VHP-nin Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı bəyanatı
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Xocalı şəhərinə müxtəlif istiqamətlərdən hücum edildi. Nəticədə Ermənistan silahlı qüvvələri keçmiş Russiya Federasiyasının 366 saylı moto atıcı alayının köməyi ilə Xocalının işğalını həyata keçirdilər. İşğalçılar Xocalını darmadağın etdilər və xüsusi amansızlıqla onun dinc əhalisinin qırğınını həyata keçirdilər. Nəticədə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs öldürüldü. 1000 nəfər yaralandı və 1275 nəfər əsir götürüldü. İndiyə qədər, Xocalının 150 sakini itkin hesab olunur. Sadəcə azərbaycanlı olduqları üçün, Xocalının mülki əhalisinin məqsədli şəkildə qırğını həyata keçirildi.
XX əsrin sonlarında dünya dövlətlərinin gözü qarşısında baş verən Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Ermənistanın ölkəmizə qarşı təcavüzünün qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, uzun müddət davam edən işğala son qoymaq məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz azad edilib.
Soyqırımın törədilməsindən 30 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. İnsanlığa qarşı törədilmiş bu dəhşətli cinayətə münasibətdə biganəlik və ikili standartlar təcavüzkarda cəzasızlıq sindromunu gücləndirərək onu etnik təmizləmə və işğal siyasətini davam etdirməyə sövq edib. Dünya ictimaiyyətinin Xocalı soyqırımına adekvat reaksiya verməməsi mənəviyyatdan kənar olmaqla yanaşı, həm də qəbuledilməzdir, çünki gələcəkdə bu cür cinayətlərin təkrarlanmasına zəmin yaradır.
Vətəndaş Həmrəyliyi Partiyası beynəlxalq təşkilatları və dövlətləri Xocalı qətliamını törətmiş cinayətkarların ədalət mühakiməsi qarşısında cəzalandırılması üçün onu soyqırımı və bəşəriyyətə qarşı törədilmiş cinayət aktı kimi tanımağa çağırır.