadolu bölgəsini də işğal edib Ermənistana qatmağı hədəf alıb. Türkiyə və Azərbaycanın erməni işğallarına qarşı vahid hərbi siyasi strateji doktrini olmalıdır. Türk dünyası erməni təhdidlərindən qurtulmalıdır”.

Tədbirdə həmçinin Ədalət Partiyasından Sədr müavini Elxan Şükürlü, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyev, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, DAK İdarə Heyətinin üzvü Adil Minbaşı, Ümid Partiyasının sədr müavini Rüfət Muradlı çıxış etmişdir. Çıxışlarda Azərbaycan-Türkiyə münasibətlərinin hərbi ittifaqa qədər yüksəlməsinin, Türk dövlətlərinin iqtisadsi-siyasi-hərbi birliyinə nail olunmasının vacibliyi vurğulanıb.

Azərbaycan siyasətçilərindən Türk Birliyinə çağırış – BƏYANAT

Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibəti ilə siyasi partiyaların, ziyalıların iştirakı ilə keçirilən həmçinin Türkiyədən partiya liderlərinin telefonla qatıldığı tədbirdə iştirakçılar Türkiyə ilə Azərbaycanın vahid ordusunun qurulmasını, həmçinin Türkiyə və Azərbaycanın konfederativ birlikdə birləşməsini təklif etmişlər. Konfransın sonunda bəyanat qəbul olunmuşdur. Bəyanatda deyilir: 1918-ci il sentyabrın 15-də Bakının “Qafqaz” İslam Ordusu tərəfindən azad olunması, şübhəsiz ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. 70 illik sovet hakimiyyəti dönəmində bu hadisənin məqsədyönlü təhrifinə baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin həmin vaxtdakı qəhrəmanlığını bu illər ərazində heç vaxt unutmayıb, onu qəlbində yaşadıb.
Bir əsr öncə Azərbaycan və Osmanlı türkləri dünya imperalizminin qarşısında çiyin-çiyinə duraraq, öz istiqlallarını qəbul etdirməyi bacardılar və bu, bizim xalqlarımızın birliyini bütün dünyaya göstərən önəmli hadisə oldu. Komandan Nuru Paşanın rəhbərliyi ilə “Qafqaz” Türk-İslam Ordusunun Bakını azad etməsinin illər ötdükcə Azərbaycanın müstəqillik tarixində nə qədər böyük rol oynadığı daha aydın dərk edilir. Əgər bu Ordu köməyəimizə gəlməsəydi, şühəsiz ki, bu gün paytaxt Bakı da Dərbənd kimi, bir rus şəhərinə çevrilər, Azərbaycan dövləti indiki sərhədləri daxilində mövcud ola bilməzdi. Bakıya gələn ordunun qəhrəmanlığı, tariximizdəki, bütövlüyümüzdəki rolu və Azərbaycanın bugünkü sərhədlər içərisində dövlət qurmasında oynadığı mühüm rol heç vaxt unudulmayacaqdır. 102 il əvvəl olduğu kimi, bu gün də oxşar çətinlik içərisindəyik: Azərbaycan dövlətinin beynəlxalq hüquqla tanınan əraziləri arxasında böyük güclərin durduğu Ermənistan tərəfindən işğal edilib və biz yenə də bu güclərin məkrli planlarına qarşı savaşda qardaş Türkiyə dövlətini yanımızda görürük; eyni şəkildə, 100 il öncə Osmanlı dövlətini bölüb parçalayan güclər bu gün başqa çətirlər, adlar altında Türkiyə Cümhuriyyətinin qalan ərazilərini də parçalamağa, hər vasitə ilə onun inkişafının qarşısını almağa çalışırlar və Azərbaycan xalqı da qardaş ölkəyə qarşı imperalist güclərin bu hücumları qarşısında Türkiyənin yanındadır. Həm ərazilərimizə göz dikmiş və inkişafımızı istəməyən ortaq düşmənlərimizin varlığı, bu düşmənlərin açıq təhdidləri, həm ölkələrimiz qarşısında duran hədəflər, milli mraqlarımızın eyniliyi, həm də yeni geosiyasi reallıqlar Azərbaycan-Türkiyə münasibətlərini daha yeni müstəviyə çıxarmağı bizdən tələb edir.
Biz, bu bəyanatı imzalayan siyasi təşkilatlar və şəxslər mövcud reallıqlardan çıxış edərək, hər iki ölkə arasındakı münasibətlərin yeni və daha etibarlı müstəviyə çıxarılması üçün ən qısa zamanda aşağıdakı addımların atılmasını zəruri sayırıq:
– Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının və işğal olunmuş ərazilərimizdə terrorçu-separatçı bir rejimin fəaliyyət göstərməsinin təkcə Azərbaycan Respublikasının deyil, həm də Türkiyə Cümhuriyyətinin maraq və mənafelərinə real və açıq təhdid yaratdığını əsas götürərək, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında strateji hərbi müttəfiqlik Sazişi imzalanmalıdır;
– Bu Saziş əsasında hər iki ölkənin ərzisində qarşılıqlı şəkildə hərbi bazaların yerləşdirilməsinə və hətta birgə, vahid komandanlığa tabe hərbi qüvvələrin yaradılmasına nail olunmalıdır;
– Azərbaycan-Türkiyə hərbi ittifaqının digər Türk cumhuriyyətlərinin də birliyinə təkan verməsi və genişləndirilməsi üçün digər Türk respublikalarıyla danışıqlar intensivləşdirilməli və son nəticədə, Avropa Birliyinin modelinə uyğun Türk Birliyinin yaradılmasına nail olunmalıdır;
– Bu hərbi, siyasi, iqtisadi və mədəni Birliyin yaradılmasının zəruruliyini ölkələrə çatdırmaq üçün Türkiyə, Azərbaycan və digər Türk cumhuriyyətlərinin siyasi təşkilatları, mətbuatı, fikir adamları arasında qarşılıqlı sabit əlaqələrin və ictimai rəyi hazırlama mexanizmlərinin qurulması və gücləndirilməsinə çalışılmalıdır.

 

 

Bütöv yazını göstər
Back to top button
Close