VHP-nin İranın Şuşa qurultayı təxribatına sərt bəyanat

Vətəndaş Həmrəyliyi Partiyasınından İranın Şuşa qurultayı təxribatına sərt bəyanat

Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Tehrandakı “Mərkəzi Asiya və Qafqaz Araşdırmaları Mərkəzi”nin baş elmi işçisi qismində iştirak edən Vəli Kaleci adlı şəxs ölkə başçısına ünvanladığı sualda bikdirdi ki, Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı iranlı azərbaycanlılar İranın ərazi bütövlüyünə qarşı çıxışlar ediblər və niyə Azərbaycan tərəfi rəsmi qaydada buna etirazını bildirmir? Azərbaycan Prezidentinin cavabı mükəmməl və yerində idi. Amma İrandan gələn bu təxribatçı mesajla bağlı Vətəndaş Həmrəyliyi Partiyası olaraq bəzi məqamları geniş ifadə etmək vacib bilirik.
Hələ Dünya Azərbaycanlılarının Birinci Qurultayında da, ikincidə də İran rəsmiləri və KİV-i Azərbaycana qarşı çıxışlar edib, təhdid mesajları göndəriblər. Məsələn, Prezident İlham Əliyev o vaxt “mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm” deyəndə İran tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə bunu çox böyük qısqanclıqla qarşılamışdı. Burada “xain xoflu olar” məsələsi var.
İranda hər il ənənəvi olaraq dünya ermənilərinin ümumerməni toplantısı keçirilirdi. Özü də, bu tədbir Qarakilsə tərəfdə, Cənubi Azərbaycanın Çaldıran şəhəri yaxınlığında təşkil olunurdu. Oraya dünyanın müxtəlif yerlərində yaşayan ermənilər gəlirdilər, danışırdılar, yeyib-içib, gülüb-oynayıb dağılışırdılar. Bu tədbirə İranın mədəniyyət adamları, hətta çox vaxt mədəniyyət naziri, rəsmiləri qatılırdı. İran dünya ermənilərinin bu tədbirinə ev sahibliyi etməyindən çox böyük iftixarla danışırdı. İndi dünya azərbaycanlılarının qədim Azərbaycan şəhərinə toplanması, qurultay keçirməsi İrandakı dairələri niyə qıcıqlandırır? Axı Güneydə, Dərbənddə, Borçalıda, Rusiyada, Türkiyədə, Avropada və dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar Qarabağın azad olunmasını istəyirdilər. İndi Qarabağ işğaldan qurtulub, Şuşada azərbaycanlılar Zəfər Qurultayı ilə bunu bayram edirlər. Bunun İranı narahat edəcək bir tərəfi yoxdur və ola bilməz.
Vətəndaş Həmrəyliyi Partiyası bildirir ki, İran hakimiyyəti üzdə gülür, arxada da “pambıqla baş kəsir”. Bir tərəfdən Azərbaycanla dostluqdan, əməkdaşlıqdan danışırlar, digər yandan ölkəmizə qarşı hədyan fikirlər səsləndirməkdədirlər.
İran həmişə ölkəmizə qarşı qərəzli münasibət bəsləyib. Biz buna Qarabağ müharibəsində şahid olmuşuq. İranda bir dənə də olsun azərbaycan dilində məktəb yoxdur. Soydaşlarımıza öz ana dillərində tədris mərkəzləri və nəşriyyat açmaq imkanları verilmir. Bütün haqları əllərindən alınmaqla bərabər, onlara qarşı repressiyalar tətbiq olunur. Tehran dünya azərbaycanlılarının bu məsələləri gündəmə gətirəcəyindən qorxur. Azərbaycanın güclənməsi və dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi və bir-birlərinə həmrəy olması İranda Azərbaycan türklərinin azadlıq hərəkatına çox böyük təsiri olacaq. Vətəndaş Həmrəyliyi Partiyası o inamı ifadə edir ki, gec-tez cənublu soydaşlarımız öz milli haqları və azadlıqları uğrunda mübarizəyə əl ataraq İranın imperalist dövrünə son qoyacaqlar. Cənubi Azərbaycan onsuzda öz azadlığına və müstəqilliyinə qovuşacaq.

Bütöv yazını göstər
Back to top button
Close