“Vəzifə Fəzail İbrahimlini dəyişdirmədi” – Vitse-spikerə ünvanlanan TƏBRİKLƏR

Milli Məclisin vitse-spikeri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimlinin doğum günüdür.

Modern.az xəbər verir ki, vitse-spikerin 70 yaşı tamam olur.

Fəzail İbrahimli haqqında düşüncələrini bölüşən VHP sədri, deputat Sabir Rüstəmxanlı qeyd edib ki, o, partiyanın quruculuğu və inkişafında əvəzsiz xidmət göstərib:

“Otuz ilə yaxındır yanaşı yol gəlirik. Bir insan, alim, müəllim, millət vəkili, siyasətçi kimi onun haqqında çox danışmaq və yazmaq olar. Bu sahələrin hər birində onun xarakterinin, şəxsiyyətinin bir gözəl tərəfi üzə çıxır. Lakin bir ümumi cəhət də var, bu da Fəzail İbrahimlinin halal adam olması, dürüstlük və mərdliyidir. O, siyasətə də Universitetdə qazandığı ədalətli və prinsipial müəllim adı və şöhrəti ilə gəlmişdi. Bu keyfiyyətlər ona həm VHP-də, həm də Milli Məclisdə özəl bir sayğı və nüfuz qazandırıb. 70 yaş ömrün müdrik çağıdır. Ancaq mən Fəzail bəyi elə cavanlığından milli əxlaqa bağlı, böyük-kiçik yeri bilən, öz ləyaqətini qoruyan, haqqın tərəfində dayanan, sözünü cəsarətlə deyən, müdrik bir insan kimi tanımışam. VHP-nin milli birlik ideyası Fəzail bəyin də vətəndaşlıq və siyasətçi amalını təşkil edir. Əziz dostumuz 70 yaşını ölkənin qanunvericilik hakimiyyətinin zirvəsində, Milli Məclisin sədrinin müavini və Komitə sədri məqamında qarşılayır. Bu, zəhmətlə yoğrulmuş, namuslu bir ömrün halal nəticəsidir! Dəyərli məsləkdaşımı ömrün yetmişinci baharı münasibətiylə ürəkdən təbrik edir, ona uzun ömür və can sağlığı arzulayıram. Bu yaşdan sonra dəyişilmək ehtimalı yoxdur. Yola davam!”.

Azərbaycan Yazıçılar birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Fəzail İbrahimlini uzun illərdir tanıdığını söyləyib. R. Məcidin sözlərinə görə, vitse-spiker hər zaman öz təvazökarlığı və təmkini ilə fərqlənən insan olub.

“O, həm müəllim kimi, həm də millət vəkili kimi ictimaiyyətin rəğbətini qazanıb.

Tələbələrinin Fəzail İbrahimli haqqında xoş fikirlərinin dəfələrlə şahidi olmuşam. Bir tarixçi, müəllim kimi əvəzolunmazdır. Tarixi məsələlərlə bağlı münasibət bildirəndə də heç zaman emosionallığa qapılmır, həqiqətləri obyektiv, sakit şəkildə qeyd edir”.

Rəşad Məcid bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasında Azərbaycanın ziyalıları toplanıblar:

“Onlar Sabir Rüstəmxanlının rəhbərliyi ilə Azərbaycançılıq, Azərbaycan dövləti ideyalarından çıxış edən şəxslərdir. Sonuncu parlament seçkilərində VHP-nin nümayəndəsinin vitse-spiker olması ictimaiyyətdə müsbət rezonans doğurdu. Fəzail İbrahimli kimi ziyalıların parlamentin rəhbərliyində təmsil olunması əhəmiyyətlidir.

Vitse-spikeri təbrik edirəm, arzu edirəm ki, onun millət vəkili kimi də, sədr müavini kimi də fəaliyyəti hər zaman məhsuldar olsun”.

Fəzail İbrahimlinin deputat həmkarı Aqil Abbas da onun haqqında xoş düşüncədədir. Aqil Abbas söyləyib ki, Fəzail İbrahimli böyük alim, elm xadimidir:

“O tariximizi bilən, güclü məntiqli insandır. Yadıma gəlir, bir dəfə parlamentdə Azərbaycan himni ilə bağlı müzakirə gedirdi. Fəzail İbrahimli himnimizi misra-misra hər kəsə izah etdi, himnimizin sözlərinin necə önəmli məqamları əhatə etdiyini elə açdı ki, hər kəsin ürəyincə oldu.

O, çox saf təmiz insandır. Gözəl yol yoldaşıdır. Onunla səfərlərimizdə bunun şahidi olmuşam. Xarici ölkələrdə də Fəzail İbrahimli bizi həmişə savadı, biliyi və müdrikliyi ilə təmsil edib. O, konfranslarda  dediyi hər sözü, hər kəlməsi ilə insanları doğrulara inandırmağı bacarıb. Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda böyük rolu olub.

Fəzail İbrahimli parlamentdə müxalif partiyanı təmsil edir və hazırda vitse-spikerdir. Bəzən biz şahidi oluruq ki, bəzi şəxslər vəzifəyə təyin olunandan sonra dəyişirlər. Lakin Fəzail İbrahimlidə bu xüsusiyyət yoxdur. Həminki insandır, dəyişməz xarakteri var. Mehribandır, səmimidir”.

Aqil Abbas vitse-spikerlə bağlı ağlına gələn ilk hadisəni də danışıb:

“Almaniyanın Berlin şəhərinə səfərimiz var idi. Fevral ayının 26-sı idi və biz Berlində Xocalı haqqında tədbirə qatılacaqdıq. Nəqliyyatda olanda deputatlar arasında kiçik zarafatlaşma, gülüş yarandı. Fəzail İbrahimli bu təntənədən tamam kənar idi, gülmürdü. Amma Xocalıdan olan deputatımız Elman Məmmədov məsələni səhv anladı, gülən deputatlara əsəbləşdi, Fəzail müəllimin də onlara qoşulduğunu düşünüb, xeyli danladı. Fəzail İbrahimli çox səbrlə Elman Məmmədovun dediklərini dinlədi, səhv etdiyini bildiyi halda heç bir söz demədi. Sonradan məsələ aydınlaşanda Elman Məmmədov vitse-spikerdən üzr istədi. Mən Fəzail müəllimdən necə səbr edə bildiyini soruşduqda, o mənə dedi ki, bu gün Elmanın ürəyində ağır dərd var. Xocalı faciəsinin ildönümüdür. Belə emosional davranması normaldır. Mən elə onda Fəzail İbrahimlinin necə səbrli, mərhəmətli və anlayışlı insan olduğunu  bir daha anladım”.

Parlament Jurnalistləri Birliyinin üzvü İmdad Əlizadə də vitse-spikeri təbrik edib:

“Fəzail İbrahimli siyasətçi, deputat olmaqla yanaşı, həm də Azərbaycanın tanınmış alimidir. Uzun illərdir Milli Məclisdə təmsil olunur. İctimai-siyasi sahədə böyük təcrübəyə malikdir. Bunun nəticəsidir ki, 2020-ci ildə Milli Məclisin sədr müavini vəzifəsinə seçilib. Hesab edirəm ki, belə insanların təcrübəsi ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir.

Fəzail bəyi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram”.

Bütöv yazını göstər
Back to top button
Close