Vətəndaş Həmrəyliyi Partiyasının BƏYANATI
Müstəqil Azərbaycanın siyasi tarixində ən böyük seçki təcrübəsinə malik olan Vətəndaş Həmrəyliyi Partiyası ölkəmizdə keçirilən bütün seçki və referendumlarda həm namizəd, həm də müşahidəçilərlə fəal şəkildə təmsil olunmuşdur. 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilən Prezident seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası öncədən Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin edən Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini açıq şəkildə bildirmişdir. Bu mövqeyinə sona qədər sadiq qalan Vətəndaş Həmrəyliyi Partiyası seçki prosesini diqqətlə izləmiş və seçki günü Seçki məntəqəsində öz müşahidəçiləri vasitəsilə səsverməni müşahidə etmişdir.
Seçki öncəsi təbliğat və təşviqat işlərində namizədlər üçün yaradılmış bərabərhüquqlu şərait, onların mətbuata rahat çıxışının təmin olunması, əhali ilə görüşlərinə geniş imkanlar yaradılması seçkilərin demokratik ruhda keçiriləcəyinin ilkin əlamətləri olmuşdur. Seçki günü həm canlı şəkildə məntəqə və dairələrdə müşahidələr aparılmış, həm də yüzlərlə seçki məntqəsində quraşdırılan kameralar vasitəsilə proses birbaşa izlənmişdir.
Seçki prosesi boyu və səsvermə günü hansısa qanunsuz hal və pozuculuq fəaliyyəti tərəfimizdən müşahidə edilməmişdir. Seçkilərdə əhalinin rahat və dinc şəkildə səsverməsi təşkil edilmiş, onların seçiminə təsir göstərilməmiş, seçki günü məntəqələrin ətrafında heç bir təbliğat işləri aparılmamışdır.
Bu seçkilərdə Azərbaycan xalqı öz demokratik prinsiplərini qoruyaraq Prezident seçkilərində yüksək seçici fəallığı göstərmişdir. Seçicilərin böyük əksəriyyəti Azərbaycan xalqına misilsiz qələbələr bəxş edən, bizim də dəstəklədiyimiz İlham Əliyevə səs vermişdir.
Vətəndaş Həmrəyliyi Partiyası və partiyamızın çoxsaylı üzvləri adından seçkilərin nəticəsini ədalətli hesab etdiyimizi bəyan edir və İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, İlham Əliyev bundan sonra Azərbaycanın daha güclü dövlətə çevirilməsi yolunda əvvəlki kimi qətiyyətlə çalışacaq, öz ali missiyası ilə türk dövlətləri birliyinin yaranmasında da həlledici rol oynayacaqdır. Bu şərəfli yolda Prezident İlham Əliyevə böyük uğurlar arzulayırıq.
Sabir Rüstəmxanlı
Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
Millət vəkili