VHP-dən ABŞ konqresmenlərinə sərt cavab: “Terrorçunun milləti olmur!”
Vətəndaş Həmrəyliyi Partiyası bir qrup konqres üzvünün ABŞ dövlət katibi Entoni Blinkenə ünvanlanmış müraciətlə bağlı etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir: Azərbaycanın beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü təmin etməsi bir çox ermənipərəst dairələri ciddi narahat edib. Tarixi ədalətin bərpasını heş cür həzm edə bilməyən bu qüvvələr addımbaşı hər cür bəhanələr, əsassız fikirlər və gülünc ittihamlarla ölkəmizi hədəfə alırlar. Çox təəssüf ki bu sırada uzun illər Azərbaycanla iqtisadi, siyasi və hərbi sahədə sıx əməkdaşlıq edən Amerika Birləşmiş Ştatları da bu kampaniyada yer alır. Bu günlərdə ABŞ Senatının 10, Konqresinin 48 üzvünün dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciət tək ABŞ-Azərbaycan münasibətlərinə zərbə deyil, həm də beynəlxalq hüququn, haqq və ədalətin ayaqlar altına atılmasıdır. Özünü dünyaya demokratiya və ədalət beşiyi kimi təqdim edən bir ölkənin ali qanunverici orqanında yer alan şəxslərin bu yanaşması ancaq təəssüf doğura bilər. Müraciət müəlliflərinin “siyasi məhbus”, “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah və narkotika dəllallarıdır! Terrorçunun milləti olmur! Dünyada yaxşı və pis terrorçu olmamalıdır! ABŞ təmsilçilərinin müraciətində adları çəkilənlərlə Nyu-Yorkda Dünya Ticarət Mərkəzini partladan terrorçulardan heç bir fərqi yoxdur. Bu mənada müraciətə imza atanlar həm də ABŞ-ı hədəf alan terrorçuları müdafiə etmiş olurlar.
Vətəndaş Həmrəyliyi Partiyası ABŞ dövlət katibinə ünvanlanan müraciəti ABŞ-Azərbaycan münasibətlərinə xaincəsinə zərbə, həmçinin erməni avantürizmini dirçəltmək və bölgədə müharibə alovlandırmaq cəhdi kimi qəbul edir. Başda Fransa olmaqla, həmin müraciət müəlliflərinin də daxil olduğu ermənipərəst koalisiya anlamalıdır ki, bu kimi gülünc və təxribatçı addımlar Azərbaycanı öz hədəfindən yayındıra bilməz.
Vətəndaş Həmrəyliyi Partiyası yaxın zamanda erməni terrorbaşçılarının ədalət məhkəməsi qarşısında layiqli cəzalarını alacaqlarına əmindir.
Eyni zamanda ölkədə insan haqları və müəyyən siyasi azadlıqlarla bağlı problemlərin daxildə, heç bir xarici təsir olmadan həll olunacağına ümid edir və hakimiyyətin bu sahədə ardıcıl, humanist addımlar atacağına inanırıq.