Siyasi məhbus olan ata-oğul: Təbrizin mərkəzi həbsxanasına aparılıb
Birlikdə 12 ay həbs cəzasına məhkum edilən güney azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadə və oğlu Milad İsmayılzadə dünən Təbriz məhkəməsinin hökmləri icra edən şöbəsinə getdikdən sonra saxlanılıblar.
DAK İdarə Heyətinin üzvü Ağrı Qaradağlının dak.az-a verdiyi məlumata görə, İran həbsxanalarında koronavirusun geniş yayılmasına baxmayaraq milli fəallar iyunun 6-də Təbriz Mərkəzi Zindanına aparılıblar.
Təbrizin Apelyasiya Məhkəməsinin 3-cü şöbəsi milli fəalların həbs cəzasını təsdiq edib. Daha öncə Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi “Sepah”ın təhlükəsizlik bölümünün raportunu əsas götürərək fəalların hər birini 6 ay azadlıqdan məhrum edib.
Ata və oğul “bölücülüyü əks etdirən vərəqələr paylamaqla sistemin əleyhinə təbliğat aparmaq” və “Təbriz şəhərində kürd və erməni dillərində olan lövhələri yandırmaq”da ittiham olunublar. 2019-cu il mayın 29-da Təbrizdə öz iş yerlərində “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılan ata və oğul 50 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılmışdı.