“Sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək, sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Qarabağda mümkün minalanmış ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. XİN rəhbəri minalarla bağlı yeni məlumatların Azərbaycana ötürüləcəyini istisna etməyib. O xatırladıb ki, İrəvan iki dəfə mina sahələrinin xəritələrini Azərbaycan tərəfinə ötürüb. Xatırladaq ki, bundan öncə Ermənistan tərəfi minalanmış əraziləri əks etdirən xəritələri Azərbaycana versə də, onların sadəcə 20-25 faizi doğru çıxıb. Mirzoyan Bakı və İrəvan arasında birbaşa əlaqənin olduğunu deyib: “Birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur”. O, Xarici İşlər Nazirliyinin xətti ilə sülh sazişi ilə bağlı təkliflərin mübadiləsinin aparıldığını, yanvarın əvvəlində İrəvanın yeddinci təkliflər paketini Bakıya təqdim etdiyini deyib. Mirzoyan qeyd edib ki, İrəvan üçün önəm daşıyan məqam vasitəçilərin olması deyil, danışıqların məzmunudur. Nazir 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, Ermənistan Xarici İşlər Nazirliyi Bakıdan sərhəddə görüş təklifi almayıb, lakin belə bir təşəbbüs barədə eşidib: “Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə isə razılıq əldə olunub”.
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Sherg.az”a açıqlamasında bildirib ki, Ermənistan tərəfi Qarabağ məsələsinin tam nizamlanmasında, minalanmış ərazilərlə bağlı xəritələrin Azərbaycana verilməsində və sülh müqaviləsinin tam şəkildə bağlanmasında maraqlı və səmimi olmayıb. Ekspert diqqətə çatdırıb ki, Ermənistan beynəlxalq təşkilatlarda, bir sıra dövlətlərdə özünü hər zaman “yazıq, əzilən” obrazda təqdim edərək məqsədlərinə nail olmağa çalışıb:
“Avropa İttifaqında, AŞ PA-da baş verənlər də bunun təzahürüdür. Əgər Ermənistan tərəfi Azərbaycanla sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olsaydı, dəqiq mina xəritələrini Bakıya vermək istəsəydi, bunu edərdi. Azərbaycan BMT tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib və heç bir dövlətin ərazisini işğal etməyib. Ermənistan öz davranışlarında qeyri-səmimidir. Bu ölkənin heç bir qonşusu ilə normal münasibəti yoxdur. Bütün qonşulara qarşı ərazi iddiaları var. O baxımdan İrəvandan verilən açıqlamalara etibar edilmir. Müəyyən addımlarına səmimi görüntü verməyə çalışsalar da, reallıqda erməni xislətinə uyğun davranırlar. Ermənistan rəsmiləri müxtəlif tribunalarda açıqlama verməkdənsə, mina xəritələrini real formada Azərbaycana versinlər”.
  S.Əsədli vurğulayıb ki, sülh müqaviləsinin imzalanması bölgəyə yeni nəfəs, inkişaf gətirəcək: “Sərhədlərin açılmasına, iqtisadi əlaqələrin qurulmasına imkan verəcək. Çünki işğal və təcavüz siyasətinin heç bir nəticəsi yoxdur və olmayacaq. İrəvan bunu nəhayət dərk etməlidir ki, sülhdən başqa yol yoxdur. Azərbaycan öz sərhədləri çərçivəsində suverenliyini qorumaqda maraqlıdır”.
Bütöv yazını göstər
Back to top button
Close