VHP Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib
Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
“Hörmətli həmvətənlər!
Sizi müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram. Yüz illərdir Azərbaycanda fərqli dini inanclar, mədəniyyətlər və adət-ənənələr sülh və əmin-amanlıq içində, azad şəkildə yaşayır. Bu birlik, həmrəylik və qardaşlıq xüsusiyyətlərimizi yaşatmağa davam edirik. Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir. Vətənimizin azadlığı, bütövlüyü uğrunda müsəlman, xristian və yəhudi vətəndaşlarımız birgə çalışır.
Əziz həmvətənlər!
Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz və gözəl bahar günlərinə təsadüf edən Pasxa bayramı xeyirxahlığı, həmrəyliyi mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!”
Hörmətlə,
VHP Siyasi Şurası