Siyasi partiyaların qurultay hazırlığı – “Karantin bitən kimi…” – SORĞU

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiq edilməsi bütün sahələrə olduğu kimi siyasi həyata da təsirsiz ötüşmədi. Bir çox siyasi təşkilatlar, partiyalar onlayn iş prinsipini önə çəkməklə bərabər, bəzi əhəmiyyətli tədbirlərin həyata keçirilməsini də ertələdilər. Bunun nəticəsidir ki, koronavirus təhlükəsinin sovuşmasını, karantin rejiminin bitməsini gözləyən bir çox siyasi təşkilatlar qurultay keçirməyə hazırlaşırlar.

Bu barədə Modern.az-a danışan partiya rəsmiləri artıq hazırlıq işlərinin həyata keçirildiyini qeyd ediblər.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, bu il VHP də qurultay keçirməyi planlayırdı:

“Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları keçiriləcək. Bu işlər başa çatdıqdan sonra qurultayın vaxtı elan ediləcək”.

Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərlinin sözlərinə görə, qurultayla bağlı bütün hazırlıq işlərinin tamamlanıb, partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət hazırdır:

“Karantin rejiminin aradan qaldırılmasından sonra biz qurultayımızı keçirib, sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

“Ümid” Partiyasını da qarşıda qurultay gözləyir. Bu barədə məlumatı partiyanın sədr müavini Tamilla Qulami təsdiqləyib:

“Yaxın zamanlarda bəzi rayon təşkilatlarında konfransın keçirilməsi, təşkilatlanmanın yekunlaşması ilə qurultayımızın reallaşması da mümkün olacaq. Partiyamızın elektron saytı yeniləndikdən, vətəndaşların istifadəsinə verildikdən sonra yüzlərlə onlayn üzvümüz oldu. Yaxın zamanlarda isə qurultayımız haqqında ictimaiyyətə məlumat verəcəyik”.

Aysel Aslan

modern.az

 

Bütöv yazını göstər
Back to top button
Close