“Rusiyadakı referendumdan sürpriz gözləməyə dəyməz, lakin…”

“…Çağdaş dünyamızda imperializmin gələcəyi yoxdur”
 
 “Rusiya da uzun müddət bu yolu davam etdirə bilməyəcək”
Rusiyada baş nazir və dövlət başçısı olaraq Rusiyanın son 20 ilinə damğasını vuran Vladimir Putinin 2036-cı ilə qədər iqtidarda qalmasının önünü açan konstitusiya dəyişiklikləriylə əlaqədar referenduma başlanıb. Səsvermə 1 iyulda sona çatacaq.
Dəyişikliklərin qəbul edilməsi halında, mövcud vəzifə müddəti 2024-cü ildə sona çatan 67 yaşlı Putin, altı illik dövrlərlə iki dəfə də namizəd ola biləcək. Növbəti  seçkiləri də qazansa, daha 16 il iqtidarda qala biləcək. Bununla bağlı BBC geniş sujet təqdim edib. Vurğulanıb ki, referendumun ilk mərhələdə 22 apreldə keçirilməsi nəzərdə tutulurdu. Ancaq koronavirus epidemiyası səbəbindən səsvermə 25 iyuna müəyyən olunub.
Rusiyadakı prosesləri “Sherg.az”a dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin katibi Asif Şəkərli deyib ki, Rusiya dünyada mövcud olan imperalist və avtoritar düşüncə daşıyıcısı olan iki gücdən biridir. Politoloq bildirib ki, bu mövqenin qazanılmasında Kreml rəhbərinin bir lider kimi şəxsi keyfiyyətləri müstəsnadır:
“Rus cəmiyyəti də bu xarakterə meyillidir. Hətta cəmiyyətdə “Putin yoxdursa, bu gün Rusiya da yoxdur” fikrini formalaşdıranların sayı milyonlarladır. Etiraf edək ki, Rusiyada bu dövləti imperiya kimi görmək istəyənlərin sayı daha çoxdur. Düzdür, son illər şimal qonşumuzda demokratik meyilli qüvvələr aktivləşib. Amma bu qüvvələrin gücü hazırkı durumu dəyişmək iqtidarında deyil. Bütün bu faktorlar onu deməyə əsas verir ki, referendumdan sürpriz nəticə gözləməyə dəyməz. Lakin onu da qeyd edək ki, çağdaş dünyamızda imperializmin gələcəyi yoxdur. Rusiya da uzun müddət bu yolu davam etdirə bilməyəcək”.
Bütöv yazını göstər
Back to top button
Close