“Şuşa əhalisi quruculuq işlərinə cəlb edilməlidir”- Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı: “Prosesi daha da sürətləndirmək üçün əhaliyə müraciət etmək olar”

Şuşa işğaldan azad edildikdən sonra bu şəhərdə bərpa və yenidənqurma işləri sahəsində mühüm addımlar atılır, bir çox əhəmiyyətli layihələr gerçəkləşdirilir. Bununla belə, “Şuşa əhalisi Qalaya necə qayıdacaq?” deyə suallar da verilir. Bununla bağlı plan-layihə varmı? Bəs fərdi yaşayış evlərinin taleyi necə olacaq, onları da dövlət bərpa edəcək?

Millət vəkili Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Şuşaya tez-tez səfər edirəm. Həm poeziya günlərində, həm Milli Məclisin siyasi partiyaları ilə bir yerdə, həm Türkiyə, Gürcüstan və Azərbaycan parlamentlərinin beynəlxalq əlaqələr komitələrinin birgə yığıncağının keçirilməsi ilə bağlı səfərlərimiz olub. Şuşaya hər dəfə gedəndə dəyişiklikləri görürəm. Şuşada quruculuq işləri başlayıb. 30 ildə orada ermənilər hay-küylərinə baxmayaraq heç bir iş görməyiblər. Əksinə, nə var idisə, onları dağıtmaqla məşğul olublar. Şuşada yolun çəkilişi, orada minaların təmizlənməsi, o yolların təhlükəsizliyinin qorunması, əlbəttə, böyük vaxt tələb edən bir işdir. Şuşaya gedən Zəfər yolu çox çətin  yerdə yerləşir, meşələr, dərələr, sərt yoxuşlar oradan keçir. Amma nəticədə son dərəcə gözəl yol çəkildi.

Bunlar hamısı görülən işlərdir. Bunlar olmadan Şuşada məskunlaşmaqdan danışmağa dəyməzdi. İndi Şuşada bir neçə muzey açılıb, hotellər fəaliyyət göstərir, hər gün adamlar gəlib-gedir. Şuşa Şəhər İcra Hakimiyyətinin binası tikilir. Orada bir neçə böyük müəssisənin təməli qoyulub. Bülbülün ev muzeyi bərpa olunub. Bir sözlə, abadlıq işləri sürətlənir. Bu prosesi daha da sürətləndirmək üçün Şuşa əhalisinə müraciət etmək olar. Onların öz mülklərinə baxması, hansının imkanı varsa, bərpa işində iştirak etməsi, evini bərpa etməsi lazımdır. Onlar yenidən qurmaq işində iştirak edərlərsə, bu, dövlətə ciddi yardım olar. Bu iş sürətlənər. Hesab edirəm ki, müəyyən müddətdən sonra Şuşa əhalisi quruculuq işinə cəlb edilməlidir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bütöv yazını göstər
Back to top button
Close