VHP Abşeron təşkilatı toplantı keçirib -FOTO

Vətəndaş Həmrəyliyi Partiyası Abşeron rayon təşkilatı Məclisinin  növbəti toplantısı keçirilib. Toplantıda təşkilati işlər, ictimai-siyasi məsələlər müzakirə edilib.

Rayon təşkilatının sədri və VHP Ali Məclisinin üzvü İlqar Salmanov çıxışında ölkədəki mövcud ictimai-siyasi vəziyyət, Qarabağda və ətraf ərazilərdə baş verən proseslər barədə danışıb.

O, bildirib  ki, Qarabağda erməni separatçıları və Ermənistan tərəfi yenə təxribatlarından əl çəkmir. Bölgədə olan qanunsuz erməni silahlı birləşmələri dəfələrlə  təxribat xarakterli silahlı insident törədiblər. Təxribatlar həm  Azərbaycan-Ermənistan dövlət sərhədində, həm də  Qarabağ əraisində baş verib, bu bölgədə  yerləşən bölmələrimiz atəşə tutulub .

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən də insident  törədilib. Erməni silahlı birləşmələri tam şəkildə  bölgədən çıxarılmalı və azərbaycanlıların Xankəndi, Xocalı, Ağdərə, Xocavənd  və digər ərazilərə qaytarılması prosesi başlamalıdır. Bu məqam 10 noyabr razılaşmasında nəzərdə tutulub. Təkid etməyə haqqımız var. Bu cür etsək, təşəbbüs bizim tərəfimizdə olacaq, ermənilər heç nə edə bilməyəcəklər. Digər istiqamətlərdə də işlər getməlidir. Ermənilər şərtlərimizə boyun əyməli, mövcud reallığı qəbul etməli, ya da açıq-aşkar bizimlə müharibəyə qalxmalıdırlar. Hər iki halda nəticə bizim xeyrimizə olacaq.

Təşkilati məsələrin müzakirəsi zamanı təşkilat sədrinin birinci müavini Taleh Əliyarov çıxış edib, təşkilatın qarşısında duran işlər və təşkilatın fəaliyyəti barədə danışıb. Bildirib ki, bu il VHP-nin 30 illik yubileyi yaxınlaşır. Abşeron rayon təşkilatı da partiyanın ilk təsis edilən təşkilatlarından biridir. Biz də bu ələmətdar olayı qeyd etməliyik.

Sonda  Məclis qarşıda duran işləri müzakirə edib və partiya sıralarına yeni üzvlər qəbul edilib.

Bütöv yazını göstər
Back to top button
Close