VHP-dən Eldar Salayevin ölümü ilə bağlı nekroloq
Azərbaycan elminə ağır itki üz verib. Görkəmli alim, fizika-riyaziyyat elmləri doktoru, akademik Eldar Salayev vəfat edib.
Eldar Salayev 1933-cü ildə, dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib. 1970–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini olub. 1972-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini alıb. 1979-cu ildən professordur. 1980-ci ildə Elmlər Akademiyasının müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Prezidenti olub. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır.
Eldar Salayev bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alim olub.
O, akademiyada dörd institutun əsasını qoymuşdur: Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Millətlərarası Münasibətlər İnstitutu, Xəzərin Ekoloji problemləri İnstitutu.
Eldar Salayev Milli Elmlər Akademiyasının prezidenti kimi humanitar elmləri nüfuzlu dəqiq-texniki elmlərlə eyni müstəviyə qaldırmaq istəyirdi.
O, Xəzərin və respublikanın artmaqda olan ekoloji problemlərinin qarşısını almaq üçün tədbirlər planı hazırlamışdı, Bu plana əsasən zavod və fabriklər, istehsalat müəssisələri ilə akademiyaya arasında sıx əməkdaşlıq yaranmışdı.
Eldar müəllimin başçılığı ilə bir sıra regionlarda – Şamaxı, Naxçıvan, Şəki, Qubada elmi-tədqiqat müəssisələri yaradılmışdı.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı, səmimi və qayğıkeş insan Eldar Salayevin xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası
21 iyun 2022-ci il