VHP-də möhtəşəm toplantı: İşğaldan azad olunmuş rayon təşkilatları bir araya gəldi

Sabir Rüstəmxanlı: “VHP böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə işğaldan azad edilmiş rayonların bölgə təşkilatının üzvləri ilə görüşü keçirilib. 11 rayon təşkilatının sədrinin qatıldığı tədbiri giriş sözü ilə Partiya Ali Məclisinin sədri Felmar Ələkbərli açıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Felmar bəy Zəfər savaşı və son antiterror tədbirlərindən sonra ərazi bütövlüyümüzün təmin edilməsinin böyük tarixi hadisə olduğunu bildirərək, Xankəndində və Qarabağın digər şəhərlərində üçrəngli bayrağımızın ucaldılmasının qələbəmizin yekunu olduğunu qeyd etdi.

Daha sonra VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli tədbirdə iştirak edən rayon təşkilatlarını təqdim edib və bildirib ki, bu tədbirdə Şuşa, Xocalı, Xocavənd, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Laçın, Zəngilan, Kəlbəcər rayon, Xankəndi şəhər təşkilatlarının sədrlərinin və təşkilat rəhbərliyinə daxil olan şəxslərin iştirakı ilə toplantı keçirilib.
İlk olaraq çıxış edən VHP Xocalı rayon təşkilatının sədri Mikayıl Nurməmmədov Qarabağ münaqişəsi başlayan ilk gündən Sabir Rüstəmxanlı bütün kəndləri gəzmiş və hər cür dəstəyini göstərmişdir. Meşəli qatili Xaçaturyanın məhkəmə prosesində iştirak edən Mikayıl bəy bu illər ərzində xalqımıza faciə yaşadan bütün erməni cinayətkarlarının layiqli cəzasını alacağını dedi.
VHP Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı bir şuşalı kimi hər zaman Qarabağlı günlərdən danışarkən kövrəldiyini amma indi yalnız sevinc göz yaşlarının olduğunu bildirdi: “Mənim Şuşa xatirələrim saatlarla bitməz, bu gün bizə o sevinci yaşadan o torpaqlarda ucalan şanlı bayrağımızdır”.
Daha sonra VHP Ağdam rayon təşkilatının sədri Həsən Xəlilov və Qubadlı rayon təşkilatının sədri Xasay Vəliyev çıxış edərək rayonlarının işğal tarixi, maddi və mənəvi ziyanlardan bəhs edib.
Laçın rayon təşkilatının sədri Həmzalı Məmmədov, Xankəndi şəhər təşkilatının sədri Şəhriyar Abdullayev, Xocavənd rayon təşkilatının sədri Arzu Abbasova və Cəbrayıl rayon təşkilatının sədri Etibar Məmmədov çıxış edərək Zəfər Savaşı və milli qələbəmizin yaşatdığı qürurdan danışıblar.
Sonda Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında partiya sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək bu görüşün tarixi günlərə təsadüf etdiyini bildirdi: “44 günlük Zəfər savaşı ilə biz düşmənə zərbə vurub torpaqlarımızı azad etmişdik, ancaq bir ay öncə keçirilən antiterror tədbirləri bizim qələbəmizi tam yekunlaşdırdı. Bu gün Xankəndində dövlət bayrağımız dalğalanır və bu ərazi bütövlüyümüzün möhtəşəm simvoludur. Azərbaycan xalqı 30 illik vətən həsrətinə son qoydu. 1988-ci ildən biz həm Vətən, həm də Azadlıq davamızın mərkəzindəyik. Bu yola “Nicatımız Vətəndaş Həmrəyliyindədir” deyə çıxmışdıq və zaman bizim yolumuzun, ideologiyamızın düz olduğunu təsdiqlədi. Bununla hər bir VHP-çi qürur duya bilər. Burda çıxış edən rayon təşkilat sədrlərinin bir çoxu həm də Birinci Qarabağ Müharibəsi veteranıdır. Bu da Qürurverici bir faktdır. Demək VHP bu böyük qələbəmizə həm ideoloji, həm də savaş meydanında öz payını verib”

Bütöv yazını göstər
Back to top button
Close