Türkiyə-Ermənistan münasibətləri əvvəl-axır normallaşacaq

Proses Azərbaycanın maraqlarına tam uyğundur və Qarabağ müzakirələrində Türkiyə Ermənistana daha səmərəli təzyiq etmək imkanı qazanacaq
 
  Türkiyə Xarici İşlər Nazirliyinə istinadən yayılan məlumata görə, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüş sentyabrda keçiriləcək. Lakin Ermənistan tərəfi bunu təkzib edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Unanyan deyib ki, hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin yeni görüşü ilə bağlı razılıq yoxdur: “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün xüsusi nümayəndələrin görüşləri barədə ictimaiyyəti vaxtında və qabaqcadan məlumatlandırırıq”. 
 
  Qeyd edək ki, bu günə qədər Ankaranın təmsilçisi səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan 4 dəfə görüş keçirib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Türkiyə və Ermənistan arasında münasibətlər əvvəl-axır normal qonşuluq münasibətlərinə çevrilməlidir. Lakin partiya rəsmisi vurğulayıb ki, İrəvanın sərsəm iddialarının aradan qalxması, Azərbaycanla münasibətlərin qaydaya salınması vacibdir:
 “Ermənistana gəlincə, son dönəmlərdə onunla münasibətlərdə “normallaşma” ifadəsi tez-tez işlədilsə də, önəmli problemlər hələ də qalmaqdadır. Ermənistanın 1990-cı il avqustun 23-də qəbul etdiyi Müstəqillik aktında Türkiyənin ərazi bütövlüyünə zidd ifadələr yer alıb. Hələ də qondarma “erməni soyqırımı”ndan bəhs olunur. Azərbaycan torpaqlarına iddialar davam edir. Erməni diasporunun türk dünyasına qarşı fəaliyyəti, Ermənistanın PKK-PYD-YPG kimi terror təşkilatlarına dəstəyi münasibətlərin normallaşmasına mane olan amillərdəndir. Türkiyəli diplomatların ASALA terrorçuları tərəfindən qətlə yetirilməsi, Azərbaycan türklərinə qarşı həyata keçirilmiş Xocalı soyqırımı, Ermənistanda Tələt Paşa üçün təhqir sayılacaq heykəlin mövcudluğunu da bu sıraya əlavə etmək olar. Azərbaycanın maraqlarının tam təmin olunacağı anlaşma imzalanmadan tələsməyə dəyməz”.
 
  Ekspert bildirib ki, Türkiyə Ermənistanla əlaqələrin normallaşdırılmasına 2009-cu ildə edilmiş cəhd zamanı Azərbaycanla münasibətlərdə yaranmış problemlərin təkrarlanmaması üçün tələsik addımlar atmamalıdır:
 “Diqqətli olmalıyıq. Bu vacib dönəmi Azərbaycanla davamlı məsləhətləşmələr aparmaqla keçirməlidir. Kasıb erməni əhalisinin dolanışıq üçün Türkiyəyə üz tutması halında Ermənistanda xalqın dəstəyini almaq istəyən siyasi qüvvələr mütləq bu faktı nəzərə almalı olacaqlar. Bu yolla da Türkiyə ilə münasibətlərin qorunması xalqın istəyi, tələbi olaraq Ermənistan siyasətində bir faktora çevriləcək. Bu da Azərbaycanın maraqlarına tam uyğundur və Qarabağ müzakirələrində Türkiyə Ermənistana daha səmərəli təzyiq etmək imkanı qazanacaq”.
Bütöv yazını göstər
Back to top button
Close