“Tariximizdən bixəbər mütəxəssis milli dövlətçiliyimizə xidmət edə bilməz”

Ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin saatının azaldılması tarixçi alimlərin etirazına səbəb olub. Belə ki, bir qrup tarixçisi Təhsil Nazirliyinə müraciət ünvanlayaraq bu qurumun ali məktəblərdə “Azərbaycan tarixi” dərslərinin ixtisar edilməsinə yönəlmiş siyasətini yenidən nəzərdən keçirməsini tələb edib.
Dominant.az-a məsələylə bağlı danışan Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, ali məktəblərin tədris proqramında Azərbaycan tarixinə münasibət təəssüf doğurur: “Azərbaycan tarixinin sovet dönəmindən qalan problemləri, yanlış yanaşmalar, düzgün olmayan qarşıdurmalar tam aradan qalxmadan ali təhsil müəssisələrində “Azərbaycan tarixi” fənninin tədrisinin azaldılması başqa bir problem yaradır. Unutmayaq ki, istənilən sahə üzrə yetişdirilən mütəxəssis, ilk növbədə, bu millətə bağlılığı ilə faydalı ola bilər. Spartakı sevib Babəki bilməyən, Eynşteyndən danışıb Tusini tanımayan, Bethoveni dinləyib Üzeyir bəyi duymayan ən mükəmməl mütəxəssis belə, milli dövlətçiliyə xidmət edə bilməz”.
“Ali məktəblərdə “Azərbaycan tarixi”nin “Müasir Azərbaycan dövlətçiliyi tarixi” kursu ilə əvəz edilməsi xüsusilə yanlışdır. Bu, təhsilin siyasiləşdirilməsi, kadrların milliləşdirilməsindən daha çox qrup siyasi maraqları yönündə yetişdirilməsini göstərir”, – deyə S.Əsədli vurğulayıb.
Qeyd edək ki, 2020-2021-ci illər üçün tədris planında “Azərbaycan tarixi” fənninin dərs saatlarının Tarix fakültələrində 315 saatdan 210 saata, qeyri-tarix fakültələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur.
Bütöv yazını göstər
Back to top button
Close