Bəsdir, bir dəstə adam milləti öz istədikləri kimi oynatdılar!- 1991-ci il, Mart

Sabir Rüstəmxanlı
Dünyada yalnız bir canlı var ki, (heyvan demək istəmirəm!) acı taleyinə müqavimətsiz boyun əyir, düşməninə yem olmağa özü «könüllü» gedir; kol dibində, dərədə uzaqdan-uzağa canavarın qaraltısını görən kimi onun dalınca düşür, oxuya-oxuya («anqıra-anqıra» demək istəmirəm!) «tələsir», qaçır ölümün ağzına… Lətifəsi bizdən uzaq!..
Bu günlərdə bizi zorla İttifaq referendumuna sürükləyirlər. İttifaqın saxlanmasına münasibətimizi bildirməliyik: «hə», ya «yox»… Guya, biz «hə» deyən kimi dünyanın altıda birini əhatə edən bir xaraba dirçələcək, sürü-sürü dükan-bazara axışıb kor-peşman geri qayıdan adamların istəyi yerinə yetəcək, sinəmizə vurulan ağır yaralar sağalacaq. Ya da, «yox» sözümüzü eşidən kimi Kreml başlayacaq bir ağızdan oxumağa: «Get, yaxşı yol, əyləmirəm səni mən!»
Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında iki günlük müzakirələrdə, kifayət qədər dəlil-sübut gətirsək də, biz bu referendumun növbəti bir oyun olduğunu və respublikamızı yenidən tələyə salacağını başa sala bilmədik. Daha doğrusu, hamısı çox gözəl başa düşə-düşə itaətkarlıq vərdişlərindən əl çəkə bilmədilər!
Mirzə Cəlil demiş: «…bəndənə şükür, İlahi!»
Deputatların böyük əksəriyyəti təkbətək söhbətlərimizdə etiraf edirdilər ki, referendumun respublikaya heç nə vermədiyini biz də bilirik, lakin…
Gün kimi aydın həqiqətlər var: referendum Qorbaçova yeni səlahiyyətlər qazandırmaq vasitəsidir. «Hə» də desək, «yox» da desək, Mərkəzin növbəti gedişləri indidən açıq-aşkar görünür.
Biz hansı İttifaqa «hə» deyəcəyik? 70 il Azərbaycanın bütün sərvətlərini yığıb aparan, Abşeronu zibilxanaya, Xəzəri mazut gölünə çevirəndən sonra «bağda ərik var idi, salam-əleyk var idi» ovqatı ilə səni hesaba almayan İttifaqa? Milyon yarım azərbaycanlını bir tikə çörəyə, işə, evə möhtac qoyub yurdundan didərgin salıb, dərbədər edən İttifaqa? Bizi həmişə qonşularımızın ayağına verən, mənafelərimizi tapdalayan, sərhədlərimizi qorumayan, axıdılan qanımıza göz yuman və bizi tankların altına salmaqdan çəkinməyən İttifaqa?
Bizim hesabımıza müharibəni udan bir məmləkətdə, heç bir xidmətimiz nəzərə alınmadan, bizə ögey münasibətə nə ilə haqq qazandırmaq olar?
«Yeri gəlmişkən, bəsdir Rusiyanın büdcəsinin gəlirini milli respublikalara axıda-axıda onu çapıb taladılar. Onsuz da bu, işə xeyir vermək əvəzinə, Orta Asiyada və Zaqafqaziyada oğru və dəllalların çoxalmasına səbəb olur». «Voprosı literaturı» jurnalından (№ 9, 1980) götürdüyüm bu sözlər isə, açıq-aşkar göstərir ki, soyulan biz olsaq da, Rusiyanın hətta ziyalıları da «oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı» əhval-ruhiyyəsi ilə bizi özlərinə borclu sayır, bütün əyrilikləri və rüşvətxorluğu Mərkəzdən yaydıqları halda, Asiya və Zaqafqaziya xalqlarını xüsusi hədəf seçməkdən çəkinmirlər!
Bəs sənin heysiyyətin,
bəs özünə hörmətin?!
Bəs körpə balaların damarından axan qan?!
Səni ayaq altına atan bir qaniçənin
Nə iştahla yenə də öpürsən ayağından?!
Niyə bizi ayaq altına atan, bizi adam yerinə qoymayanların ayağından öpmək xəstəliyindən sağalmaq istəmirik?
Bəhanə gətirirlər ki, söhbət yeniləşmiş İttifaqdan gedir. Hanı o «yeniləşmiş» İttifaq? Kağız üstündəki dəbdəbəli sözlərlə çürüyən dayaqları, uçan divarları necə saxlamaq olar? İttifaqın özünün nəyi var ki, bizə də kömək eləsin? Əksinə, ömür boyu havayı yemiş respublikaların də yükünü, bütün xarici borclarının da bir hissəsini bizim boynumuza yıxacaq.
İttifaqın ömrünə az qalıb! Dünya sovetoloqlarının, siyasətlə məşğul olan adamların çoxunun fikri belədir! Nəyə görə yenə özümüzü, qul psixologiyası ilə, məhvi labüd olan bir xəstənin quyruğuna bağlamalıyıq!
Düzdür, müstəqillik yolu çətin yoldur! Düzdür, bəzi beyni kiflənmiş, buğda yeyib cənnətdən çıxmış rəhbərlər «əşi, biz azadıq da!» – deyib, xalqın gözünə kül üfürə-üfürə yaşamağı mübarizə yoluna dəyişməz! Lakin tarixin də öz qanunları var və vaxtı çatanda belələrini bir gündə kürüyüb atacaq!
Zor-xoş, bir dəstə ixtiyar sahibinin iradəsi ilə xalq referenduma sürüklənir. Həmin gün respublika Ali Soveti öz tarixinə qara bir səhifə yazdı… Bu qərara etiraz əlaməti olaraq aclıq elan edən «Müstəqil Azərbaycan» Bloku deputatları ələ salındı, onlara zorakılıq göstərildi; deputat hüquqları və Konstitusiyamız ayaqlar altına atıldı…
Qoy olsun! Biz Azərbaycanın insan hüquqlarına etinasızlıq, vəhşilik üzrə sınaq meydanına çevrildiyini çox görmüşük.
Onsuz da yaxşı bilirik ki, bizdə aclıq elan etməklə heç kimin tükünü tərpətmək olmaz! Bu etiraz sivilizasiya mühitində təsir göstərir!..
Əlac bircə ona qalır ki, referenduma ümumxalq etinasızlığı göstərək. Səsverməyə getməyək, hər yerdə bizim əvəzimizdən yalandan səs verilməsinə mane olaq, məcburiyyət qarşısında referendumda iştirak edənlərin də rəyi bir olsun! «Yox!»
Bəsdir, bir dəstə adam milləti öz istədikləri kimi oynatdılar!
1991-ci il, Mart
Bütöv yazını göstər
Back to top button
Close