“Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir”

Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik, Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. İkinci Qarabağ müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxunun nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də Səid Nofəl oğlu Rəşidzadədir. Vətən müharibəsinin qəhrəman, cəsur döyüşcülərindən olan, gəncliyini, ömrünü vətənə fəda edən Səid qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar sırasına yazıb.
Səid Nofəl oğlu Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 1996-2007-ci illərdə Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı tam orta məktəbdə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb, 2011-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmət edib. Səid Rəşidzadə 2016-cı il Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun rəhbərliyi altında döyüşüb. O, bir neçə il əvvəl ordu sıralarından tərxis olunsa da, 2020-ci il sentyabrın 27-də könüllü olaraq döyüşlərə yollanıb. 2020-ci il oktyabrın 11-də Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan baş leytenant Səid Rəşidzadə Füzuli rayonunda dəfn edilib. Səid Rəşidzadə göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Səid döyüşə yola düşərkən azad edəcəyimiz ilk yüksəkliyə sancmaq üçün götürdüyü üçrəngli bayrağımızı Hadrutda azad olunmuş yüksəkliyə sancmaq istəyərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi, bayrağımıza görə öz canını fəda etdi. Həmin döyüş anının şahidləri hadisəni belə xatırlayır: “Hadrut azad edildi. Biz elə bildik ki, artıq bitdi, yüksəkliyi tam almışıq. Baş leytenant Səid Rəşidzadə erməni bayrağı asılan dirəyə yaxınlaşdı ki, o bayrağı salıb Azərbaycan bayrağını qaldırsın. Dirəyə yaxınlaşan kimi snayper onu vurdu”. Amma sonda o yüksəkliyə Səidin özü ilə müharibəyə gətirdiyi bayraq sancıldı. Neçə-neçə silahdaşı, döyüş yoldaşı hər dəfə Səid Rəşidzadə haqqında qürur hissi ilə söz açır, şəhid baş leytenantı təkcə təkcə cəsur döyüşçü kimi yox, həm də qayğıkeş komandir kimi xarakterizə edir.
Səid bu gün bütün Azərbaycanın qəhrəmanıdır, amma o mənim üçün əvəzi heç vaxt olmayacaq DOST idi. Mən bir DOST itirib, ŞƏHİD DOST qazandım. İndi də Sənlə danışıram hər gün Səid. Sənin içində hər zaman gənclik istəyi var idi. Bilirsən nəyə sevinirəm? Saçların heç zaman ağarmayacaq ŞƏHİD QARDAŞIM. Zamanı gənc yaşında donan İGİD QARDAŞIM! Sənin adın hər birimizin qəlbində əbədi yaşayacaq. Torpağı qanınla suvardın ki, bu yerlərdə dünyanın ən gözəl gülü-Xarı bülbül yenidən bitsin…. Son sözü “Vətən sağ olsun!” – olan qəhrəman QARDAŞIM, qanın Azərbaycan bayrağının qırmızı rənginə qarışıb, indi işğaldan azad etdiyin kəndlərimizdə, şəhərlərimizdə dalğalanır…
Sən canından can verdin… Vətən sənə heyran, vətən sənə minnətdar, Vətən sənsən! Ruhun şad olsun, ŞƏHİD QARDAŞIM!!!
 
Samir Əsədli
Bütöv yazını göstər
Back to top button
Close